Serbiyanın “Yugoimport” şirkəti Belqradda keçirilən “Partner 2025” beynəlxalq müdafiə sərgisində ən yeni nəsil özüyeriyən artilleriya sistemi Nora-B52 NG-ni təqdim edib.
Publika.az Musavat.com-a istinadla xəbər verir ki, tədbir çərçivəsində təqdim olunan bu sistemin Azərbaycan Ordusu üçün nəzərdə tutulduğu bildirilir.
Məlumata görə, Azərbaycan 2024-cü ilin əvvəlində 48 ədəd Nora-B52 NG artilleriya sistemi üçün sifariş verib. Təchizatlar hazırda davam edən sınaq və sertifikatlaşdırma mərhələlərinin tamamlanmasından sonra 2025-ci ilin sonuna qədər planlaşdırılır.
Yeni artilleriya sistemi yüksək texniki göstəriciləri və müasir döyüş meydanına uyğun imkanları ilə seçilir. Nora-B52 NG Çexiya istehsalı olan Tatra Force 8×8 şassisində yerləşdirilib və bu da ona çətin relyef və yol şəraitində yüksək keçid qabiliyyəti qazandırır. Qurğunun atəş məsafəsi adi mərmi ilə 40 km, aktiv-reaktiv sursatla isə 52 km-ə qədərdir. Sistem dəqiqədə 6 atəş tempinə malikdir.
Avtomatlaşdırma səviyyəsinin artırılması sayəsində artilleriya qurğusunun idarə heyəti cəmi 3 nəfərdən ibarətdir. Yükləmə, nişanlama və atəş əməliyyatlarının əhəmiyyətli hissəsi avtomatik rejimdə həyata keçirilir ki, bu da həm döyüş şəraitində sürəti artırır, həm də insan faktorunun təsirini minimuma endirir.