AZ

DİM-in keçirdiyi peşə tanınması üzrə imtahanda 52 nəfər müvəffəqiyyət əldə edib

Bakı, 29 sentyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanı keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, elektron imtahanlar korpusunda təşkil olunan imtahan saat 11:00-da başlanıb və 1 saat davam edib.

İmtahan vermək üçün qeydiyyatdan keçən 186 nəfərdən 42-si imtahana gəlməyib. İmtahanda 52 nəfər müvəffəqiyyət əldə edib. Ərizəçi tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda imtahanın nəticələrinə dair arayış təqdim olunub. Nəticələr, həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

Qeyd edək ki, imtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunub. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün 15 və ya daha yuxarı bal toplaması tələb olunur.

İmtahanın məzmunu ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər oktyabrın 1-2-də saat 14:00-dan 17:00-dək DİM-də (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) ərizə yazmalıdırlar. Ərizəyə ali təhsil haqqında diploma əlavənin (transkriptin) surəti də əlavə edilməlidir.

 

Seçilən
10
11
azertag.az

10Mənbələr