AZ

Azərbaycan və Türkiyə Ombudsman təsisatları insan hüquqları sahəsində əməkdaşlığı müzakirə ediblər

Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədri Fahrettin Altun və rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir. Səfər çərçivəsində Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Aparatın bir qrup əməkdaşı, Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Fahrettin Altun və nümayəndə heyəti, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün ilə birgə Fəxri xiyabanı, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.

Ombudsman Aparatından Operativ Media-ya verilən məlumata görə, əvvəlcə Ulu Öndərin məzarı ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla anılıb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı önünə çiçəklər düzülüb.

Nümayəndə heyəti Şəhidlər xiyabanı və “Türk şəhidliyi” abidəsini də ziyarət edərək, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinə dərin ehtiramlarını bildiriblər. 

Daha sonra ombudsman S.Əliyeva TİHEK-in sədri və nümayəndə heyəti ilə Ombudsman Aparatında görüşüb. 

Görüş zamanı ombudsman mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verib.

Beynəlxalq təşkilatlarla, eləcə də milli insan hüquqları institutları ilə əməkdaşlıq əlaqələrindən danışan S.Əliyeva Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumu ilə sıx əməkdaşlığın mövcud olduğunu, birgə layihələrin həyata keçirildiyini bildirib, bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. 

Ombudsman qeyd edib ki, iki qardaş dövlət hər zaman nüfuzlu təşkilatlarda və beynəlxalq səviyyədə həyata keçirilən tədbirlərdə qarşılıqlı olaraq bir-birilərini dəstəkləyirlər. 

Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət, o cümlədən müharibə və postmüharibə dövrlərində həyata keçirilmiş faktaraşdırıcı missiyalar, həmin missiyaların nəticələri əsasında hazırlanmış xüsusi hesabat, bəyanat və müraciətlərlə bağlı məlumatları əks etdirən təqdimatlar qonaqların diqqətinə çatdırılıb, suallar cavablandırılıb. 

TİHEK sədri Fahrettin Altun illər ərzində formalaşmış əməkdaşlıq əlaqələrinin və müsbət təcrübə mübadiləsinin davam etdirilməsi istiqamətində səylərini artıracağını vurğulayıb. 

Sonda iki ölkə arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud olan sıx əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib, gələcək əməkdaşlığın perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. 

F.Altun və nümayəndə heyəti Vətəndaşların Qəbulu Mərkəzində mövcud şəraitlə tanış olub, həmçinin yerli televiziya kanallarına müsahibə verib.

Seçilən
52
3
operativmedia.az

4Mənbələr