AZ

Hatayda “Zəfərə gedən yol” adlı anım mərasimi keçirilib

ain.az bildirir, Xalq qazeti portalına istinadən.

Türkiyənin Hatay vilayətinin Payas şəhərində 27 Sentyabr – Anım Günü münasibətilə “Zəfərə gedən yol” adlı anım mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Diasporuna Dəstək Fondunun, Payas Bələdiyyəsinin və Hatay Azərbaycan Evinin birgə təşkilatçılığı ilə qədim tarixə malik Sokullu Mehmet Paşa Külliyyesində baş tutub.

XQ xəbər verir ki, mərasimdə  iki qardaş ölkənin şəhidlərin əziz xatirəsi ehtiramla yad edildikdən sonra Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Anım Günü ilə əlaqədar sosial mediada paylaşdığı video və Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı, şanlı Zəfərimizdən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri açıq elan edən Payas Bələdiyyəsinin sədri Bekir Altan qonaqları salamlayaraq, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbənin önəmi, şəhidlərin əziz xatirəsi, iki qardaş ölkə arasındakı münasibətlərdən bəhs edib.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Payas kaymakamı Kürşad Karaca və Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömür çıxışlarında Azərbaycanın haqq savaşında göstərdiyi iradənin və Türkiyənin bu müddətdə verdiyi mənəvi dəstəyin əhəmiyyətindən bəhs ediblər. İki qardaş ölkənin sarsılmaz qardaşlıq və dostluq əlaqələrinə toxunaraq, istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirdiyi faktlarla diqqətə çatdırılıb.

Çıxış edənlər iki xalqın Ümummilli liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Bir millət, iki dövlət” fikirlərini xatırladaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkələrimiz arasındakı münasibətləri bu tarixi düstur əsasında uğurla davam etdirdiyini vurğulayıblar.

Dövlət qurumlarının, diasporun fəallarının və yerli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirin sonunda Xalq artisti Azərinin ifasında "Çırpınırdın, Qara dəniz" mahnısının sədaları altında Azərbaycan və Türkiyənin şanlı bayraqları dalğalandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
3
xalqqazeti.az

4Mənbələr