AZ

Azərbaycan UNESCO-nun Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında təmsil olunacaq

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycan UNESCO-nun 29 sentyabr – 1 oktyabr tarixlərində Barselonada keçiriləcək Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında (MONDIACULT-2025) təmsil olunacaq. Tədbirdə ölkəmizi mədəniyyət naziri Adil Kərimli başda olmaqla, Azərbaycan nümayəndə heyəti təmsil edəcək.

AZƏRTAC xəbər verir ki, MONDIACULT-2025 çərçivəsində sentyabrın 28-də Barselonada “Mədəniyyət əsaslı iqlim fəaliyyəti üzrə 3-cü Yüksək Səviyyəli Nazirlər Dialoqu” keçiriləcək. Bu dialoq mədəniyyət sahəsinin qlobal iqlim gündəliyinə inteqrasiyasını təşviq etməklə, dayanıqlı gələcək naminə yeni yanaşmaların müzakirəsinə imkan yaradacaq.

MONDIACULT UNESCO-nun təşəbbüsü ilə 1982-ci ildən etibarən keçirilən və dünyada mədəniyyət siyasətləri üzrə ən genişmiqyaslı hökumətlərarası platforma kimi tanınır. Bu ilki konfrans mədəniyyətin qlobal miqyasda inkişafın əsas dayaqlarından biri kimi tanınmasını, həmçinin 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyində mədəniyyətin ayrıca məqsəd kimi təsbit edilməsini hədəfləyir.

Tədbir çərçivəsində “Mədəni hüquqlar”, “Rəqəmsal texnologiyalar və mədəniyyət”, “Təhsil və mədəniyyət”, “Mədəniyyət iqtisadiyyatı”, “İqlim və mədəniyyət”, “İrs, mədəniyyət və böhran” kimi mövzular müzakirə olunacaq. Konfrans yüzlərlə ölkəni, beynəlxalq təşkilatları, mədəniyyət sahəsinin ekspertlərini və vətəndaş cəmiyyətini bir araya gətirərək, qarşılıqlı təcrübə və ideya mübadiləsi üçün unikal qlobal platforma rolunu oynayacaq.

 

Seçilən
7
13
azertag.az

10Mənbələr