AZ

İnkarçılıq sindromuna yoluxan antimilli ünsürlər artıq mənəvi-əxlaqi böhran keçirir

Azərbaycanın tarixi Zəfəri, ərazi bütövlüyümüzün bərpası, bütün ərazilərimizdə suverenliyin tam təmin edilməsi həm ölkə daxilində, həm də xaricində bəzi qüvvələri rahat buraxmır. Həmin qüvvələrin əsas məqsədi nəyin bahasına olursa-olsun ölkəmizin əleyhinə yalan, böhtan xarakterli məlumatlar yaymaq, Azərbaycan hakimiyyətinin uğurlu və milli maraqlara xidmət edən siyasətinə ləkə yaxmaqdır. Ölkə daxilində bu üzdəniraq missiyanı AXCP sədri kərimov əli və onun diktəsi ilə hərəkət edən həsənov cəmil yerinə yetirirlər. Anti-Azərbaycan qüvvələrin sifarişlərini icra edən məlum cütlük sosial şəbəkələrdə yalan informasiya yaymaq yarışına giriblər. Şəxsi ambisiyalarını hər şeydən üstün tutaraq mənəviyyatını, həqiqət duyğusunu itirmiş bu cütlük üçün heç bir müqəddəs dəyər yoxdur. Onlar Azərbaycan xalqı üçün müqəddəs yer olan Şəhidlər xiyabanlarını ziyarəti belə şouya çevirməyə çalışmaqla mənəviyyatsız, antimilli fəaliyyətləri ilə xalqdan, cəmiyyətdən nə qədər uzaq olduqlarını bir daha ortaya qoyurlar. Ancaq sosial şəbəkələrdə boy göstərmək, qarayaxma, manipulyasiya ilə məşğul olmaqla guya siyasi fəaliyyətdə olduqlarını ortaya qoyan kərimov əli və həsənov cəmil kimilər antimilli fəaliyyətləri ilə cəmiyyətdən özlərini o qədər təcrid ediblər ki, reallıq hisslərini belə tamamilə itiriblər. İtirməsəydilər xalqın onlara qarşı olan münasibətindən, anti-Azərbaycan şəbəkənin əlində oyuncağa çevrilmələrindən, dövlətə, onun ayrı-ayrı strukturlarına qarşı yalan, böhtan kampaniyası aparmalarından utanardılar. Amma utanmırlar.  Çünki bu antimilli ünsürlər ölkəmizin əleyhinə təbliğat aparmağı, Azərbaycan əleyhdarı olan “ağalarının” sifarişlərini yerinə yetirməyi özləri üçün həyat amalına çeviriblər.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili vurğulayıb ki, dövlətin uğurlu siyasətini həzm edə bilməyən əli kərimovlar, cəmil həsənovlar sosial şəbəkə hesablarında mütəmadi olaraq ayrı-ayrı dövlət strukturlarının fəaliyyətinə kölgə salmaq üçün böhtan və qərəzlə dolu çirkin fikirləri ilə  gündəmdə olmağa səy göstərirlər. Onlar üçün özünüreklam bir növ fəaliyyət istiqamətinə çevrilib. Bu ünsürlərin bir müddət əvvəl  növbəti hədəf kimi Azərbaycan polisini seçmələri də bunun bariz nümunəsidir.  Onların dövlət orqanlarının əleyhinə təbliğat aparmaları nə qədər rəzil durumda olduqlarının göstəricisidir. Dövlət strukturlarını, hüquq-mühafizə orqanlarını hədəf almaq dövləti hədəf almaq deməkdir. Hüquq-mühafizə orqanları müstəqillik illərində şərəfli yol keçib. İctimai sabitlik, milli təhlükəsizlik hər bir dövlətin mövcudluğunun əsas şərti olmaqla bərabər, inkişafın vacib zəmini, vətəndaş rifahının mühüm amilidir. Hüquq-mühafizə orqanları dövlətin təhlkəsizliyini, ictimai asayişi yüksək səviyyədə təmin edir, cinayətkarlığa qarşı uğurla mübarizə aparırlar.

Kərimov əli, həsənov cəmil kimi antimilli ünsürlər  ölkədəki sabitliyi pozmağa uğursuz cəhdlər edirlər. Çünki bu üzdəniraqlar üçün xaos, özbaşınalıq maraqlarını reallaşdırmaq üçün münbit zəmindir. Vaxtilə hakimiyyəti zəbt etdikləri dövrdə biz bunun şahidi olmuşuq. Bədnam AXC-Müsavat cütlüyü bir illik iqtidarı dövründə yalnız hakimiyyətini saxlamağı düşünərək ölkəmizə böyük faciə yaşatmışdı. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi müstəqilliyimizə ciddi təhdid yaratmışdı. Xaos, anarxiya adi hal almışdı. Belə görünür ki, həmin hava hələ də onların başından çıxmayıb.

Vüqar Rəhimzadə bildirib ki, bu gün Azərbaycanda qanunun aliliyi ən yüksək səviyyədə təmin edilir, vətəndaşların sərbəst toplaşmaq, ifadə azadlıqlarına hörmətlə yanaşılır. Heç kim öz fikrini sərbəst ifadə etməsinə görə təqiblərə, təzyiqlərə məruz qalmır. AXCP sədri kərimov əli və qondarma “milli şura”nın marionet rəhbəri həsənov cəmil Azərbaycanı gözdən salmaq üçün hər cür vasitəyə əl atırlar.  Kərimov əli, onun idarə etdiyi həsənov cəmil  kimi  xəyanətkarlar öz çirkin əməlləri, böhtanları ilə bir daha onlara və sifariş aldıqları ağalarına Azərbaycan dövlətinin güclü olmasının, xalqın rifah halının yüksəlməsinin, ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edilməsinin sərfəli olmadığını ortaya qoyurlar. Bu xəyanətkarların sosial şəbəkələrdəki qaragüruhçu fəaliyyəti bir daha göstərir ki, böhtan, əsassız iddialar, yalan, qərəz onlar üçün əsas siyasi tezisdir. Bu isə inkarçılıq sindromuna yoluxan antimilli ünsürlərin artıq mənəvi-əxlaqi böhran keçirdiyini təsdiqləyir. Mayaları şər, qərəz, iftira, böhtanla yoğrulan kərimov əli, həsənov cəmil kimilər hələ də ölkənin siyasi arenasından silindiklərinin, marginal qruplara çevrildiklərinin fərqində deyillər.

Seçilən
1
6
ikisahil.az

8Mənbələr