AZ

Azərbaycanın regionda daha da güclənən rolunun təcəssümü

Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı həm əhatə dairəsinin genişliyi, həm də vacib məsələlərin səsləndirilməsi və onların həlli yolu ilə bağlı təkliflərin verilməsi  baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı təkcə Cənubi Qafqazın deyil, bütün beynəlxalq sistemin gələcəyinə təsir edə biləcək tarixi düşüncəni, siyasi baxışı və konkret təşəbbüsləri yüksək tribunadan mükəmməl şəkildə təqdim etdi. 

Təəssüf ki, bu gün bəşəriyyət hərbi münaqişələrin yenidən beynəlxalq siyasətin müəyyənedici amillərinə çevrildiyi bir dövrdə yaşayır. Bu narahatedici kontekstdə Azərbaycanın təcrübəsi xüsusilə qiymətlidir. Uzun müddət erməni işğalına məruz qalan, etnik təmizləmə siyasətinin qurbanı olan, tarixi  əraziləri,  qədim dini-mədəni abidələri dağıdılan, ekoloji və humanitar fəlakətlərə düçar olan bir ölkənin rəhbəri bu gün dünyaya sülhə necə nail olmaq olar, ədaləti necə bərpa etmək olar, region dövlətlərlə dinc, yanaşı necə yaşamaq olar, beynəlxalq səviyyədə etibarlı tərəfdaşa necə çevrilmək olar  təcrübəsini bölüşdü: "Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam". Prezident İlham Əliyevin bu fikirləri o qədər səmimi və əsaslandırılmış idi ki,   fikrimcə, bu çıxışı dinləyən hər bir Azərbaycan vətəndaşı fəxr hissi keçirdi. 

Biz o faciələri yaxşı xatırlayırıq və  heç bir zaman da unutmayacağıq. Təxminən otuz il ərzində Azərbaycanın suveren ərazisinin 20 faizi Ermənistanın hərbi işğalı altında qalmış, bir milyona yaxın azərbaycanlı öz ev-eşiyini tərk etmək məcburiyyətində olmuş, kütləvi qovulmağa və etnik təmizləməyə məruz qalmışdır. Ermənistan silahlı qüvvələrinin dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli dörd qətnaməsi icra olunmamış, nizamlamanı asanlaşdırmaq üçün yaradılmış ATƏT-in Minsk qrupu isə sadəcə olaraq status-kvonu və dondurulmuş münaqişəni qoruyub saxlamışdır. Nəhayət, Azərbaycan 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş qanuni özünümüdafiə hüququndan istifadə etdi və 44 günlük Vətən müharibəsi zamanı beynəlxalq hüquq normalarına tam uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etdi. 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və işğalın sona çatması ilə əlamətdar oldu. Lakin döyüş meydanındakı qələbə bu prosesin tarixi sonu olmadı. Dövlət başçımızın da qeyd etdiyi kimi, müharibədən dərhal sonra Azərbaycan Ermənistanla münasibətlərdə ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınmasına əsaslanan yeni səhifənin açılmasını təklif etdi. Beş əsas prinsip irəli sürüldü, sülh müqaviləsinin imzalanması üçün danışıqlar prosesinə başlandı və sazişi pozmaq üçün çoxsaylı cəhdlərə baxmayaraq, xarici təzyiqlərdən məhrum olan ikitərəfli format irəliləyişə imkan verdi. Kulminasiya nöqtəsinə 2025-ci ilin avqustunda Vaşinqton sammitində, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Ağ Evdə sülh sazişini paraflamaları, Prezident İlham Əliyev və Baş nazir N.Paşinyan ABŞ Prezidenti Donald Trampın birbaşa iştirakı ilə Birgə Bəyannaməni imzalamaları ilə çatdı. Simvolik davamı Bakı və İrəvanın köhnəlmiş və faydasız mexanizm kimi ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciət oldu və sentyabrın 1-də Minsk qrupu təşkilatın özü tərəfindən rəsmən ləğv olundu.

