AZ

Paşinyan Avropaya üz tutur – Kremlin cavabı NƏ OLACAQ?

Ermənistanın Avropa İttifaqına inteqrasiya arzusu postsovet məkanında yeni geosiyasi müzakirələr doğurur. Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanın təsir dairəsinin zəifləməsi və region ölkələrinin Qərbə yaxınlaşmaq cəhdləri diqqətdən qaçmır. Xüsusən də Paşinyan hökumətinin Aİ ilə əməkdaşlığı genişləndirmək istəyi bir tərəfdən Ermənistan cəmiyyətində dəstək qazanır, digər tərəfdən isə Kremlin reaksiyası ilə bağlı suallar doğurur. Çünki Rusiya ənənəvi olaraq yaxın qonşularının Qərblə inteqrasiyasına qısqanclıqla yanaşır. Bəs bu dəfə vəziyyət fərqli ola bilərmi?

Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Rusiyanın postsovet ölkələrinə qarşı sərt və qısqanc siyasəti fonunda Ermənistanın Aİ üzvlüyünə maraq göstərməsi Paşinyan hökuməti üçün risklər daşıya bilər:

“Rusiyanın buna loyal yanaşması ehtimalı az görünür. Amma məsələ ondadır ki, Moskva artıq öz xarici siyasətindəki yanlışlıqları anlamağa başlayıb. Məsələn, Ukraynanın Aİ-yə qəbulunu qəbul etməsi də bunun göstəricisidir. Bu baxımdan istisna deyil ki, Ermənistan məsələsində də müəyyən dərəcədə yumşaqlıq nümayiş etdirsin”.

Politoloqun sözlərinə görə, ətraf ölkələrin coğrafi mövqeləri dəyişməz qaldığı üçün onların hansısa hərbi gücə malik olmayan təşkilatlara üzv olması Rusiyaya real təhlükə yaratmır:

“Əksinə, qonşu ölkələrin iqtisadi inkişafı Rusiyanın da maraqlarına xidmət edə bilər. Bu həm ikitərəfli ticarət, həm də Rusiyadan Ermənistana göndərilən maliyyə axınlarının nəticəsində ölkə daxilində vəziyyətin sabitləşməsi baxımından əhəmiyyətlidir. Əhalinin kütləvi şəkildə xaricə köçməsinin qarşısı da belə halda müəyyən qədər alınar”.

Qasımov hesab edir ki, Moskva Ermənistanın Aİ-yə üzvlük məsələsində ciddi maneə yaratmaya bilər: “Ən azı biz buna ümid edirik. Üstəlik, Azərbaycanla Ermənistan arasında sülh prosesinin başlaması fonunda bu addım region üçün də müsbət nəticələr verə bilər”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
3
editor.az

1Mənbələr