AZ

Ermənistana dəstək verənlər, indi Prezident İlham Əliyevlə görüşmək üçün növbəyə dururlar

ain.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Azərbaycan yaratdığı yeni reallıqlar nəticəsində beynəlxalq münasibətlər sistemində yeni bir mərhələyə qədəm qoyub və bu reallıqlara uyğun olaraq da öz baxışlarını dünyaya təqdim etməkdədir.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, bununla da Azərbaycan yaratdığı reallıqlarla yeni qurulan dünya düzənindəki hədəflərinə nail olmaq üçün qarşısında duran çağırışlara uyğun siyasət yürütməkdədir: “Bu gün Azərbaycanın əldə etdiyi uğurlar, zəfərlər və qələbələr məhz cənab Prezident İlham Əliyevin müasir dövrün qlobal çağırışlarına zamanında çevik reaksiya verib, ona uyğun şəkildə yürütdüyü siyasət nəticəsində mümkün olub. Cənab Prezident İlham Əliyev bunu BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı daha dəqiqliklə ifadə edərək dedi: “Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam”.

Bəli, bu gün Azərbaycan artıq beynəlxalq tribunalardan işğala məruz qalmasından deyil, beynəlxalq hüquqa əsaslanan qlobal sülhə, təhlükəsizliyə və əməkdaşlığa nail olmaq üçün verə biləcəyi töhfələrdən danışır. Və cənab Prezidentin yeni reallıqlara uyğun qarşıda duran çağırışlarla bağlı irəli sürdüyü fikirlər beynəlxalq birlik tərəfindən çox müsbət qarşılanır.

Biz hətta bir zamanlar Ermənistanın işğalçılıq siyasətinə dəstək verib Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən güclərin, ölkələrin, beynəlxalq təşkilatların indi Prezident İlham Əliyevlə görüşmək üçün növbəyə durduqlarını, ölkəmizlə sıx əməkdaşlıq münasibətləri qurmağa cəhd etdiklərini görürük. Onlar cənab Prezidentin təşəbbüslərinin reallaşmasında iştirak etmək istədiklərini bəyan edirlər. Ölkə başçısının Nyu-Yorka son səfəri zamanı keçirdiyi sıx qrafikli görüşləri bunun göstəricisi idi.

Cənubi Qafqazda sülhün memarı və təhlükəsizliyinin təminatçısı rolunda çıxış edən Azərbaycan artıq Avrasiya məkanında təkcə coğrafi körpü deyil, həm də sıx əməkdaşlıq körpüsü rolunu oynamaqdadır. Azərbaycanın yürütdüyü bu strateji xətt dövlətlərin suverenliyinə hörmət, daxili işlərinə qarışmamaq, bərabərlik və əməkdaşlıq çağırışlarına əsaslanır.

Bunu da Azərbaycanın Avrasiya coğrafiyasında cızdığı enerji və logistika xəritəsindən sonra ədalətli və inklüziv beynəlxalq münasibətlər qurmaq üçün yeni bir yol xəritəsi hesab etmək olar. Yəni genişmiqyaslı kommunikasiya strategiyasına əsaslanan siyasət. Yürüdülən bu siyasət Cənubi Qafqazda dayanıqlı sülhün, iqtisadi inteqrasiyanın və qarşılıqlı etimadın formalaşmasına mühüm zəmin yaratmaqla yanaşı, daha geniş coğrafiyada sabitliyə, təhlükəsizliyə xidmət edən yeni əməkdaşlıq formatlarının formalaşmasına şərait yaradacaq.

Nəticədə Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin logistik mərkəzinə çevrilən Azərbaycan beynəlxalq münasibətlər sistemində yeni güc kimi ortaya çıxaraq daha ciddi aktor rolunu oynayacaq.

Yekun olaraq onu qeyd etmək olar ki, Azərbaycanın yaratdığı yeni reallıqlar qlobal miqyasda sülhün, təhlükəsizliyin təmin olunması və inkişafa xidmət edən, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq formatlarının yaranmasıdır. Əminəm və inanıram ki, çox yaxın gələcəkdə biz cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu diplomatiya nəticəsində buna da şahidlik edəcəyik”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
olke.az

2Mənbələr