AZ

Azərbaycandan Gürcüstana 200 kiloqram heorin keçirildi – İran vətəndaşı saxlanıldı

TBİLİSİ, 27 sentyabr. TELEQRAF

Gürcüstanda xüsusilə külli miqdarda narkotik vasitə – 200 kiloqram heroin müsadirə olunub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze brifinqdə bildirib.

Narkotik vasitə İran vətəndaşı 1989-cu il təvəllüdlü şəxsin idarə etdiyi balıq yemi ilə yüklənmiş yük maşınının yük yerində gizlədilmiş 8 çantada aşkarlanıb.

Əldə edilən sübutlar təsdiqləyir ki, qeyd olunan avtomobil İrandan Azərbaycan ərazisi vasitəsilə Gürcüstana “Qırmızı körpü” sərhəd-keçid məntəqəsindən daxil olub.

Müsadirə edilmiş narkotik vasitəsinin “qara bazar”da dəyəri 50 milyon dolları ötür.

A.Daraxvelidze deyib ki, cinayətdə əli olduğu ehtimal edilən digər şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində müvafiq istintaq hərəkətləri davam etdiriləcək.

Törədilmiş cinayət əməlinə görə 20 ilədək və yaxud ömürlük həbs cəzası nəzərdə tutulur.

Seçilən
9
teleqraf.com

1Mənbələr