AZ

Trampla görüşü zamanı zəng edib bu ölkədən üzr istədi

İsrail Baş naziri Benyamin Netanyahu, ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə keçirdiyi görüş zamanı Qətər Baş naziri ilə telefonla danışaraq, 9 sentyabrda Dohaya edilən hücuma görə rəsmi üzrünü çatdırıb.

Ağ Ev hadisə ilə bağlı verdiyi rəsmi açıqlamada bildirib ki, Prezident Donald Tramp, İsrail Baş naziri Netanyahu və Qətər Baş naziri Məhəmməd bin Abdurrahman bin Casim Əl-Sani ilə üçtərəfli telefon danışığı aparıb.

Tramp, uzun illər davam edən gərginlikdən sonra İsrail-Qətər münasibətlərinin müsbət istiqamətə yönəldilməsini arzuladığını vurğulayıb.

Liderlər koordinasiyanı və dialoqu gücləndirmək, qarşılıqlı narazılıqları aradan qaldırmaq və potensial təhdidlərin qarşısını almaq üçün üçtərəfli mexanizmin yaradılmasına razılıq veriblər.

Netanyahu, İsrailin Qətərdəki Həmas hədəflərinə endirdiyi hücum nəticəsində təsadüfən bir Qətər əsgərinin həlak olmasına görə "dərin təəssüf" ifadə edib. O, həmçinin Qətərin suverenliyinin pozulmasına görə üzr istəyib və gələcəkdə bu cür hücumların təkrarlanmayacağını bildirib.

Qətər Baş naziri Əl-Sani bu üzrxahlığı müsbət qarşılayaraq, ölkəsinin bölgədə təhlükəsizlik və sabitliyə töhfə verməyə davam edəcəyini qeyd edib. Hər iki tərəf Qəzzadakı münaqişənin həlli və qarşılıqlı anlaşmanın artırılması məsələlərini müzakirə edib.

Hadisə İsraildə birmənalı qarşılanmayıb. Ultra-sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir Netanyahu-nun Qətərə üzr zənginə sərt reaksiya verib.

Ben-Qvir sosial mediada paylaşım edərək, Dohaya hücumu "vacib, ədalətli və əxlaqi" adlandırıb və bildirib:

"Qətər terrorizmi dəstəkləyən, maliyyələşdirən və qızışdıran bir dövlətdir. Onların əlindəki terroru heç bir pul təmizləyə bilməz."

Qeyd edək ki, 9 sentyabrda İsrail ordusu Qətərin paytaxtı Doha şəhərinə hava zərbəsi endirib. Hücum nəticəsində şəhərin şimalındakı West Bay Lagoon bölgəsinə yaxın ərazidə yerləşən kompleks ağır zərər görüb.

İsrail ordusu açıqlamasında hücumun Qətərdəki Həmas rəhbərliyinə qarşı "dəqiq zərbə" əməliyyatı olduğunu bildirib. Hücumda 15 qırıcı təyyarə iştirak edib və hədəfə 10 ədəd idarəolunan sursat atılıb.

Qətər 2012-ci ildən bəri Həmasın siyasi ofisinə ev sahibliyi edir və 7 oktyabr 2023-dən bəri İsrail və Həmas arasında dolayı danışıqlarda vasitəçilik rolunu oynayır.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
6
1
milli.az

10Mənbələr