AZ

Prezidentin BMT kürsüsündəki çıxışı haqqın və ədalətin səsi idi - ŞƏRH

"BMT Baş Assambleyasının 80-ci sessiyasında Prezident cənab İlham Əliyevin çıxışı ölkəmizin son illərdə əldə etdiyi tarixi uğurların təqdimatı olmaqla yanaşı, eyni zamanda qlobal çağırışlara dair Azərbaycanın prinsipial baxışlarının ifadəsi idi".

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Zaur Şükürov bildirib.

O bildirib ki, torpaqlarımız işğal altında olduğu dönəmdə Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsi və işğalçı dövlətin cəzalandırılması üçün ölkəmiz müxtəlif beynəlxalq təşkilatların, o cümlədən BMT-nin tribunasından davamlı olaraq dünya ictimaiyyətinə çağırış edirdi:

"Prezident cənab İlham Əliyev çıxışında qeyd etdiyi kimi, bu gün biz BMT-nin tribunasından qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışırıq.

Bu giriş sözləri Prezidentin nitqinin bütün çərçivəsini müəyyənləşdirir. Azərbaycan artıq yalnız işğal faktlarını xatırlatmır, qalib ölkə kimi sülh gündəliyini formalaşdırır və beynəlxalq hüququn real tətbiqinə işıq salır.

Prezidentimiz çıxışında Ermənistanın Azərbaycana qarşı törətdiyi işğalın nəticələrinə diqqət çəkərək, qeyd edir ki: “Otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizi Ermənistanın hərbi işğalı altında qaldı. Bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı. Onların fundamental insan hüquqları kobud şəkildə pozuldu.

Bu ifadələr bir tərəfdən qlobal ictimaiyyətə işğalın miqyasını göstərir, digər tərəfdən də insan hüquqlarının pozulmasının real faciə olduğunu xatırladır. Prezidentin çıxışı beynəlxalq hüququn yalnız qətnamələrdə mövcud olmadığını, əslində tətbiq edilməsi üçün siyasi iradənin vacib olduğunu vurğulayır. 2020-ci ilin qələbəsi və ərazi bütövlüyünün bərpası ilə Azərbaycan təkcə öz haqqını müdafiə etmədi, ədaləti bərpa etdi və beynəlxalq hüququn prinsipial tətbiqinə nümunə oldu. Belə ki, 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi. Daha önəmlisi, qalib ölkə kimi Azərbaycan revanşist mövqe tutmadı, şanlı zəfərimizdən dərhal sonra liderimiz sülh gündəliyi ilə çıxış etdi və Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi.

Dövlət başçısının səsləndirdiyi bu fikirlər, diplomatik məsuliyyətin nümunəsi olmaqla yanaşı, dünyaya bir mesajdır: qələbə yalnız güc nümayişi deyil, sülh üçün platforma yaratmaqdır.

Prezidentin çıxışında Vaşinqton Sammitinin nəticələrinə toxunması və həmin görüş zamanı əldə olunan razılaşmalara diqqət çəkməsi xüsusi əhəmiyyət kəsb edir.

Həqiqətən də, Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupu yaradılmasına dair Anlaşma Memorandumunun imzalanması iki ölkə arasında münasibətlərin inkişafında mühüm addım hesab edilə bilər.

Bu razılaşma yalnız ikitərəfli münasibətləri deyil, eyni zamanda regionda sabitlik və sülh prosesini gücləndirir. Azərbaycan ABŞ ilə əməkdaşlıqda qlobal layihələrə töhfə vermək, həm enerji, həm təhlükəsizlik, həm də iqtisadi sahədə tərəfdaşlıq yaratmaq imkanını genişləndirir.

Eyni zamanda, prezidentimizin çıxışında bədnam 907-ci düzəlişin münasibətlərimizin inkişafında maneə olmasının vurğulanması, əlaqələrimizin daha möhkəm və etibarlı fundament üzərində inkişaf etdirilməsi ilə bağlı niyyətimizin ifadəsidir. Dövlət başçısı bu xüsusda qeyd edir ki, “Eyni zamanda, Prezident Trampın 1992-ci ildə Azadlığa Dəstək Aktına 907-ci düzəliş şəklində Azərbaycana qarşı tətbiq olunmuş sanksiyaların icrasını dayandırması qərarı da tarixi addımdır.

ABŞ Konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv etməsi ikili standartların mirasına son qoymaqla, Azərbaycanın qlobal təhlükəsizlik və sabitliyə töhfə verdiyi bir dövrdə etimad və əməkdaşlığı möhkəmləndirərdi. 

Postmünaqişə dövründə Böyük Qayıdış və mina problemi, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa işləri, itkin düşmüş həmvətənlərimizin taleyi Prezidentin nitqində əsas yer tutdu: “Azərbaycan 2020-ci ildə Vətən müharibəsində Qələbədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma proqramına start verdi. Ermənistan işğal dövründə yüzlərlə şəhər və kəndimizi yerlə-yeksan etdi, 65 məscidi məqsədli şəkildə dağıtdı. Hərbi cinayətkarlar tərəfindən 30 ilə yaxın müddətdə idarə olunan Ermənistanın siyasəti bu idi. Biz isə yerlə-yeksan edilmiş kənd və şəhərləri yenidən qururuq. “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır. Postmünaqişə dövründə Azərbaycanın qarşısında duran ən ağır humanitar problemlərdən biri də Ermənistan işğalı dövründə yerləşdirilmiş minaların yaratdığı təhlükədir. 2020-ci ilin noyabrından bu günədək 400-dən çox azərbaycanlı mülki şəxs və hərbçi mina partlayışları nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu geniş mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına və bərpa layihələrinin həyata keçirilməsinə əngəl törədir”
Bütün bunlar, sadəcə statistik məlumat deyil - bu, qlobal ictimaiyyətə humanitar çağırışdır. Prezident çıxışında Azərbaycanın bu təhlükəyə qarşı gördüyü tədbirləri və beynəlxalq əməkdaşlıq imkanlarını vurğuladı.

