AZ

Çili senatorları Şuşa və Xankəndi şəhərlərində olublar

Çili Respublikası Milli Konqresi Senatının nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində sentyabrın 27-də Şuşa və Xankəndi şəhərlərinə səfər ediblər.

XQ xəbər verir ki, Xankəndiyə çatan senatorlar saat 12-də burada Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Oradan Şuşaya gələn Çili parlamentarilərini Şəhər Meydanında Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin əməkdaşları qarşılayıblar.

Şuşa ilə tanışlıq Şəhər Meydanından başlayıb. Senatorlara burada qoyulmuş Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin heykəllərinin işğal dövründə ermənilər tərəfindən güllələnməsi barədə məlumat verilib.

Sonra qonaqlar Yuxarı Gövhərağa məscidi ilə  tanış olublar, Şuşanın Qala divarlarını seyr ediblər, İsa bulağına baş çəkiblər, Cıdır düzünə qalxıblar.

Cıdır düzünə gələn qonaqlara Cıdır düzünün tarixi əhəmiyyəti, 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan əsgərlərinin sıldırım qayalarla bu əraziyə qalxaraq canları və qanları bahasına Şuşanı işğadan azad etmələri barədə məlumat verilib.

Bildirilib ki, bu gün Cıdır düzü işğaldan  əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.

Çili senatorları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərləri çərçivəsində Şuşadan sonra Xankəndi şəhərinə gəliblər.

Senatorları burada Xankəndi Şəhər Bərpa-Tikinti-İdarəetmə xidmətinin  əməkdaşları qarşılayıblar. Qonaqlar Xankəndidə Zəfər meydanını gəziblər, şəhərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə tanış olublar.

Diqqətə çatdırılıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bu gün həyat öz axarına qayıdır. Yaşayış məskənləri tikilib bərpa olunduqca keçmiş məcburi köçkünlər öz yurdlarına qaytarılır. İndiyədək 50 mindən çox keçmiş məcburi köçkün doğma torpaqlarına qayıdaraq, orada yaşayır, işləyir və təhsil alır

Senatorlar burada şəhid anaları ilə söhbət ediblər.

Qonaqlar onları müşayiət edən media nümayəndələrinə müsahibələr veriblər.

Seçilən
1
23
xalqqazeti.az

10Mənbələr