AZ

Deputat kimdir: qanun yaradan, yoxsa şəkil həvəskarı?

Son illərdə bəzi deputatların fəaliyyəti xüsusi diqqət çəkir və ortaya paradoksal bir mənzərə çıxır. Bu şəxslərin fəaliyyətinə diqqət etdikdə belə anlaşılır ki, sanki onların işi seçicinin problemlərini həll etmək, dövlət qurumlarını hesabatlı saxlamaq və qanunvericilik prosesində fəal iştirak etmək deyil. Əksinə, əsas məqsəd nə qədər mümkündürsə çox tədbirdə görünmək, mümkün qədər çox şəkil paylaşmaq və sosial şəbəkədə “işgüzar imic” yaratmaqdır.
Ən maraqlısı isə bu tədbirlərin əksəriyyətinin deputatların nə ixtisası, nə də fəaliyyət dairəsi ilə heç bir bağlılığı olmamasıdır. Kosmetoloji mərkəzlərin açılışından tutmuş, fəaliyyəti şübhəli, hətta bəzən dələduzluqla məşğul olan MMC-lərin “tədbirlər”inə qədər hər yerdə onları görmək mümkündür. Təki şəkil çox olsun, təki sosial şəbəkədə “aktiv” imic yaradılsın. Adını da qoyurlar, ictimaiyyətlə fəal iş.
Hətta bununla kifayətlənmirlər. Özlərinə aid olub-olmamasına baxmadan hər mövzuda açıqlama verir və daha çox “link toplamaq”la məşğul olurlar. İqtisadiyyatdan xəbəri olmayan deputat iqtisadiyyat barədə, tibb sahəsinə aidiyyəti olmayan deputat səhiyyə barədə danışır.
Mənə görə, vətəndaşların deputat qarşısında qaldırdığı məsələlərin neçə faizinin həll edilməsi, onun qanunvericilik prosesində fəal iştirakı son dərəcə vacib məqamdır. Çox güman ki, nəticələr heç də ürəkaçan olmayacaq.
Vətəndaş qəbulları keçirilir, ancaq vətəndaşlara formal cavablardan başqa heç nə verilmir. Bəhanələri də var: məmurlar deputatları eşitmir. Əslində isə bu millət vəkilinin özünün nüfuz və reputasiya məsələsidir.
Düşünürəm ki, deputatın işi hər açılışda lent kəsmək, hər məclisdə şəkil çəkdirmək deyil. Onun işi qanun yaradıcılığında iştirak etmək, vətəndaşların səsini dövlət orqanlarına çatdırmaqdır. Əgər bu missiya unudulub, deputatlıq sosial şəbəkə “kontent istehsalı”na çevrilibsə, deməyə söz qalmır…
Fərid Şahbazlı
Seçilən
3
2
tribunainfo.az

3Mənbələr