Ölkə başçısı çıxışında qlobal gündəliyi də diqqətdə saxladı və bu yanaşma ölkəmizin dünya birliyinin məsuliyyətli və etibarlı üzvü olmasının sübutudur. Azərbaycan artıq regional məsələlərlə kifayətlənmir, qlobal problemlərin həllində təşəbbüskar kimi çıxış edir".

Deputat vurğulayıb ki, keçən il COP29-a uğurla ev sahibliyi etməyimiz və tədbir çərçivəsində ölkəmizin dünya əhəmiyyətli təşəbbüslər irəli sürməsinin Prezidentimizin çıxışında bir daha diqqətə xatırladılması vacib məqamlardandır:

“Azərbaycan bir çox təşəbbüslərlə dayanıqlı həll variantlarının təşviqinə aydın sadiqliyini göstərdi. Ötən il iqlim fəaliyyəti, yaşıl keçid və maliyyəyə ədalətli çıxış məsələlərində mühüm nəticələr əldə olunmuş COP29-a ev sahibliyi etməkdən qürur duyduq. COP29-un ev sahibi kimi bütün tərəflərin, xüsusən də inkişaf etməkdə olan ölkələrin səslərinin eşidilməsini təmin etməklə, iddialı və balanslı nəticələrə yönəlmiş danışıqlara rəhbərlik etdik.

COP29-da qəbul edilmiş, Bakı Maliyyə Hədəfi kimi də tanınan Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) qlobal iqlim maliyyəsində tarixi mərhələdir. Bu öhdəlik 2035-ci ilə qədər inkişaf etmiş ölkələrin dövlət mənbələrindən inkişaf etməkdə olan ölkələrə illik 100 milyard ABŞ dolları məbləğində ilkin iqlim maliyyələşdirmə hədəfini hər il ən azı 300 milyard ABŞ dollarına çatdırmağı nəzərdə tutur. Azərbaycan, həmçinin Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq, karbon bazarları üçün uzun müddətdir gözlənilən çərçivəni uğurla yekunlaşdıraraq, Paris Sazişinin qəbulundan doqquz il sonra onun tam fəaliyyətə başlamasını təmin etdi.

İqlim dəyişikliyinə məruz qalan həssas icmalara vacib dəstək verən İtki və Zərərlərə Cavab Fondunun tam fəaliyyət göstərməsi üçün COP29-da bir neçə əsas saziş imzalandı”.
Heç şübhəsiz, COP29-da qəbul edilmiş “Bakı Maliyyə Hədəfi” inkişaf etməkdə olan ölkələrin iqlim maliyyəsinə çıxışını təmin edən tarixi öhdəlikdir. Burada Azərbaycan balanslı vasitəçi rolunu nümayiş etdirir və qlobal gündəliyin formalaşmasında iştirak edir.

Qeyd olunanlarla yanaşı, Prezidentin çıxışında enerji təhlükəsizliyi, regional bağlantılar, dəhlizlər və iqtisadi inkişafla əlaqəli məsələlərə də yer ayrılmışdır. “Enerji təhlükəsizliyi sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəlidir. Azərbaycan bu məqsədlərin qlobal səviyyədə irəlilədilməsində fəal rol oynamaqda davam edir. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq. Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Bununla Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur. Bu, Avropada və onun hüdudlarından kənarda enerji təhlükəsizliyinin təmin edilməsində və təchizat marşrutlarının şaxələndirilməsində bizim strateji rolumuzu əks etdirir. Bundan əlavə, son vaxtlar Azərbaycan və Suriya enerji təchizatı, infrastrukturun inkişafı və münaqişədən sonra yenidənqurma işlərinə diqqət yetirərək ikitərəfli tərəfdaşlığı gücləndirib. Bu ilin avqust ayından Azərbaycan Türkiyə ərazisindən Suriyaya təbii qaz tədarük etməyə başlayıb və bununla da ölkənin elektrik enerjisi çatışmazlığını əhəmiyyətli dərəcədə azaldıb”
Son olaraq, qeyd edilməlidir ki, Prezidentimizin səsləndirdiyi qlobal əhəmiyyətli fikirlər, yeni dünya düzənin formalaşdığı bir dönəmdə beynəlxalq ictimaiyyətə son dərəcə əhəmiyyətli bir ismarıc hesab edilə bilər. Uzun illər işğaldan, iki standartlardan əziyyət çəkmiş dövlətimiz öz gücü, xalqının iradəsi hesabına beynəlxalq hüququn hamılıqla qəbul olunmuş normalarında nəzərdə tutulan prinsipləri həyata keçirdi, BMT-nin qətnamələrini icra etdi, ədalət bərpa olundu. Bütün bunlar  isə heç şübhəsiz, Azərbaycan modelinin və nümunəsinin dünyaya nümayişi idi.

Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq. Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur. Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır. Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq.

Prezidentimizin bu sözləri yalnız milli qürurun ifadəsi deyil, həm də beynəlxalq hüququn və ədalətin real təntənəsidir. Dövlət başçısı çıxışı ilə göstərdi ki, Azərbaycan qalib ölkə kimi məsuliyyətli və unikal dövlətdir: sülh yaradır, qlobal məsələlərdə fəal iştirak edir və regionu sabitləşdirir. Azərbaycanın BMT kürsüsündən yayılan səsi – haqqın, ədalətin və qlobal əməkdaşlığın səsi idi".
 

Seçilən
40
operativmedia.az

1Mənbələr