AZ

İstixana qazlarının reyestrinin hazırlanmasını və emissiyaların izlənilməsi sisteminin qurulmasını əks etdirən qanun layihəsi hazırlanıb

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 29 sentyabr, AZƏRTAC

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" bizim üçün istinad mənbəyidir. Burada vahid bir vizyon müəyyənləşdirilib. Eləcə də əsas məsələlərdən biri iqlim dəyişikliyinin təsirləri ilə mübarizədir. Strategiyada istixana qazlarının azaldılması, yeni texnologiyaların tətbiqi, bərpaolunan enerji mənbələrinin işə salınması və xüsusən də işğaldan azad olunmuş ərazilərdə yaşıl texnologiyaların tətbiqi, su resurslarından səmərəli istifadə və s. qeyd olunur. Həmin tədbirlər ətraf mühit texnologiyaları ilə mümkün ola bilər. Artıq öhdəliklər də müəyyənləşdirilib. Xüsusilə də innovativ təşəbbüslər, yaşıl enerji texnologiyası, dayanıqlı kənd təsərrüfatı, ağıllı texnologiyalara əsaslanan kənd konseptleri vasitəsilə Azərbaycanın Qarabağ zonasının sıfır emissiyalı zonaya çevrilməsi hədəflənir. Bu da neçə hektar torpaq sahəsinin əhatə edilməsi deməkdir.

AZƏRTAC xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində keçirilən “Yaşıl keçid çağırışına cavab – Milli İqlim Planları (NDC-lər və NAP-lar), İnvestisiya platformaları və keçid planları” mövzusundakı sessiyada Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

Nazir müavininin sözlərinə görə, yaşıl keçid realistik hədəflər üzərində qurulmalıdır. “Bu, bizim üçün əsas hədəfdir. Sosial-iqtisadi siyasət strategiyası çərçivəsində Azərbaycan 2022-2026-cı illərdə ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması üçün müəyyən hədəflər müəyyənləşdirilib. 70 faizə yaxın müsbət tendensiya əldə olunub. Bu hesabat dövrü üçün kifayət qədər böyük nailiyyətlərin olduğunu görürük. İndi isə növbəti faza: 2026-2030-cu illər üçün hazırlıqlar gedir. İqlim dəyişikliyi fəaliyyətlərinin müzakirəsi aparılır. Fəaliyyət planı və strategiya haqqında işlər gedir. Xüsusilə də dayanıqlı meşə idarəçiliyi və yaşıllıqların artırılması, hidrometeoroloji monitorinq xidmətinin genişləndirilməsi, eyni zamanda, havanın keyfiyyətinin artırılması, Xəzər dənizinin ətraf mühitinin qorunması, tullantıların idarəolunması, torpaq resurslarından səmərəli istifadə, müxtəlifliyin təmin edilməsi və digər ətraf mühitə nəzarət mexanizmlərinin işə salınması istiqamətlərində tədbirlər həyata keçirilir”.

Umayra Tağıyeva bildirib ki, bunlara nail olmaq üçün qanunvericilik, yüksək effektiv mexanizmlər və siyasətlər olmalıdır. Digər tərəfdən qanunvericilik elə hazırlanmalıdır ki, yaşıl maliyyə cəlb edilməsi mümkün olsun. “Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq, Azərbaycan üçün ilkin qanun layihəsi hazırlamışıq. Sənədin məqsədi ondan ibarətdir ki, bütün istixana qazlarının reyestri hazırlansın və emissiyaların izlənilməsi sistemi qurulsun. Buna uyğun olaraq da Azərbaycan NDC öhdəliklərini həyata keçirə bilsin. Biz burada beynəlxalq idarəçilik təcrübəsini öyrənmişik. Əlbəttə ki, qanunvericilik və işçi mexanizmlər vacib şərtlərdən biridir. Lakin vahid requlyator mexanizm olmalıdır. Biz çalışmalıyıq ki, innovasiyalara da təşəbbüs göstərilsin", - deyə o qeyd edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
3
azertag.az

4Mənbələr