AZ

"İngiltərədə belə epizodlarda dərhal qırmızı vərəqə vermirlər" - Kaxaber Sxadadze

"Qəbələ" Misli premyer-liqasının 6-cı tur matçında "Qarabağ"ın meydanından məğlub ayrıldı - 0:2.

"Football-plus.az" xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Sxadadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- "Qarabağ"ı qələbə münasibətilə təbrik edirəm. Futbolçularıma minnətdarlığımı bildirirəm. Mübariz oyun göstərdilər. Bu vaxta qədər deyirdilər ki, "Qəbələ"nin hücum xətti yaxşıdı, ancaq müdafiədə problemlər var. Bu oyun göstərdi ki, komandamız müdafiə olunmağı da bacarır. "Qarabağ" kimi rəqibə qarşı 90 dəqiqə azlıqda oynasaq da, taktiki baxımdan çox düzgün çıxış etdik. "Qarabağ"ın Çempionlar Liqasında vacib oyunu var. Onlara uğurlar arzulayıram... Vacib məqamı qeyd edim. Bu gün daha bir futbolçumuz - Qədir Ramazanov premyer-liqada debüt etdi. Bu mövsüm debüt edən yerli oyunçuların sayı 5-ə çatdı.

- Yeni qapıçı transferi ilə bağlı yenilik var?
- Hələ bir şey yoxdu. Bir qapıçı gözləyirdik. Onun da başına gələnləri bilirsiz (gülür). Ukraynada orduya apardılar.

- Prins Ovusuya qırmızı vərəqəyə görə irad bildirəcəksiz?
- Əlbəttə, yox. Prins hələ gəncdi. Özünü çox pis hiss edir. Paltardəyişmə otağında ağlayırdı. Onu çətinliklə sakitləşdirdik. Həmin epizodda qəsdən qatda pozuntusu yox idi. Sürüşdü və bilmədən qaydanı pozdu. "Qarabağ"ın özü üçün də yaxşı olardı ki, vacib oyundan öncə 11 nəfərə qarşı oynasın. İngiltərədə belə epizodlarda dərhal qırmızı vərəqə vermirlər. Matçın əvvəlində verilən bu cür "qırmızı"nı şərh vermək çətindi.

- "Qəbələ"dən bu mövsüm hansı nəticəni gözləyək?
- Hər oyunda döyüşəcəyik. Məqsəd premyer-liqadakı yerimizi qorumaqdı. İnanıram ki, bunun öhdəsindən gələcəyik.

- "Araz-Naxçıvan" azlıqda qalandan sonra "Qarabağ"dan 5 qol buraxdı. Sizin komandanız isə sona qədər mübarizə apardı. Maraqlıdı, matçdan əvvəl məşqçilərin qırmızı vərəqə ilə bağlı planları olur?
- 1-ci dəqiqə üçün yox (gülür). Hücumçu qırmızı vərəqə alanda oyunu qurmaq asan olur. Müdafiəçi meydanı tərk edirsə, gərək dəyişiklik edəsən. Belə olanda iş çətinləşir. "Qırmızı"dan sonra 5-3-1 sistemi ilə oynamağa başladıq. Bir daha vurğulayıram: futbolçularıma təşəkkür edirəm. "Qarabağ" fərqli səviyyədə olan komandadı. Belə rəqibə qarşı özümüzü yaxşı tərəfdən göstərdik.

KƏNAN BAHADIR

Seçilən
6
8
football-plus.az

10Mənbələr