AZ

“Azərbaycan 44 günlük Vətən müharibəsi ilə hərb tarixində yeni səhifə açdı”- Millət vəkili

“5 il əvvəl Ermənistanın separatçı davranışları müharibəni qaçılmaz etdi. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoydu. Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 286 kənd, xeyli sayda strateji yüksəklik işğaldan azad olundu. Ermənistan məhz Azərbaycanın şərtləri əsasında noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Beləliklə, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə, bir güllə atmadan, şəhid vermədən qaytarılması siyasi-diplomatik uğur idi”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O bildirib ki, 44 günlük müharibə Azərbaycanın gücünü göstərdi:

“Bu müharibə, ilk növbədə, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, siyasi müdrikliyinin və uzaqgörənliyinin təcəssümü kimi tarixə düşdü. Müharibə dövründə Azərbaycan xalqı Ordumuzun arxasında möhkəm dayanaraq ordumuza əlavə güc verirdi. Müzəffər Ali Baş Komandanın bəyan etdiyi kimi, biz XXI əsrin müharibəsini aparmışıq və dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlar, bizim uğurlarımız, Qələbəmiz öyrənilir. Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq.

Otuz ilə yaxın davam edən işğal siyasəti ilə Azərbaycan təkbaşına mübarizə aparırdı. Təəssüf ki, özünü “müxalifət” adlandıran bəzi mərkli dairələr cəmiyyəti uzun müddət davam edən sülh danışıqlarının guya təslimçi sülhlə nəticələnəcəyinə inandırmağa çalışır, insanların beyinlərini zəhərləməyə can atırdılar. Əslində bu illər ərzində Azərbaycan Prezidenti həm Ermənistanın işğal siyasəti, həm də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişəni süni şəkildə dondurmaq cəhdləri, işğal və etnik təmizləmə siyasətinin davam etdirilməsi istiqamətində səylərilə mübarizə aparırdı. Cənab Ali Baş Komandan hər zaman bəyan edirdi ki, biz işğalla barışmayacağıq və tarixi torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. 44 günlük savaş zamanı Prezident İlham Əliyev həm Müzəffər Ali Baş komandan, həm də mahir müdrik siyasətçi kimi öz qətiyyətini nümayiş etdirdi. Ərazi bütövlüyümüzün təmin olunması uğrunda 3 minə yaxın hərbçimiz şəhidlik zirvəsinə ucaldı. Prezident İlham Əliyevin sərəncamı ilə Vətən müharibəsinin başladığı günün – sentyabr ayının 27-nin Anım Günü kimi qeyd olunması torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın göstəricisidir.
44 günlük Vətən müharibəsindən ötən 5 il ərzində Azərbaycan çoxsaylı uğurlar qazandı. Bir çox strateji yüksəkliklər Azərbaycanın nəzarətinə keçdi. 2023-cü il aprelin 23-də isə Laçın istiqamətində Ermənistanla sərhəddə sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etdik. Böyük Qələbəmizin məntiqi sonluğu isə 2 il əvvəl – 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı oldu. Cəmi 23 saat davam edən əməliyyatlar zamanı Azərbaycan ərazilərində qanunsuz məskunlaşmış separatçı rejim ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Azərbaycan öz suverenliyini bərpa etdi və tarixi torpaqlarımızda separatizmin kökü kəsildi”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın böyük zəfəri bütövlükdə regionu böyük fəlakətlərdən xilas etdi:

“Müzəffər Ali Baş Komandanın BMT Baş Asambleyasınn tribunasından bəyn etdiyi kimi “əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur.” Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən 3000-dən çox qəhrəmanımızın şəhadət zirvəsinə ucalması, 90 mindən çox gənc azərbaycanlının bu əməliyyatlarda iştirakı xalqımızın, xüsusilə də gənc nəslin vətənpərvərlik ruhunun göstəricisidir. Dövlət başçımızın da söylədiyi kimi, onlar üçün Vətən torpaqlarını azad etmək ən şərəfli missiya olmuşdur.

Postmünaqişə dövründə Azərbaycanın mövqeləri daha da güclənib. İşğaldan azad etdiyimiz ərazilərin bərpası, yenidən qurulması, Böyük qayıdış konsepsiyası uğurla icra olunmaqdadır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən hər bir layihə qələbəmizin rəmzidir. Azərbaycan bu illər ərzində sülh gündəliyinin də müəllifi kimi tarix yazdı. Belə ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazinin mətnin paraflanması qalib ölkə kimi Azərbaycanın növbəti üstünlüyüdür”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
10
2
editor.az

10Mənbələr