AZ

"Ən unudulmaz xatirələrim futbol ilə bağlı olub"

"Ən unudulmaz xatirələrim futbol ilə bağlı olub"

90deqiqe.Az saytının "İdmançıların məktəb illəri" rubrikası davam edir.

Növbəti qonağımız "Araz-Naxçıvan" futbol klubunun oyunçusu, kapitan Urfan Abbasovdur. Urfan bəyin məktəb illəri mövzusunda müsahibəsini təqdim edirik:

Məktəb vaxtı idmana necə maraq göstərməyə başladın? Dərslərlə məşqləri bir yerdə aparmaq sənə çətin olmurdu ki?

Futbola olan həvəsim demək olar ki, uşaqlıqdan başlayıb. Yaşadığım məhlədə həm futzalda, həm də böyük futbolda ad çıxarmış Ağatahir Əzimov və Zaur Ramazanov kimi futbolçular yaşayırdılar. Onları görüb, oyunlarına baxaraq motivasiya alırdım. O vaxtlar indiki Bakı Türk Atatürk Liseyinin həyətində demək olar ki, hər gün, hər axşam futbol oynayırdıq. Məktəbdə də zəngi səbirsizliklə gözləyirdik ki, tez həyətə çıxıb futbol oynayaq. Futbol hər zaman həyatımın bir hissəsi olub. Dərsdən sonra da uşaqlarla toplaşaraq futbol oynayırdıq. Marağım o qədər böyük idi ki, bəzən dərsdən qaçıb oynamağa gedirdik.

Müəllimlərin və sinif yoldaşların sənin idmanla məşğul olmağına necə baxırdılar? Məktəb illərindən yadında qalan ən maraqlı xatirən hansıdır?

Bakı Türk Atatürk Liseyinin məzunu olmuşam. Məktəbdə geyindiyimiz formalar adi məktəb formalarından tamamilə fərqli idi. Hətta elə vaxtlar olurdu ki, məktəbə idman forması ilə gedirdim. Bəzən sinif yoldaşlarım təəccüblə baxıb soruşurdular: “Bu nə formadır geyinmisən?” Amma onlar həmişə mənə dəstək olublar və inanırdılar ki, məndən yaxşı futbolçu çıxacaq. Şükür ki, futbolla davam etdim və böyük futbolda nəyə qadir olduğumuzu göstərdim.

Məktəb illərində ən unudulmaz xatirələrim futbol ilə bağlı olub. Məktəblərarası yarışlarda və ya digər siniflərlə oyunlarda həmişə mənə güvənirdilər, bilirdilər ki, yaxşı futbol oynayıram. Çox vaxt qalib gəlirdik. Bu xatirələr bu gün də yaddaşımda yaşayır. Təəssüf ki, o günlər artıq geridə qalıb.

İdmanla məşğul olan həmyaşıdlarına və yeni dərs ilinə başlayan şagirdlərə nə məsləhət verərdin?

Yeni başlayan uşaqlara tövsiyəm odur ki, hansı idman növü ilə məşğul olmalarından asılı olmayaraq – istər futbol, istərsə də başqa bir sahə olsun – əsas məsələ daima idmanla məşğul olmaq və sağlam həyat tərzi sürməkdir. Əgər kimsə bu sahədə peşəkar olmaq istəyirsə, daha çox çalışmalı və öz üzərində ciddi işləməlidir. Çünki uğura aparan yol zəhmətdən keçir. Ona görə də çox çalışsınlar ki, əziyyətlərinin bəhrəsini görsünlər.

Fəxriyyə Adil

Seçilən
71
90deqiqe.az

1Mənbələr