"Karvan"ın baş məşqçisi Azər Həşimov Misli Premyer Liqasının 6-cı turunda "Neftçi" ilə 0:0 hesablı heç-heçə etdikləri oyunla bağlı fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- "Neftçi"nin gücü hamıya bəllidir. "Sumqayıt"la oyunlarını təhlil etmişdik. Fərdi keyfiyyəti yüksək oyunçuları var. Bacardığımız qədər onların qarşısını almağa çalışdıq. Müdafiədən oynayıb, əks-hücumlar qurmağı planlaşdırmışdıq. Futbolçularımız əzmkar mübarizə apardı. Ən azından 1 xal qazanmaq istəyirdik. Bunu da etdik. Futbolçularımı təbrik edirəm. "Neftçi"yə uğurlar arzulayıram.
- Bir həftə əvvəl "İmişli"yə 0:3 hesabı ilə uduzdunuz, bu gün isə "Neftçi" ilə oyundan 1 xalla ayrıldınız. Sizin üçün "İmişli" "Neftçi"dən çətin rəqibdir?
- Elə deməzdim. Sadəcə 3 oyundur ki, birinci hissədə standart vəziyyətlərdən qol buraxırdıq. Bu həftə həmin səhvlərin üzərində çalışdıq. Xal qazanmaq üçün hər bir komanda ilə mübarizə aparmalısan. "İmişli"yə uduzduqdan sonra futbolçularla söhbətləşdik. Biz ardıcıl 2 oyunda 4 xal qazanmışdıq. "Qarabağ"a 0:2 uduzsaq da, futbolçular yaxşı oynamışdı. Zədəlilərimiz də var. Çalışdıq, onların yerini dolduraq ki, heç kim "Karvan"a 3 xal gözü ilə baxmasın. Komandanı silkələdik ki, toparlanmaq lazımdır.
- "Karvan"ın heyəti "İmişli" ilə oyunla müqayisədə fərqli idi. Buna səbəb nə idi?
- "İmişli" ilə oyunda dördlü müdafiə ilə çıxmışdıq. İstəyirdik ki, hücumda çoxluq olsun. Ancaq gördük ki, alınmır. Ona görə də beşli müdafiəyə keçərək əks-hücumlarla oynamaq istəyirik.
- Elvin Yunuszadə niyə yox idi? Onu cəzalandırmısınız?
- Xeyr, cəzalandırmamışıq. Sadəcə mikro zədəsi var idi. Ona görə heyətə götürmədik ki, qarşıdakı oyuna hazırlaşsın. Bizdə əvəzolunmaz futbolçu yoxdur.
- Səid İranxan çox aqressiv görünürdü. Bunu normal qarşılayırsınız?
- Müdafiəyəmeyilli oyunçular aqressiv olmalıdır. Futbol xarakter oyunudur. Normaldır. Hansısa bir vərəqə alacağını gözləmirdim. İstəyərdim ki, müdafiəçilərimiz aqressiv, emosional, hirsli olsunlar. Səidin bu cür davranmağı normaldır.
- Joy Sleyd Mikelsin zədəsi ciddidir?
- Həkimlərin dediyinə görə, növbəti həftədən komanda ilə məşqlərə qoşulmalıdır. Uğur Cahangirovun da kiçik zədəsi var idi. O da hücumçudur, sadəcə tam hazır olmadığına görə son dəqiqələrdə meydana buraxdıq. Qapıçımız da yaxın zamanda məşqlərə qoşulacaq.
- Kamran İbrahimovun performansını necə dəyərləndirirsiniz?
- Kamran son 3 oyunda 8 top buraxmışdı. Əsas qapıçımız zədəlidir. Ona dedim ki, dəyərlisən, biz sizə inanırıq, ən yaxşı oyununu oynayacaqsan. Kamran 9 il "Neftçi"də olub. Bu gün onun üçün motivasiya idi. Onunla bərabər bütün futbolçular 95 dəqiqə sona qədər mübarizə apardılar, inandılar ki, xal qazana bilərik. Bizim üçün bu, önəmli xaldır.