AZ

Paşinyanın Bakıdan iki qəribə gözləntisi - biri Zəngəzur...

Erməni baş nazir BMT tribunasından Naxçıvana maneəsiz keçidin adı və "həbs olunanların problemini" qaldırmaqla bizdən nə umur? - rəylər

"İtkin düşmüş sayılan şəxslərin taleyinə aydınlıq gətirilməsi, uzun müddətdir davam edən münaqişənin nəticəsi kimi həbs olunanların probleminin həlli bizim gündəlik fəaliyyətimizin mühüm tərkib hissəsidir".

Bu sözləri ötən həftəsonu BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında Ermənistanın baş naziri Nikol Paşinyan söyləyib.

Paşinyan həmçinin bildirib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərdə artıq dönüş yaranıb. "Sərhəd demarkasiyası komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamə ratifikasiya olunmaqla ali hüquqi qüvvə qazanıb. Ermənistan və Azərbaycan dövlətlərarası münasibətlərin yaradılması haqqında Sazişi razılaşdıra bilib və sənəd avqustda ABŞ-də paraflanıb. Fədakarlığı, ardıcıllığı və dürüstlüyü ilə qeyri-mümkün kimi görünənləri mümkün edən ABŞ Prezidenti Donald Trampın bu sülh prosesində rolu mühümdür. Beləliklə, sülh bərqərar oldu, lakin bu, gündəlik qayğı tələb edir", - baş nazir qeyd edib.

O, çıxışında həmçinin Zəngəzur dəhlizi ifadəsinin Vaşinqtonda imzalanmış razılaşmalarda əks olunmadığını xüsusi vurğulayaraq, bunun rəsmi diskursda işlədilməməli olduğunu xahiş edib. Bu zaman unudub ki, Ağ Evdə imzalanan sənədlərdə əksini tapmış "Naxçıvana maneəsiz keçid" elə dəhliz məntiqi deməkdir.

İkincisi, Paşinyan BMT tribunasından "həbs olunanların problemini" qaldırmaqla nəyi nəzərdə tutur, Bakıdan nə umur? Bura hərbi cinayətlərdə ittiham olunan və məhkəməsi gedənlər də daxildimi? Sülh sənədi imzalanana və ya qonşu ölkədə növbəti parlament seçkilərinədək erməni dustaqların bir qismi qaytarıla bilərmi?

Politoloq Elxan Şahinoğlu bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi məsələsini bu şəkildə dilə gətirməklə yenə özü-özünü təkzib edib: "O BMT Baş Assambleyasındakı çıxışında Azərbaycanda "Zəngəzur dəhlizi" ifadəsinin gündəmdən çıxarılması gərəkliyini bildirib. Ona toxunan odur ki, 8 avqustda Vaşinqtonda əldə edilən razılaşmadan sonra həmin layihə qısa adı "Tramp dəhlizi" ("Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu") kimi çağırılmalıdır. Halbuki Paşinyan bir neçə həftə əvvəl İrəvandakı açıqlamalarının birində Azərbaycanın layihəni "Zəngəzur dəhlizi" adlandırmasına etiraz etməməsini belə əsaslandırmışdı: "Bu ad (Zəngəzur dəhlizi) Azərbaycanda çox populyardır və orada hansısa infrastruktur, o cümlədən "Tramp marşrutu"na qoşulacaq layihə belə adlandırıla bilər".

Görünür, Paşinyana təsir edən odur ki, Azərbaycandakı auditoriya ilə yanaşı beynəlxalq aləmdə də "Zəngəzur dəhlizi" ifadəsi populyardır, bir qism hallarda xarici mediadakı məqalələrdə də bu addan istifadə olunur. 1990-cı illərin sonlarında beynəlxalq tədbirlərin birində erməni ekspertlə adla bağlı mübahisəmi xatırlayıram. Çıxışımda Xankəndi söylədikcə o əsəbiləşirdi, fasilədə mənə yaxınlaşaraq "Stepanakert qəbul olunmuş addır, niyə reallığı qəbul etmək istəmirsiz" deyə sual etmişdi. "Kimin necə adlandırmasından asılı olmayaraq bizim üçün həmin şəhər Xankəndidir" demişdim və sonda biz deyən oldu, bu gün beynəlxalq aləm də bu adı qəbul edib. İndi ermənilər kefləri istədikləri qədər "Tramp dəhlizi" ifadəsindən istifadə edə bilərlər, biz bu adla yanaşı, "Zəngəzur dəhlizi" ifadəsindən də istifadə edəcəyik. Bu ada dəhlizin ikinci adının müəllifi olan Ağ Ev sahibi də etiraz etmir. Əsas olan Azərbaycan vətəndaşlarının Zəngəzur və Tramp dəhlizindən maneəsiz istifadəsinin təmin edilməsidir. Paşinyan bunu reallaşdırmalıdır, özünün istifadə etdiyi "Tramp dəhlizinin" də əsas şərti məhz budur".

