Son illərdə ürək-damar xəstəlikləri daha gənc yaşlarda görünməyə başlayıb.
Redaktor.az xəbər verir ki, əgər əvvəllər infarkt əsasən 60 yaşdan yuxarı insanlarda rast gəlinirdisə, indi 40–50 yaş arası şəxslər də risk qrupuna daxil olur.
Bu, həm həyat tərzi, həm də orqanizmin təbii dəyişiklikləri ilə bağlıdır.
Təzyiq və damar sərtliyi
Bu yaşdan sonra damar divarları əvvəlki elastikliyini itirir. Yüksək qan təzyiqi isə damarların daxili qatını zədələyərək infarkt üçün zəmin yaradır.
Xolesterin və damar tıxanıqlığı
Uzun illər ərzində yığılan qeyri-sağlam qidalanma nəticəsində xolesterin lövhələri əmələ gəlir. Damarların daralması ürəyə qan axınını zəiflədir və qəfil tıxanma ilə infarkt baş verə bilər.
Artıq çəki və maddələr mübadiləsi
40 yaşdan sonra maddələr mübadiləsi yavaşlayır. Hərəkətsizlik və yüksək kalorili yeməklər artıq çəkiyə səbəb olur. Qarın piylənməsi ürək xəstəliklərinin ən ciddi risk faktorlarından biridir.
Stress və gündəlik gərginlik
İş, ailə və sosial məsuliyyətlər bu yaş dövründə insanın üzərinə daha çox düşür. Uzunmüddətli stress ürək ritmini pozur, damar spazmları yaradır və təzyiqi yüksəldir. Bu isə miokard infarktının əsas amillərindən biridir.
Zərərli vərdişlər
Siqaret, elektron siqaret və spirtli içkilər ürək-damar sisteminə zərbə vurur. Bir çox həkimlərin sözlərinə görə, siqaret çəkən şəxslərdə infarkt riski çəkənlərə nisbətən 2–3 dəfə artıqdır.
Genetik faktorlar
Əgər ailədə gənc yaşda infarkt hadisələri olubsa, bu risk daha da artır. Genetik meyillik səbəbindən sağlam həyat tərzi belə riski tamamilə sıfırlamır, amma xeyli azaldır.
Yanaşı xəstəliklərin təsiri
Şəkərli diabet, qalxanabənzər vəzin hormonal pozğunluqları, böyrək xəstəlikləri ürək üzərində əlavə yük yaradır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, düzgün vərdişlərlə infarktın qarşısını almaq mümkündür. Bunun üçün:
-Sağlam və balanslı qidalanmaq,
-Fiziki aktivliyi artırmaq,
-Siqaret və alkoqoldan uzaq durmaq,
-Stressi idarə etməyi öyrənmək,
-Müntəzəm tibbi müayinədən keçmək vacibdir.