AFFA-nın etdiyi bəlkə də dünya futbolunda ilk belə hadisədir. Federasiya prezidenti məşqçiylə şəkil çəkdirir, ona qarşıdakı oyunlarda uğurlar arzulayır, amma ortalıqda nə müqavilə var, nə də rəsmi təyinat.
Açığı, bu, təyinatdan çox tapmacaya bənzəyir. Ayxan Abbasov yenə əvəzedici kimi çalışacaq milli komandada, yoxsa onunla uzunmüddətli müqavilə bağlanıb? AFFA-nın verdiyi xəbər qeyri-peşəkar tərzdə hazırlanıb. Natamamdır. Elə bil press-reliz yox, məişət yazışmasıdır.
Federasiyanın arqumenti o ola bilər ki, millinin baş məşqçisi İcraiyyə Komitəsi tərəfindən təsdiqlənməlidir. Ok, bildik. Yaxşı, İK üzvləri Ayxan Abbasovun namizədliyini qəbul etməsələr, onda necə? Əgər hər şey artıq razılaşdırılıbsa, o zaman xəbərdə bunu da qeyd eləmək lazım idi ki, yaxın günlərdə keçiriləcək İK-nın iclasında Ayxan Abbasovun təyinatı rəsmiləşəcək.
Ən doğrusu təbii ki, AFFA-nın bu qərarı İcraiyyə Komitəsinin iclasından sonra açıqlaması idi. Amma yox, Azərbaycan futbolunda hər şey baş-ayaq edilməlidir. Hər şey çirkin formada təqdim olunmalıdır. Səliqəli iş görmək yaraşmır bizim futbolumuza...
Bəla ondadır ki, milyonların dağıdılmasına hesablanmış Santuş təyinatı nə gerçəkləşəndə, nə də müqavilə böyük təzminat bahasına pozulanda İK yığılmışdı. Guya ki, onlayn formatda iclas keçirilmişdi, onu da buraxaq həmin komitədə yer alanların vicdanına. Məsələ Ayxan Abbasova çatanda İK yığışmaq qərarına gəlib. Bu prinsipiallığı, dəqiqliyi Santuşla bağlı məsələdə niyə ortaya qoymurdunuz? Portuqaliyalıya verilən həm maaş, həm təzminata görə İK-da yer alan 13 nəfərin hər birinin günahı böyükdür.
Əslində, bu məsələdə Ayxan Abbasovun da qəbahəti var. Bu cür təqdim olunma onun özünə qarşı da hörmətsizlikdir. AFFA rəhbərliyi ya bir neçə gün gözləyib İK-da bunu normal təyinat kimi etməli, ya da onlayn format iclasında təsdiqləməli idi. Təəssüf ki, AFFA yenə ən uğursuz variantı seçdi.
Emin Abbasov
saytlarin hazirlanmasi