AZ

Azərbaycan və Ermənistan arasında İkinci Qarabağ müharibəsindən sonra müsbət irəliləyişlər

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

21 sentyabr 2025-ci il. Azərbaycan və Ermənistan mahnı müsabiqəsində bir-birinə ən yüksək bal verdi.

Qazaxıstanda keçirilən Silk Way Star mahnı müsabiqəsində ifaçıları 12 ölkənin təmsilçisi qiymətləndirib.

Azərbaycan və Ermənistan müstəqillik əldə edəndən və 30 il davam etmiş münaqişəyə başlayandan bəri ilk dəfədir ki, beynəlxalq mahnı müsabiqəsində bir-birinə ən yüksək xal verirdi.

Hər ikisi bir-birinin namizədinə 10 bal verib.

19 sentyabr 2025-ci il. Ermənistanın İctimai Radiosu ölkənin Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana gedəcəyi ilə bağlı xəbər yaydı.

Nümayəndə heyəti sentyabrın 19-dan 21-dək Bakıda keçiriləcək "3-cü Beynəlxalq Təhlükəsizlik Forumu"nda iştirak etməli idi.

Ermənistan mediasının məlumatına görə, nazir və digər heyət üzvləri Yerevandan Bakıya təyyarə ilə gediblər.

2 Sentyabr 2025-ci il. Azərbaycan və Ermənistanın birinci xanımları ilk dəfə birlikdə şəkil çəkdirdilər.

Mehriban Əliyeva və Anna Hakobyan Çində keçirilən Şanxay İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində bu ölkədə idilər.

Hayha çayında gəmi gəzintisində onlar söhbət edib və birgə şəkil çəkdiriblər.

Sentyabrın 5-i 2025-ci il. Baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryan Azərbaycan və Ermənistana qarşılıqlı səyahət etdilər.

Vaşinqton görüşündə əldə edilmiş razılaşmalar əsasında onlar Zəngilan və Syunik rayonlarının cənub hissələrinə qarşılıqlı səfərlər ediblər.

Baş nazir müavinləri sərhəd xəttinin müvafiq sahələrinin delimitasiyası, minalardan təmizlənməsi, zəruri infrastrukturun bərpası, tikintisi və onların icra müddətləri ilə bağlı məsələləri müzakirə ediblər.

1 sentyabr 2025-ci il. ATƏT-in Minsk qrupu ləğv olunduğunu açıqladı.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı sentyabrın 1-də Minsk qrupunun ləğv olunduğunu açıqlayıb.

Qərara əsasən, Minsk qrupu və onun struktur bölmələri dekabrın 1-dək tam bağlanacaq.

ATƏT-in Minsk qrupunun ləğvi Azərbaycanın Ermənistanla sülh bağlaması üçün iki şərtindən biri idi.

Azərbaycan hesab edirdi ki, ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsinin həlli üçün effektiv fəaliyyət göstərməyib və ləğv olunmalıdı. Ermənistan isə bu təklifə razı idi, ancaq hesab edirdi ki, Minsk qrupunun ləğvi müraciəti sülh sazişinin imzalanması ilə yanaşı həyata keçirilməlidir.

Ancaq tərəflər Vaşinqtonda verdikləri birgə bəyannamədə bu məsələdə də ortaq məxrəcə gəldilər və ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı quruma müraciət etdilər.

9 Avqust 2025-ci il. Azərbaycan və Ermənistan Vaşinqtonda sülh sazişinin mətnini qəbul ediblər.

Tərəflər sülh mətninin üzərində azı 3 il idi ki, işləyirdilər. Bu ilin mart ayında Bakı bildirdi ki, onlar sülh mətnini tam razılaşdırıblar. Əbu-Dabidə isə bu mətni qəbul etməyə razlaşdılar.

Rəsmi Bakı və Yerevan 17 maddədən ibarət sazişlə bölgədə davamlı, ədalətli və hərtərəfli sülh yaratmağa söz veriblər.

Sülh sazişində tərəflər öhdəlik götürüb ki, beynəlxalq məhkəmələrdə bir-birlərinə qarşı ittihamları geri çəksinlər, bir-birlərinə qarşı nifrət dilindən istifadə etməsinlər, o cümlədən, bir-birlərinin ərazisində digərinə qarşı separatçı hərəkata imkan verməsinlər və bir-birlərinə qarşı ərazi iddiaları ilə çıxış etməsinlər.

8 avqust 2025-ci il. Bakı və Yerevan Zəngəzur dəhlizi ilə bağlı razılığa gəldilər.

