Azərbaycan Prezidenti strateji əhəmiyyətli bir sıra
ismarışları beynəlxalq ictimaiyyətə çatdırdı
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci
sessiyasındakı çıxışında strateji əhəmiyyətli bir sıra ismarışları beynəlxalq
ictimaiyyətə ünvanladı. Xatırladaq ki, dövlətimizin başçısı 2004, 2010, 2017-ci
illərdə də bu ali kürsüdən çıxış etmişdir. Eyni zamanda ölkə rəhbəri
2020-2021-ci illərdə pandemiya dövründə onlayn formatda bu məsələ ilə bağlı
mühüm təşəbbüslərlə çıxış edərək mövqeyini bildirmişdir. Xüsusən pandemiya
dövründə beynəlxalq səylərin birləşdirilməsi ilə bağlı unikal təşəbbüsü, BMT
Baş Məclisinin xüsusi sessiyasının keçirilməsinə nail olması, həmçinin
"vaksin millətçiliyi"nə qarşı dəyərli fikirləri beynəlxalq ictimaiyyətin
yaddaşında dərin izlər buraxıb.
Milli Məclisin deputatı Elman Nəsirov qəzetimizə
açıqlamasında bildirib ki, Prezident İlham Əliyev əvvəlki çıxışlarında Ermənistanın
Azərbaycana qarşı təcavüzkar, terror siyasəti, onun ağır nəticələri, tarixi-mədəni
abidələrimizin məhv edilməsi və digər məsələləri qaldırmışdısa, bu dəfə zəfərə,
sülhə gedən yoldan danışdı. Yeni tarixi reallıqlar haqda fikirlərini bölüşdü.
Bu kontekstdə dövlət başçısı keçilən yola, tarixi zəfərə qiymət verdi.
"BMT Təhlükəsizlik Şurasının Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı qətnamələrinin
məhz Azərbaycan tərəfindən icra olunması ilə bağlı fikirlərini səsləndirdi.
Eyni zamanda vurğuladı ki, 2020-ci ilin noyabrında Ermənistan rəhbərliyi
kapitulyasiya aktına imza atıb və Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Azərbaycan
artıq yeni reallıqlar yaradıb", - deyə E.Nəsirov əlavə edib.
Deputat Azərbaycanın sülh təşəbbüsü ilə çıxış etdiyini
xatırladaraq bildirib ki, ölkəmiz müharibədə qalib gəlsə də, sülhü qazanmaq əsas
niyyət idi. Odur ki, sülh müqaviləsinin
baza prinsipləri, ümumilikdə sülh mətni Azərbaycan tərəfindən
hazırlandı. Nəticədə avqustun 8-də Vaşinqtonda tarixi əhəmiyyətli razılaşmalara
imza atıldı. Sülh müqaviləsinin paraflanması, Ermənistan və Azərbaycan arasında
Birgə Bəyannamənin imzalanması və bu prosesdə ABŞ Prezidenti Donald Trampın
iştirakı və sənəddə onun imzasının olması mühüm məsələdir.
E.Nəsirov bildirib ki, Prezident İlham Əliyev artıq tarixə
çevrilmiş münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun yaradıldığını
xatırladaraq deyib ki, o mandatı üzrə fəaliyyət göstərməyib, sülhə nail
olmayıb. Minsk qrupunun fəaliyyəti münaqişəni dondurmaqdan başqa bir şey
deyildi.
Deputat xatırladıb ki, ATƏT-ə birgə müraciət əsasında
sentyabrın 1-dən Minsk qrupu tarixə qovuşub: "Prezident bu məsələlərdən
danışarkən dedi ki, 1992-ci ilin oktyabrında ABŞ Konqresi Azərbaycana qarşı
907-ci maddəyə ədalətsiz, bədnam düzəliş tətbiq etmişdi. Vaşinqtonda əldə
edilmiş tarixi razılaşmalardan biri də D.Trampın birbaşa dəstəyi ilə həmin maddənin
dondurulması idi. Bu düzəlişi əvvəlki hakimiyyət dövründə ABŞ Konqresi qəbul
etmişdi və yeni reallıqda Azərbacanın beynəlxalq təhlükəsizliyə və sülhə
verdiyi töhfəni nəzərə alaraq, konqresin bu düzəlişi birdəfəlik ləğv etməsi
sülh prosesinə töhfə verəcək. Dövlət başçısı bildirdi ki, qarşıda yeni vəzifələr
dayanır və bunları uğurla həyata keçiririk. Bu gün Qarabağa və Şərqi Zəngəzura
tarixi qayıdış davam edir. İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq,
abadlıq işləri görülür. Ölkə rəhbəri vurğuladı ki, ərazi bütövlüyümüz təmin
edildikdən sonra, ermənilərin nəzarətində olan torpaqlarda minalanma həyata
keçirilib. Bu da quruculuq prosesinə maneə yaradır. Bu günədək 400-ə yaxın
soydaşımız mina qurbanı olub və ya ciddi xəsarət alıb. Birinci Qarabağ müharibəsində
girov götürülmüş, itkin düşmüş 4000-ə yaxın soydaşımızdan isə hələ də xəbər
yoxdur. Bunlar Ermənistan tərəfindən həll olunması vacib məsələlərdir. Rəsmi İrəvanın
bu istiqamətdə addımlar atmasını gözləyirik".
E.Nəsirov Prezidentin Azərbaycanın enerji təhlükəsizliyinə
verdiyi töhfədən danışdığını xatırladaraq deyib ki, hazırda 14 ölkəyə qaz ixrac
edirik. Paralel şəkildə "yaşıl enerji" sahəsində də yüksək nailiyyətlər
əldə etmişik. 2030-cu ilə qədər Azərbaycanın enerji balansında "yaşıl
enerji"nin payı 40 faizə çatacaq. Dövlət başçısı xüsusi diqqət yetirdi ki,
"yaşıl enerji" istehsalı prioritet olsa da, yanacaq enerjisi
aktuallığını qoruyub saxlayacaq. Prezident
İlham Əliyev beynəlxalq birliyi ədalətli olmağa çağırdı.
Bildirdi ki, heç bir halda selektiv ədalət ola bilməz. Bir-birinin daxili işlərinə
qarışmamaq prinsipinə, qanunun aliliyinə hörmət edilməli və ədalətli bir
dünyanın qurulmasına töhfə verilməlidir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"