Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Zərdab rayonunda hamilə qadının xəstəxananın həyətində doğuş etməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Hadisə ilə bağlı Manset.az Zərdab Rayon Mərkəzi Xəstəxanasına sorğu ünvanlayıb. Xəstəxanadan verilən məlumatda bildirilib ki, dünyaya gələn uşağın cinsiyyəti oğlandır.
“Səhər 10:30 radələrində 2001-ci il təvəllüdlü hamilə doğuş sancıları ilə əlaqədar Zərdab Rayon Mərkəzi Xəstəxanasının Doğum evinə müraciət edib. Doğuş prosesi yolda olarkən anidən başladığından proses Doğum şöbəsinin həkim heyəti tərəfindən tibb müəssisəsinin həyətində tamamlanıb.
Qadının 4-cü hamiləliyindən boyu 46 sm., çəkisi 2 kq. 300 qram oğlan övladı dünyaya gəlib. Tibb müəssisəsinin Doğuş şöbəsində yerləşdirilən zahı qadına və körpəsinə zəruri tibbi xidmətlər göstərilib. Zahı qadından və körpədən lazımi laborator analizlər götürülüb, ultrasəs müayinəsinə (USM) cəlb olunub və hər ikisinin vəziyyəti nəzarətdə saxlanılır”.
Xəstəxanadan verilən məlumatda qeyd olunub ki, ana və körpənin müalicələri müvafiq şöbədə davam etdirilir, hər ikisinin vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Fidan Vəlisoy