AZ

"Azərbaycan artıq yeni tarixi mərhələdədir" - Deputat

"Sentyabrın 25-də Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı ölkəmizin beynəlxalq siyasi arenada etibarlı mövqeyini bir daha sübut edir. Azərbaycanın həm milli maraqlarının qorunmasına, həm də qlobal səviyyədə ədalət, sabitlik və əməkdaşlıq prinsiplərinin təşviqinə yönəlmiş siyasəti dünya birliyi tərəfindən yüksək dəyərləndirilir".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Parlamentari bildirib ki, 30 ilə yaxın davam edən danışıqlar Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən nəticə vermədi:

"Azərbaycan isə 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq özünümüdafiə hüququndan istifadə etmək məcburiyyətində qaldı. Ermənistanın müharibə dövründə həyata keçirdiyi hərbi cinayətlər – şəhərlərə ballistik raketlərin atılması, kasetli mərmilərlə hücumlar və yüzdən artıq günahsız mülki vətəndaşın qətlə yetirilməsi beynəlxalq hüququn kobud şəkildə pozulması idi. Bununla belə, Azərbaycan Silahlı Qüvvələri müharibəni beynəlxalq humanitar hüquqa tam riayət edərək apardı, mülki infrastrukturu hədəfə almadı və dinc əhalinin təhlükəsizliyini qorudu. 44 günlük Vətən müharibəsinin nəticələri Azərbaycanın yalnız hərbi gücünü deyil, həm də beynəlxalq hüquqa sadiqliyini göstərdi. 44 günlük müharibə nəticəsində işğal altında olan torpaqlarımız azad edildi, BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalan qətnamələri faktiki olaraq icra olundu. 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktını imzalaması isə Cənubi Qafqazda yeni siyasi reallıqların formalaşmasının başlanğıcı oldu. Bu tarixi Qələbə nəticəsində tarixi ədalət bərpa olundu, xalqımızın illərlə davam edən həsrətinə son qoyuldu. Azərbaycan qalib dövlət kimi Ermənistanla münasibətlərin normallaşdırılması üçün dərhal addımlar atdı.

Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, sülh yalnız qarşılıqlı ərazi bütövlüyünün tanınması əsasında mümkündür. 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən görüş sülh prosesində dönüş nöqtəsi oldu. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar, eyni zamanda Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Trampın bu sənədi şahid qismində təsdiqləməsi isə prosesin beynəlxalq legitimliyini daha da möhkəmləndirdi. Bu görüşdən sonra Azərbaycan və Ermənistan tərəfindən ATƏT-in Minsk qrupu və əlaqədar strukturlarının ləğv edilməsi üçün birgə müraciət təqdim olundu və sentyabrın 1-də bu köhnəlmiş mexanizmlər birdəfəlik bağlandı.

BMT Baş Assambleyasının 80-ci sessiyasında dövlətimizin başçısının çıxışında qeyd etdiyi kimi, Ermənistan işğal dövründə yüzlərlə şəhər və kəndimizi yerlə-yeksan etdi, 65 məscidi məqsədli şəkildə dağıtdı: “Hərbi cinayətkarlar tərəfindən 30 ilə yaxın müddətdə idarə olunan Ermənistanın siyasəti bu idi. Biz isə yerlə-yeksan edilmiş kənd və şəhərləri yenidən qururuq. “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır”.  

Xarici borcun ÜDM-in cəmi 6,5 faizi qədər olması və valyuta ehtiyatlarının borcdan 16 dəfə artıq olması dövlətimizin iqtisadi təhlükəsizlik baxımından dünyada nümunəvi mövqe tutduğunu sübut edir. Azərbaycan yalnız regional deyil, qlobal humanitar təşəbbüslərdə də fəal iştirak edir. Təbii fəlakətlərdən və silahlı münaqişələrdən əziyyət çəkən ölkələrə yardım göstərilməsi, səhiyyə böhranları zamanı dəstək olunması humanizm prinsiplərinə sadiqliyin göstəricisidir. 

Prezident İlham Əliyevin BMT Baş Assambleyasında çıxışı bir daha göstərir ki, Azərbaycan artıq yeni tarixi mərhələdədir. Qazanılmış Qələbə yalnız müharibədə hərbi uğur deyil, həm də sülhün təmin olunması, azad edilmiş ərazilərin bərpası və regional təhlükəsizliyin möhkəmləndirilməsi ilə davam etdirilir. Ədalət zəfər çalıb, suverenlik bərpa olunub, sülh isə real siyasi müstəviyə çevrilib. Azərbaycan dövləti xalqının və həm də regionun sabit gələcəyinin təminatçısıdır". 

Seçilən
7
1
unikal.az

10Mənbələr