ABŞ, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşündə razılıq edilən əldə məsələlərdən biri də "Zəngəzur dəhlizi" olub.

Naxçıvanla Azərbaycanın qalan ərazisini Ermənistan üzərindən birləşdirəcək bu 42 kilometrlik yol ABŞ şirkətinə həvalə ediləcək və Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu adlanacaq.

Prezident Donald Trump bildirib ki, yol 99 illiyinə icarəyə veriləcək, amma sonradan daha 99 il uzadılacaq.

8 avqust 2025-ci il. İlham Əliyev və Nikol Paşinyan Vaşinqtonda Prezindent Trump-ın iştirakı ilə birgə bəyannamə imzaladılar.

Tərəflər bu bəyanatla sülh niyyətlərini bir daha vurğuladılar.

9 iyul 2025-ci il. İlham Əliyev və Nikol Paşinyan Əbu-Dabidə ilk dəfə vasitəçisiz görüşdülər.

Bu görüşdə liderlər həm təkbətək, həm də nümayəndə heyətləri ilə birgə 5 saatdan artıq sülh danışıqlarını müzakirə ediblər.

Tərəflər Əbu-Dabi görüşünü "nəticəyönümlü dialoq" kimi qiymətləndirib.

Bakı və Yerevan Azərbaycan və Ermənistan liderlərinin görüşündə sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin paraflanması müzakirə olunub.

23 may 2025-ci il. Ermənistan və Azərbaycan 2026 və 2028-ci illərdə Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi etməsi üçün bir-birini dəstəkləyib.

Avropa Siyasi Birliyi 2022-ci ildə Fransa Prezidenti Makronun təşəbbüsü ilə yaradılıb və hər il ildə iki dəfə müxtəlif Avropa şəhərlərində zirvə toplantısı keçirilir.

İlk sammiti Çexiyanın paytaxtı Praqada keçirilib.

Avropa Siyasi Birliyində Avropa İttifaqının 27 ölkəsi ilə yanaşı, Türkiyə, Böyük Britaniya, Ukrayna, Azərbaycan, Ermənistan və Balkan ölkələri də daxil olmaqla daha 17 ölkə lideri iştirak edir.

Qurum Rusiyanın Ukraynaya hücumundan sonra yaradılıb.

İlk dəfə bu qurumun sammitində Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıdığını bəyan edib. Bu bəyanat "Praqa bəyanatı" kimi də xatırlanır.

24 May 2024-cü il. Ermənistanın Azərbaycana qaytarmağa razılaşdığı Qazaxın 4 kəndi Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürüldü.

Həmin vaxt Azərbaycan və Ermənistan arasında 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Qazax rayonunun 4 kəndinin- Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

11 dekabr 2023-cü il. Ermənistan BMT-nin "İqlim konfransı" da adlanan COP 29-un Azərbaycanda keçirilməsini dəstəklədi.

İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına - COP-a ev sahibliyi bir qayda olaraq, BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup yekdil səslə bir üzvünün namizədliyini irəli sürə bilər.

2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Qrup daxilində Azərbaycan, Ermənistan və Bolqarıstan COP-29-a ev sahibliyinə namizəd idi. Hər iki ölkə namizədliyini Azərbaycanın xeyrinə geri çəkdi.

Azərbaycan da öz növbəsində Ermənistanı Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyib.

Hər iki ölkə bunu "xoş niyyət" adlandırıb və bunun çərçivəsində Azərbaycan 32 erməni hərbçini, Ermənistan 2 azərbaycanlı hərbçini azad edib.

6 oktyabr 2022-ci il. Azərbaycan və Ermənistan BMT nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq etdilər.

Bu bəyanat Praqada keçirilən Avropa Siyasi Birliyinin zirvə toplantısında bir araya gələn liderlər İlham Əliyev və Nikol Paşinyanın görüşündən sonra verildi.

Almatı Bəyannaməsinə 1991-ci il dekabrın 21-də keçmiş SSRİ-nin 12 respublikası tərəfindən imzalanıb.

25 May 2022-ci il. Azərbaycan və Ermənistanda yaradılmış sərhəd delimitasiyası üzrə Komissiyanın ilk görüşü keçirildi.

Komissiyaların yaradılması bundan iki gün əvvəl Brüsseldə Aİ Şurasının o vaxtkı sədri Charles Michel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın üçtərəfli görüşündən sonra baş tutmuşdu.

Seçilən
85
bbc.com

1Mənbələr