AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Misli Premyer Liqasının VI turu üzrə keçirilən "Sabah" - "Sumqayıt" oyunundakı mübahisəli epizodları dəyərləndirib. 

Offsideplus.az xəbər verir ki, o, qolların ləğvi barədə bunları söyləyib:

"78-ci dəqiqədə hücum zamanı “Sabah”ın hücumçusu Coy Lens Mikels qol vurur. VAR epizodu yoxlayır və hücumun başlanğıcında Rəhman Daşdəmirov topa oynadıqdan sonra ehtiyatsız şəkildə “Sumqayıt”ın oyunçusu Nihad Əhmədzadənin ayağına zərbə endirdiyini görür. VAR baş hakimi epizoda baxmağa dəvət edir. Videogörüntülərə baxdıqdan sonra hakim hər iki kapitana vəziyyəti izah edir və qolu ləğv edir, “Sumqayıt”ın lehinə cərimə zərbəsi təyin edir və ehtiyatsız oyuna görə “Sabah”ın oyunçusuna sarı vərəqə göstərir. Bu, hakimin düzgün qərarı və VAR-ın düzgün müdaxiləsidir. 90+2-ci dəqiqədə C.L.Mikels cərimə meydançasında topu qəbul edir və qol vurur. VAR epizodu yoxlayır və görür ki, “Sabah”ın hücumçusu qol vurmazdan əvvəl topa əli ilə toxunub. Qaydalara əsasən əgər oyunçu qol vurmazdan əvvəl əllə oyuna yol verirsə, qol ləğv olunmalıdır. Bu, hər zaman belədir – istər qəsdən, istərsə də təsadüfi olsun. VAR hakimi məlumatlandırır və hakim qolu ləğv edir. Bu, hakimin düzgün qərarı və VAR-ın düzgün müdaxiləsidir". 

Qeyd edək ki, sözügedən matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.