AZ

DİN-də 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib 

Daxili İşlər Nazirliyində (DİN) 27 Sentyabr – Anım Gününün beşinci ildönümünə həsr olunmuş mərasim təşkil edilib.

Bu barədə AZƏRTAC-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Vətən müharibəsində iştirak etmiş DİN-in hərbi qulluqçuları və polis əməkdaşları iştirak ediblər. Əvvəlcə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən daxili işlər nazirinin müavini polis general-leytenantı İsmət Əliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin vahid komandanlığı altında dəmir yumruq kimi birləşən silahlı qüvvələrimizin, o cümlədən DİN-in hərbi qulluqçularının və polis əməkdaşlarının Vətən müharibəsində yüksək peşəkarlıq və qəhrəmanlıq nümunələri göstərdiklərini vurğulayıb.

Nazir müavini işğaldan azad edilən ərazilərdə ictimai təhlükəsizliyin təmin olunması, “Böyük Qayıdış”ın daha tez reallaşması üçün DİN-in hərbi qulluqçularının və polis əməkdaşlarının xidməti vəzifələrini böyük qürur hissi ilə davam etdirdiklərini məmnunluqla vurğulayıb.

DİN-in Daxili Qoşunlar Komandanının müavini - Şəxsi Heyət üzrə İdarənin rəisi general-mayor İnqilab Muradov Vətən müharibəsində nazirliyin hərbi qulluqçularının və polis əməkdaşlarının keçdiyi şərəfli döyüş yolundan danışıb.

Daha sonra çıxış edənlər ölkə başçısının xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş hərbi qulluqçuların və polis əməkdaşlarının bilik və bacarıqlarını, peşəkarlıqlarını artırmaqla onlara göstərilən bu etimadı doğrultmaq üçün səylərini bundan sonra da əsirgəməyəcəklərini vurğulayıblar.

Tədbirin sonunda Vətən müharibəsində igid oğullarımızın qəhrəmanlıqlarını özündə əks etdirən sənədli film nümayiş olunub.

Seçilən
10
12
azerbaijan-news.az

10Mənbələr