AZ

Tiqran Abramyan: Tonoyanın açıqlamaları hakimiyyətin məsuliyyətini göstərir – ÖZƏL

Ermənistan Respublika Partiyasının deputatı, müxalif siyasətçi Tiqran Abramyan sabiq müdafiə naziri David Tonoyanın kitabı və müsahibələr seriyası ilə tanış olduğunu bildirib. 

Olaylar.az xəbər verir ki, Abramyan bu barədə "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, kitabda 44 günlük müharibənin səbəbləri və məğlubiyyətlə bağlı bir çox məqamlar açıqlanır. Xüsusilə, 2018-2020-ci illərdə hakimiyyətin orduya təzyiqləri, nazirin danışıqlar prosesindən xəbərsiz qalması, hərbi büdcəyə lazımi investisiya qoyulmaması və müharibə zamanı təcrid olunması kimi məsələlərə toxunulub.

"Tonoyanın müsahibələrində müəyyən özünü haqlı çıxarma elementləri nəzərə çarpsa da, hesab edirəm ki, o, keçmiş yüksək vəzifəli şəxs kimi həm müharibədən öncəki epizodlar, həm də 44 günlük savaş dövrü barədə detalları açıqlayıb. Bu isə çox açıq şəkildə göstərir ki, məğlubiyyətin və sonrakı faciələrin məsuliyyəti mövcud hakimiyyətin üzərindədir", - Abramyan qeyd edib.

Deputat həmçinin Tonoyanın parlamentin müharibə ilə bağlı araşdırma komissiyasında müxalifət nümayəndələrinin iştirak etmədiyi barədə narazılıqlarına toxunub. Abramyan bildirib ki, əgər sabiq nazir müxalifətlə görüşün öz maraqlarına ola biləcəyini anlamayıbsa, bu, artıq onun problemidir. O əlavə edib ki, Tonoyanın müxalifətlə bağlı ifadələrinin sadəcə hakimiyyətin xeyrinə qeydə alınmaq üçün işlədilib-işlədilmədiyi də sual altındadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
olaylar.az

1Mənbələr