Politoloq qeyd etdi ki, Nikol Paşinyan üçün Bakıda məhkəməsi gedən separatçıların məsələsi əsas məsələ deyil: "Əslində həmin cinayətkar dəstənin nə azad olunmasını, nə də Ermənistana verilməsini Paşinyan istəyir. Sadəcə, seçkilər yaxınlaşdıqca erməni cəmiyyəti, daxili auditoriya üçün son vaxtlar Paşinyan Bakıda həbsdə olan ermənilərin məsələsi" kimi fikirlər səsləndirir. Məqsəd seçkiqabağı dövrdə müxalifətin, revanşistlərin, Qarabağ klanının əlinə "Paşinyan Bakıda həbsdə saxlanan ermənilərin məsələsini dilinə gətirmir" kimi antitəbliğat üçün bəhanə verməməkdir. Şübhəsiz ki, Bakı da bunu bu cür qəbul edir və Paşinyanın qaldırdığı məsələyə Bakı "qaldırdığın məsələni qəbul edirik" kimi cavab verəsi deyil. Separatçı canilərin məhkəməsi gedir və onlar qanun qarşısında cavab verirlər, cəzalarını da alacaqlar. O ki qaldı müharibə zamanı itkin düşmüş şəxslərin məsələsinin qaldırılmasına, Ermənistan özü ilk növbədə bu məsələdə cavab verməli tərəfdir. 4 minə yaxın azərbaycanlı Birinci Qarabağ müharibəsində itkin düşüb və onların böyük əksəriyyəti Ermənistan tərəfindən əsir götürülüb. Ermənistanın heç bir hökuməti bu qədər azərbaycanlının taleyi haqda məlumat vermir. Azərbaycanın bu məsələ barədə İrəvan qarşısında tələbi qüvvədə qalır. Paşinyan ilk növbədə bunun cavabını verməlidir".

Politoloq Xəyal Bəşirov isə bildirdi ki, Nikol Paşinyan BMT Baş Assambleyasında təxminən 25 dəqiqəlik çıxışının daha çox hissəsini Azərbaycan Prezidenti İlham Əliyevin orada etdiyi çıxış əsasında qurub: "Sanki Paşinyan daha çox Azərbaycan Prezidentinin çıxışındakı fikirlərə cavaba fokuslanmışdı. Erməni baş nazir itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsini istədiyini deyir. Bu tələblə Azərbaycan illərdir ki, çıxış edir. Azərbaycanın Birinci Qarabağ müharibəsində 4 minə yaxın vətəndaşı itkin düşüb. Onların çoxunun Ermənistan tərəfindən girov və əsir götürüldüyü məlumdur. Ermənistan bu günə qədər həmin şəxslərin sonrakı taleyi barədə Azərbaycana, müvafiq beynəlxalq təşkilatlara məlumat verməyib. Bu, əslində Ermənistanın beynəlxalq konvensiyaların tələblərini pozmasıdır. Ermənistan özünün törətdiyi cinayətlərin üstünün açılmaması üçün məlumatları gizli saxlamaqla növbəti cinayətə yol verir. Bu faktor Azərbaycanla Ermənistan arasında sülh prosesinə təsir edə biləcək çox həssas faktorlardandır. Səmimi və əbədi sülh istəyiriksə, bu cür məsələlərə aydınlıq gəlməli və suallar qalmamalıdır".

Politoloq bildirdi ki, Zəngəzur dəhlizi söhbətini Paşinyanın gündəmə gətirməsi Ermənistanın yenə də kəlmələr üzərində oyun qurmağa başlamasıdır: "Məsələnin bu şəkildə qoyulması sülh prosesinə mənfi təsir göstərir. Ərazinin tarixi adı Zəngəzurdursa, oradan keçən yolun adının Zəngəzur olmasında qeyri-adi nə isə axtarmaq düzgün deyil. Ola bilsin ki, Paşinyan erməni xalqını sakitləşdirmək üçün o cür fikirlər səsləndirir. Bakıda həbsdə saxlanan ermənilərin məsələsini BMT tribunasından səsləndirməsi də Paşinyanın erməni cəmiyyətinə hesablanmış fikirləridir. Paşinyan əslində Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan və digərlərinin bu gün buraxılmasını və gedib Ermənistanda yaşamalarını istəmir".Yeni  Musavat

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
1
olaylar.az

2Mənbələr