AZ

Rusiya daha bir ölkəni qarışdıra bilər – Putin “türk kartı”na əl atır

Moldovada keçirilən parlament seçkilərində Prezident Maya Sandunun Fəaliyyət və Həmrəylik Partiyası (PAS) qalib gəlib. Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, PAS bülletenlərin 99.47 faizinin sayılmasından sonra 49.9 faiz səs alıb. Onun rəqibi, keçmiş prezident İqor Dodonun rəhbərlik etdiyi “Vətənpərvər blok” isə 24,28% səslə ikinci olub.

“Alternativ” bloku 7.99, “Bizim Partiya” 6.22, “Demokratiya evdədir” partiyası isə 5.63 faiz səs toplayıb. Bununla da Maya Sandunun partiyası parlamentdə 51 yer alaraq, təkbaşına hökumət formalaşdırmaq üçün böyük üstünlük qazanıb.

Xalqın seçimi nədir?

PAS-ın qələbəsi ölkənin siyasi gələcəyi baxımından həm sabitlik, həm də idarəetmə baxımından ciddi fürsətdir. Bundan başqa, bu qələbə həm də Rusiya-Qərb qarşıdurması kontekstində açıq bir mövqe deməkdir.

Əslində, son illərdə Moldovanın Qərbə inteqrasiya meyillərinin cəmiyyət tərəfindən daha geniş qəbul olunduğu müşahidə edilirdi. Bunun əsas səbəbi Sandu administrasiyasının bir neçə ildir ki, korrupsiya ilə apardığı mübarizə, Avropa İttifaqı ilə münasibətləri dərinləşdirməsi və Rusiyanın təsirindən qurtulmaq istiqamətində ardıcıl və açıq xətt yürütməsidir. PAS-ın bu seçkilərdəki uğuru göstərir ki, xalq bu kursa inam bəsləyir və davamını istəyir.

Nəticə həm də onu göstərdi ki, Moldova cəmiyyəti postsovet nostaljisinə yox, institusional islahatlara, qərbyönümlü xarici siyasətə və hüquqi dövlətə üstünlük verir. PAS-ın əsas rəqibi olan, Rusiya meyilli “Vətənpərvər blok”un yalnız 24.28 faiz səs alması, bu ideoloji xəttin əvvəlki qədər təsirli olmadığını və yavaş-yavaş sosial bazasını itirdiyini sübut edir.

Rusiya ciddi itki ilə üzləşdi

Moldova parlament seçkilərini diqqətçəkən edən əsas məqam həm region, həm də Rusiya üçün nəticələridir. Düzdür, Moldova coğrafi baxımdan kiçik olsa da, siyasi və geosiyasi baxımdan Şərqi Avropada mühüm mövqe tutur. Ukrayna ilə sərhəddə yerləşməsi, Dnestryanı kimi separatçı bölgənin varlığı və Rusiyanın bu bölgədəki maraqları fonunda Kişinyovun Qərbə yönəlməsi Moskva üçün sadəcə siyasi deyil, strateji itki deməkdir. Təsadüfi deyil ki, seçkilərdən əvvəl Rusiya tərəfindən müxtəlif təzyiq siqnalları, o cümlədən NATO-nun Moldova ilə bağlı planları haqqında dezinformasiyalar yayılmışdı. Bu isə Kremlin Moldova qarşısında zəifləyən təsirindən doğan narahatlığının təzahürüdür.

Rusiyanın açıq müdaxilələrinə baxmayaraq, Maya Sandunun partiyasının təkbaşına hökumət formalaşdırmaq imkanı əldə etməsi, Moldovanın daxili siyasətində sabitliyi təmin edə, islahatların sürətlənməsinə şərait yarada bilər. İndiyə qədərki parçalanmış parlament sistemləri islahatları ləngidirdi. Hazırda isə PAS-ın əlində həm siyasi mandat, həm də ictimai dəstək var.

“Türk kartı” iə düşə bilər

İndi isə Moldovanı daha ciddi sınaqlar gözləyir. Çünki iqtisadi baxımdan zəif, enerji asılılığı olan, üstəlik separatçı təhdidlə üz-üzə qalan bir ölkədir. Yəni Sandu hökuməti bundan sonra həm daxili, həm də xarici təzyiqlərlə üzləşməli olacaq. İ.Dodon və rəsmi Moskva azalan nüfuz və təsirlərinə cavab olaraq daha radikal addımlara baş vura bilər. Xüsusilə Rusiyanın separatçılıq kartından istifadə etməsi istisna deyil. Bu zaman isə ən maraqlı proses qaqauzlarla bağlı yaşanacaq.

Turan Rzayev
Globalinfo.az

Seçilən
0
1
editor.az

2Mənbələr