Vaşinqton sammiti təkcə Ermənistan-Azərbaycan sülh prosesində dönüş nöqtəsi deyil, həm də Azərbaycan ilə ABŞ arasında münasibətlərdə yeni səhifənin başlanğıcı oldu. Siyasət, iqtisadiyyat, enerji, nəqliyyat, müdafiə və təhlükəsizlik məsələlərini əhatə edən Strateji Tərəfdaşlıq Xartiyasının əsasını qoyan Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumu imzalandı. ABŞ Prezidenti 1992-ci ildə Azadlığa Dəstək Aktının 907-ci maddəsinə düzəlişə əsasən, Azərbaycana qarşı tətbiq edilən sanksiyaları dayandırmaqla da mühüm addım atdı. Konqresin bu müddəanı ləğv etməsi ikili standartların tarixi mirasına son qoyar və Azərbaycanın qlobal sabitlik və təhlükəsizliyə fəal töhfə verdiyi bir vaxtda etimadı gücləndirərdi.

Dövlət başçısının çıxışında siyasi aspektlə yanaşı, humanitar aspektə də toxunulub. Prezident işğalın törətdiyi dağıntılar barədə ətraflı danışıb: yüzlərlə yaşayış məntəqəsi yerlə yeksan edilib, 65 məscid vəhşicəsinə dağıdılıb. Məhz buna görə də Böyük qayıdış proqramı yeni dövrün simvoluna çevrilmişdir - artıq 50 mindən çox insan işğaldan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır. Bununla belə ən ciddi təhdidlərdən biri 2020-ci ildən indiyədək 400-dən çox insanın həyatına son qoyan mina təhlükəsi, eləcə də 4000-ə yaxın itkin düşmüş azərbaycanlının faciəli taleyi beynəlxalq diqqət tələb etməkdə olan məsələlərdir.

Prezident İlham Əliyevin çıxışı təkcə dünyaya mesaj kimi deyil, həm də qlobal fəaliyyət planı kimi formalaşıb. COP29-da qəbul edilmiş, Bakı Maliyyə Hədəfi kimi də tanınan Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) qlobal iqlim maliyyəsində tarixi mərhələdir. Bu öhdəlik 2035-ci ilə qədər inkişaf etmiş ölkələrin dövlət mənbələrindən inkişaf etməkdə olan ölkələrə illik 100 milyard ABŞ dolları məbləğində ilkin iqlim maliyyələşdirmə hədəfini hər il ən azı 300 milyard ABŞ dollarına çatdırmağı nəzərdə tutur. Azərbaycan həmçinin Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq, karbon bazarları üçün uzun müddətdir gözlənilən çərçivəni uğurla yekunlaşdıraraq, Paris Sazişinin qəbulundan doqquz il sonra onun tam fəaliyyətə başlamasını təmin etdi. İqlim dəyişikliyinə məruz qalan həssas icmalara vacib dəstək verən İtki və Zərərlərə Cavab Fondunun tam fəaliyyət göstərməsi üçün COP29-da bir neçə əsas saziş imzalanıb. Eyni zamanda, Prezident İlham Əliyev utopik illüziyalara qarşı da xəbərdarlıq edib: "yaşıl keçid" lazımdır, lakin dünya uzun müddət mədən yanacaqları olmadan bunu edə bilməyəcək və enerji təhlükəsizliyi qlobal sabitliyin təməl daşı olaraq qalır.

Azərbaycan etibarlı tərəfdaş statusunu inamla möhkəmləndirib: bu gün o, 14 ölkəni təbii qazla təchiz edir, Xəzər regionunu qlobal bazarlarla əlaqələndirir və marşrutların şaxələndirilməsini təmin edir. Simvolik nümunə onun Suriyaya yardımıdır. 2025-ci ilin avqustunda Azərbaycan Türkiyə üzərindən qaz tədarük etməyə başlayıb və bununla da ölkənin elektrik enerjisi çatışmazlığını əhəmiyyətli dərəcədə azaldıb. Ölkə eyni vaxtda bərpaolunan enerji mənbələrinə irimiqyaslı investisiyalar cəlb edir, onların payını 2030-cu ilə qədər 40 faizə çatdırmağı planlaşdırır. Eyni zamanda Azərbaycan nəqliyyat əlaqələrini gücləndirir: Orta dəhliz üzrə tranzit 2022-ci illə müqayisədə 90 faiz artıb, Ələt limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirib. Digər strateji diqqət rəqəmsal əlaqədir, burada Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilişini nəzərdə tutan "Rəqəmsal İpək yolu" layihəsi Azərbaycana regional rəqəmsal mərkəz kimi liderliyini möhkəmləndirməyə imkan verəcək.

