AZ

"Neftçi"də ona qarşı kəskin etiraz dalğası böyüyür! - VİDEO

"Neftçi" klubu "Sumqayıt"la görüşün baş hakimi Elçin Məsiyevin idarəçiliyindən narazı qalıb.

"Ağ qaralar" növbəti dəfə etiraz videosu paylaşmaqla bunu açıq bildirib.

"VAR deyilən bir şey var…" başlıqlı paylaşımda söhbət qarşılaşmanın 65-ci dəqiqəsində Yankoviçin qonaqların oyunçusu Sessi D’Almeydaya qarşı cərimə meydançasında kobud oynadığı epizoddan gedir.

Həqiqətən də serbiyalının müdaxiləsi topa yox, rəqibə qarşı olur.

Hadisələrin yaxınlığında olan, hər şeyi aydın görə biləcək mövqe seçən Məsiyev heç nə olmayıbmış kimi oyuna davam edir.

Belədə paytaxt klubu niyə susmalıdır? Haqqı olanı tələb etmək doğal haqqıdır. Amma nə vaxta qədər?

Paytaxt klubu daha əvvəl 3-cü turda "Turan Tovuz"la görüşün baş hakimi Əliyar Ağayevdən, 4-cü turda isə "Sabah"la qarşılaşmanın referisi İnqilab Məmmədovdan şikayətçi qalmışdı.

Qısası, hakimlər səhv qərarlar verməyə, "Neftçi" isə şikayəti əks olunan videoları yayımlamağa davam edir.

Belə uzun müddət davam edə bilməz. Bunun bir sonu olmalıdır. AFFA Hakimlər Komitəsi gözünü yaxşı açıb, yaşananlardan dərs çıxarmalıdır.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
9
sportinfo.az

1Mənbələr