Sosial Tədqiqatlar Mərkəzində “Müasir Azərbaycan ictimai fikrinin istiqamətləri, problemləri və tendensiyaları” mövzusunda müzakirələr keçirilib.
Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya departamentinin müdiri Əziz Əlibəylinin giriş sözü ilə açdığı təqdimatda Azərbaycanın müasir ictimai fikir mühitində aktuallıq kəsb edən mövzular müzakirə olunub və türkoloq alim Faiq Ələkbərlinin üçcildlik “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi. XIX-XX əsrlər” kitabının təqdimatı keçirilib.
Təqdimatda iştirak edən millət vəkilləri, alimlər, ictimai xadimlər və media nümayəndələri müasir Azərbaycan ictimai fikrinin inkişaf perspektivləri, çağırışlar və gələcək istiqamətlər barədə fikir mübadiləsi aparıblar. Dövlət xadimi və diplomat Həsən Həsənov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru İlham Məmmədzadə, xalq şairi Sabir Rüstəmxanlı, millət vəkilləri Hikmət Babaoğlu, Ceyhun Məmmədov, Elnarə Akimova və Sevinc Hüseynova, eləcə də BDU və digər akademik qurumların nümayəndələri çıxış edərək kitabın Azərbaycan fəlsəfəsi, mədəniyyəti və Türk dünyası ilə əlaqələri baxımından əhəmiyyətini vurğulayıblar.
Kitabın elmi redaktoru Rafail Əhmədli və digər ekspertlər əsərin ensiklopedik dəyərini, Azərbaycan Türk mütəfəkkirlərinin təqdimatındakı tamlığı və yeni elmi yanaşmalarını qeyd ediblər. Faiq Ələkbərli çıxışında əsərin məqsədinin Azərbaycanlıq və Türklük arasında tarixi və fəlsəfi bağlılığı göstərmək olduğunu ifadə edib.
AMEA, BDU, AƏSMA və müxtəlif universitetlərin nümayəndələri, tələbələr və jurnalistlər iştirak etdiyi toplantı həm Azərbaycan fəlsəfəsi və Türk düşüncə tarixinin təbliği, həm də milli ideya və identitetin gücləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.
XQ