Xalq qazeti saytından alınan məlumata görə, ain.az bildirir.
Sumqayıtda milli teatrımızın 153-cü, yerli teatrın isə 57-ci mövsümünün açılışı Milli Qəhrəman Natiq Qasımovun şərəfinə səhnələşdirilmiş möhtəşəm tarixi dramla reallaşdı.
Tamaşadan əvvəl çıxış edənlər yeni mövsümün başlanması münasibətilə sevinc dolu ürək sözlərini söylədilər. Anım Gününə təsadüf edən bu günün məhz Vətən yolunda canını fəda etmiş bir igiddən – bayraqdar Natiqdən bəhs edən səhnə əsəri ilə əlamətdar olduğu bildirildi. Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra teatrın pərdələri alqışlarla açıldı və “Ölməz” səhnəyə gəldi. “Heç kim unudulmur, heç nə yaddan çıxmır!” layihəsi üzrə müəllifi, yazıçı Elşən Sərxanoğlu, rejissoru Xalq artisti Firudin Məhərrəmov olan monotamaşa teatrsevərlərin könüllərini fəth edə bildi. Mətn və peşəkar quruluş, heyrətamiz mizanlar monolit vəhdət nümunəsi kimi sərgiləndi. Gənc aktyor Elay Xasiyev qəhrəmanın obrazını ustalıqla canlandırdı. Həyəcan dolu baxışlar 1 saatdan artıq çəkən tamaşa boyunca səhnəyə zilləndi. Videoqrafika ustası Rais Bəhraminin yaratdığı xəyali səhnələrin də diqqət çəkdiyini məxsusi qeyd etmək lazımdır. Yaradıcı səylərlə teatra xas şərtiliyi sanki bilavasitə real həyatda şahidi olduğumuz gerçək kimi anlamağımıza gətirib çıxardı.
Xatırladaq ki, Birinci Qarabağ savaşında könüllü olaraq cəbhəyə getmiş Natiq Qasımov Ağdamda Yaqub Rzayevin “Qarabağ şahinləri” dəstəsində vuruşub. Xocalının Xramort (indiki Pirlər) kəndi yaxınlığında 7 silahdaşı ilə alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda döyüşdən sağ çıxıb və kilsədə mövqe tutaraq, təkbaşına 5 gün gecə-gündüz mübarizəni davam etdirib, düşmənləri posta yaxın buraxmayıb. Yalnız ermənilərin Natiq təslim olmasa, girov götürdükləri 22 nəfər Xocalı sakinini güllələyəcəkləri ilə bağlı hədəsindən sonra Azərbaycan bayrağına sarılaraq silahı yerə qoyub və üzə çıxıb. O, təslim olandan sonra Xocalı qətliamını törətmiş hərbi cani, cəllad general Vitali Balasanyan tərəfindən dindirilib və sonra “itkin” düşüb. Amma Natiqin işgəncələrlə öldürüldüyü bildirilir...
Qarabağ döyüşlərinin “Mixaylo”su – cəsur partizan Natiq Qasımov dindirilən zaman italyan müharibə fotoqrafı Enriko Sarsini də orada olub və şəkillər çəkib. Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin çəkdiyi “Oğul” sənədli filminə müsahibəsində Natiqdən bəhs edib. Sarsinin çəkdiyi fotolar 1992-ci ildə Moskvanın “Oqonyok” jurnalında da dərc olunub. Onun adı gündəmə gələndən sonra taleyi ilə bağlı araşdırmalar davam edib. Hələ də ermənilər əsl həqiqəti danır və Natiqlə bağlı hər hansı məlumat vermirlər.
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2024-cü il tarixli Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülən Natiq Səlim oğlu Qasımovun ölməz obrazı Sumqayıt Dövlət Dram Teatrının səhnəsində böyük ustalıqla yaradılıb. Premyerada onun ailə üzvləri, şəhid anaları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhər ictimaiyyətinin tanınmış simaları iştirak edirdilər. Qarabağ ruhu, şəhid yaddaşı, Vətən sevgisi – hamısı bu əsərdə, gerçək bir hekayədə cəmlənmişdi. Buna görə də əsər göz yaşları ilə izləndi, sonda isə hamı qürurla ayağa qalxıb tamaşanı alqışladı.
Sonra qəhrəmanın qardaşı Nofəl Qasımov gözəl səhnə əsərinə görə yaradıcı heyətə minnətdarlığını bildirdi. Natiq Qasımov rolunun ifaçısı Elay Xasiyev dedi:
– Mən bu tamaşada Natiq Qasımovun səsi, nəfəsi, döyünən ürəyi olmağımla qürur duyuram. Bu, sadəcə, bir tamaşa deyil, bir millətin siması, bir xalqın həyatı, bir igidin hekayəsidir. Alqışlarınıza görə sağ olun.
Əli NƏCƏFXANLIXQ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.