AZ

Sərxoş halda qadının evinə hücum çəkdi, şişlə ona ağır xəsarətlər yetirdi

Şərur rayonunda qadına qarşı zorakılıq hadisəsi baş verib.

Far.Az-in məlumatına görə, hadisə 16 yanvar 2024-cü ildə Şərur rayonunun Çərçiboğan kəndində qeydə alınıb.

Məhkəmə istintaqı müəyyən edib ki, təqsirləndirilən Şamxal Həsənov (ad və soyad şərtidir) "Karvan" restoranında 8 stəkan pivə içdikdən sonra xuliqanlıq niyyəti ilə qonşusu Sahilə Məmmədovanın (zərərçəkmiş) evinə daxil olub. O, zərərçəkmişi divara sıxışdıraraq baş nahiyəsinə yumruq zərbələri vurub, zərərçəkmişin qızı Gülsümün (şahid) müdaxiləsindən sonra odun parçası ilə hücum edib.

Zərərçəkmiş qonşusu Elnarənin (şahid) evinə qaçsa da, təqsirləndirilən şəxs arxasınca gedərək kabab şişi ilə baş və üz nahiyəsinə zərbələr vurub. Nəticədə zərərçəkmiş politravma, baş-beyin silkələnməsi, göz hematomaları, burun və almacıq sümüklərinin sınıqları kimi həyat üçün təhlükəli ağır xəsarətlər alıb.

Məhkəmə iclasında təqsirləndirilən şəxs ittihamı tam qəbul edib, lakin hadisəni xatırlamadığını, sərxoş olduğunu və narkotik keçmişi olduğunu bildirib. O, Türkiyədə narkotik istifadəsi və oğurluqdan məhkum olunub, deportasiya edilib, lakin bu hökm Azərbaycanda tanınmayıb.

Təqsirləndirilən şəxs peşmanlığını bildirib və zərərçəkmişi bağışlamağını xahiş edib. Zərərçəkmiş isə bağışlamadığını, təqsirləndirilən şəxsin həbs olunmasını tələb edib.

Şahidlərin ifadələri, tibbi ekspertiza (politravma təsdiqi) və məhkəmə-ballistik ekspertiza (şişin qan izləri) təqsirləndirilən şəxsin əməlini təsdiqləyib. Yüngülləşdirən hallar kimi etiraf və peşmanlıq, ağırlaşdıran hallar isə müəyyən edilməyib.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsi 1995-ci il təvəllüdlü, Şərur rayon sakini Şamxal Həsənovu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) ilə təqsirli bilib və 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.

Seçilən
3
1
far.az

2Mənbələr