İrandan Gürcüstana keçən avtomobildən 200 kiloqram heroin müsadirə edilib.
KONKRET.az report-a istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisi və Patrul Polisi Departamentlərinin əməkdaşları, Maliyyə Nazirliyinin İstintaq Xidməti və Gəlirlər Xidmətinin Gömrük Departamenti ilə birlikdə xüsusilə külli miqdarda – 200 kiloqram heroini müsadirə ediblər.
Müsadirə olunan narkotiklərin “qara bazar”dakı dəyəri 50 milyon dolları ötür.
DİN-də keçirilən brifinqdə bildirilib ki, hadisə ilə bağlı İran İslam Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdlü M.B. saxlanılıb.
“Hüquq-mühafizə orqanları təqsirləndirilənin idarə etdiyi, “balıq yemi” ilə yüklənmiş yük avtomobilindən 8 ədəd çanta içərisində 200 kiloqram heroin aşkar edərək götürüb. Əldə olunan sübutlar göstərir ki, avtomobil İrandan Azərbaycana, oradan isə Gürcüstana “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsindən keçib”, – brifinqdə bildirilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayətdə əli olduğu iddia edilən digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün istintaq davam edir.
“Faktla bağlı Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin “a” bəndi və 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutan 262-ci maddəsinin 4-cü hissəsinin “a” bəndi ilə istintaq aparılır”, – daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze qeyd edib.