AZ

Özbəkistanlı media nümayəndələri ilə Bakı Dövlət Universitetində görüş keçirilib (FOTO)

29 sentyabr tarixində ölkəmizdə səfərdə olan Özbəkistanlı media nümayəndələri ilə Bakı Dövlət Universitetində görüş təşkil olunub.

Bu barədə Medianın İnkişafı Agentliyindən məlumat verilib.

Görüşdə çıxış edən BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev bildirib ki, Azərbaycan ilə Özbəkistan arasında bütün sahələrdə olduğu kimi mətbuat sahəsində də münasibətlər yüksək səviyyədədir. O, ortaq tarixə, dilə, mədəniyyətə malik iki ölkənin media sahəsində də birgə layihələr həyata keçirməsinin önəmini vurğulayıb. Eyni zamanda qonaqlar jurnalistika sahəsi üzrə peşəkar kadrların hazırlanması istiqamətində görülən işlərlə tanış olublar. Diqqətə çatdırılıb ki, sözügedən ixtisasın sistemli şəkildə öyrədilməsinə postsovet məkanında məhz Bakı Dövlət Universitetində başlanılıb və həmin ənənə bu gün də uğurla davam etdirilir.

BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov nümayəndə heyətinə Universitetin tədris, elmi fəaliyyəti, beynəlxalq əlaqələri haqqında məlumat verib. Qeyd edib ki, son bir neçə ildə BDU Özbəkistanın ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrini daha da gücləndirərək əməkdaşlıq müqavilələri imzalayıb, tələbə və müəllim mübadiləsi proqramları həyata keçirib.

BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova çıxışlarında iki ölkə arasında media sahəsində əməkdaşlığın ortaq maraqlara xidmət etdiyini diqqətə çatdırıblar.

Qonaqlar Özbəkistanda qəzet və onlayn xəbər saytlarının, informasiya agentliklərinin fəaliyyəti və təmsil etdikləri media orqanları barədə məlumat verərək iki ölkənin ali jurnalist təhsili üzrə tərəfdaşlığının əhəmiyyətini vurğulayıblar.

Sonra qonaqlar fakültənin strukturu və ixtisaslaşmış otaqları ilə tanış olublar.

Özbəkistanlı
Özbəkistanlı
Özbəkistanlı
Özbəkistanlı
Özbəkistanlı
Özbəkistanlı
Özbəkistanlı
Özbəkistanlı
Özbəkistanlı
Özbəkistanlı
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
4
olaylar.az

6Mənbələr