AZ

Universitetlərlə valideynləri üz-üzə qoyan problem: Necə həll olunmalıdır?

“Oğlum Qərbi Kaspi Universitetinin ikinci kursunda ödənişli əsaslarla təhsil alır. Qəbul olan il 2500 AZN olan təhsil haqqını birdəfəlik köçürdük. O vaxt bildirildi ki, növbəti ildən ödənişi iki semestr ərzində və ya hissə-hissə ödəyə bilərsiniz. Amma bu günlərdə oğlumun telefonuna universitetdən gələn “sentyabrın 15-ə qədər təhsil haqqının hamısını ödəməlisiniz” xəbərdarlığı bizi çətin vəziyyətə salıb. Universitetlə əlaqə saxlayıb narazılığımızı bildirdik. Dedilər ki, güzəşt yalnız şəhid ailələrinə, veteranlara, qazilərə olunur, qalan tələbələr ödənişi birdəfəlik köçürməlidir”.

Redaksiyamıza daxil olan müraciətlə bağlı sözügedən ali məktəbin fakültə üzrə dekanı ilə əlaqə saxladıq. O da bu ildən belə bir qərar qəbul olunduğunu təsdiqlədi.

Ali təhsil ocaqlarının ödənişli əsaslarla oxuyan tələbələrə münasibətində yaranan bu dəyişikliyin səbəbi həqiqətən ziddiyyətlidir.

Daxili qaydalarla tənzimlənən məsələ

Elm və Təhsil Nazirliyindən bildirildi ki, Nazirliyin Kollegiyasının 2 sentyabr 2016-cı il tarixli 3-1/1 nömrəli qərarına əsasən, ali təhsil müəssisələrinə ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqlarını təhsil aldıqları müddətdə yarımilliklər üzrə ödəmələrinə şərait yaratmaları tövsiyə edilib: “Eyni zamanda bildiririk ki, təhsil haqqının ödənilmə forması, müddəti və mərhələləri hər bir ali təhsil müəssisəsinin müəyyən etdiyi daxili qaydalarla tənzimlənir. Güzəştlərin tətbiqi də həmin ali təhsil müəssisələrinin səlahiyyətindədir və onlar tərəfindən qəbul edilmiş qərarlara uyğun olaraq həyata keçirilir”.

“Sosial çətinliyi olan ailələri nəzərə almaq lazımdır”

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimovanın fikrincə, təhsil haqqının birdəfəlik ödənilməsi bəzi ailələr üçün ağır olur: “Əlbəttə, ödənişin yarımillik, hətta rüblük bölünməsi daha çevik yanaşmadır və sosial ədalət baxımından da uyğundur”. Millət vəkili bildirdi ki, bəzi özəl universitetlər maliyyə sabitliyi üçün daha çox birdəfəlik ödənişi üstün tuturlar: “Onların büdcə planlamasında bu, rahatlıq yaradır. Amma sosial çətinliyi olan ailələri nəzərə almaq lazımdır. Elm və Təhsil Nazirliyinin ödənişlərin hissə-hissə ödənilməsi ilə bağlı tövsiyəsi əslində tələbə hüquqlarının qorunmasına yönəlib. Lakin bu tövsiyə məcburi xarakter daşımadığından bəzi özəl universitetlər istədikləri qaydanı tətbiq edirlər”. E.Akimovanın fikrincə, yaxşı olar ki, qaydalar tədris ili başlamazdan əvvəl müqavilədə aydın şəkildə göstərilsin və sonradan dəyişdirilməsin: “Ailələrin ödəmə qabiliyyəti nəzərə alınmalı, təhsil haqqı ödəmələrinin bölünməsi daha çox yayğın olmalıdır. Bu işdə məncə, xüsusi dövlət nəzarəti olmalıdır. Yəni nazirliyin tövsiyəsi tövsiyə olaraq deyil, hüquqi norma kimi tətbiq olunsa, tələbələrin sosial müdafiəsi daha güclü olar”.

Seçilən
237
8
publika.az

10Mənbələr