Prezident ölkəmizin daxili dayanıqlılığından da ətraflı danışıb: yoxsulluq və işsizlik 5 faizə enib, "Moody's" və "Fitch" iri reytinq agentlikləri Azərbaycanın aşağı dövlət borcunu və suveren fondun böyük aktivlərini əsas güclü tərəflər kimi göstərməklə ölkəmizin reytinqini investisiya səviyyəsinə yüksəldiblər. Ölkənin xarici borcu ÜDM-in cəmi 6,5 faizini təşkil edir ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir, valyuta ehtiyatları isə xarici borcumuzdan təxminən 16 dəfə çoxdur. Bu rəqəmlər Azərbaycanın xarici şoklara qarşı  davamlı iqtisadi modelə malik olmasına sübutdur.

Ölkə rəhbərimiz ekoloji problemlərə toxunaraq, xatırladıb ki, hələ 2022-ci ildə  Xəzər dənizində ekoloji vəziyyətin pisləşməsi barədə xəbərdarlıq edib və bu gün vəziyyət kritik həddə çatıb: dəniz sürətlə kiçilir və səbəblər iqlim dəyişikliyi deyil.  Gözlənilməz nəticələri olan ekoloji fəlakətin qarşısını almaq üçün Xəzəryanı ölkələrin təcili birgə fəaliyyətinə və beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyac var.

Prezident İlham Əliyev  çıxışını yekunlaşdıraraq deyib: "Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq". Bunu real təcrübəyə əsaslanan bir dövlət başçısı, nüfuzlu ictimai-siyasi xadim söylədi, Birləşmiş Millətlər Təşkilatının tribunasından çıxış edən qalib Ordunun - işğal olunmuş əraziləri azad edən, ədaləti bərpa edən və beynəlxalq hüququn təsirli alət ola biləcəyini və olmalı olduğunu nümayiş etdirən Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bunu bir daha dünyaya bəyan etdi. Bu fakt onun sözlərinə xüsusi çəki verdi, onun çıxışını sadəcə olaraq diplomatik müraciətə deyil, öz iradəsini və hüquqlarını müdafiə etmək əzmini bir daha təsdiq etməyi bacarmış dövlətin manifestinə çevirdi. 

Dövlət başçımızın  çıxışı Azərbaycanın regionda artan rolunu nümayiş etdirdiyi və enerjidən tutmuş iqlim gündəliyinə qədər qlobal çağırışlara töhfə verdiyi yeni dövrün imza sənədi oldu. Bu, müharibəni və ədalətsizliyi yaşamış, lakin ərazi bütövlüyünü, suveren hüquqlarını bərpa etmiş,  işğal nəticəsində xarabaya çevrilmiş kənd və şəhərlərini böyük əzmlə, fədakarlıqla  yenidən dirçəldən, vətəndaşlarını öz tarixi, doğma yurdlarına qaytaran,  öz təcrübəsini ümumbəşəri nümunəyə çevirməyi bacaran bir ölkənin çıxışıdır: "Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır. Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq". Azərbaycan Prezidenti İlham Əliyevin bu çağırışı təkcə dünya liderlərinə deyil, bütün beynəlxalq ictimaiyyətə mühüm siyasi mesajdır. Qlobal nizamın ciddi sınaqdan keçirildiyi bir vaxtda Azərbaycan rəhbərinin sözləri xüsusi əhəmiyyət kəsb edir.

Hicran HÜSEYNOVA,

Milli Məclisin komitə sədri, professor

Seçilən
102
azerbaijan-news.az

1Mənbələr