AZ

“INMerge” İnnovasiya Sammiti keçirilib

Bakıda “PASHA Holding” MMC-nin təşkilatçılığı ilə iki günlük “INMerge” İnnovasiya Sammiti baş tutub. Sammit çərçivəsində innovasiya, investisiya və əməkdaşlıq mövzuları müzakirə olunub. 

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Sammit 5 000-dən çox iştirakçı, 150 spiker, 100 startap və 80-dən çox vençur fondunu bir araya toplayaraq əməkdaşlıq və inkişaf üçün geniş imkanlar yaradıb. Builki proqram fintex və məsuliyyətli bankçılıqdan başlayaraq data və süni intellekt, “Sənaye 4.0”, telekommunikasiya, marketinq, e-ticarət və investisiya sahələrini əhatə edən səkkiz istiqamət üzrə təşkil olunub.

Sammitin ilk günündə “Pixar” şirkətinin həmtəsisçisi Ed Katmul, “OpenAI” şirkətinin bazara çıxış üzrə keçmiş rəhbəri Zak Kass və Harvard Universitetinin professoru Tarun Xanna biznes və texnologiyanın gələcəyini formalaşdıran ideyalarını bölüşüblər.

Açılış mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək texnologiya və kreativliyin yeni imkanlar yaratdığını, insan kapitalının bacarıq və biliklərinin artırılmasının vacibliyini deyib. Nazir bildirib ki, ölkəmizdə bu istiqamətdə mühüm tədbirlər görülür və sammitin innovativ ideyaları real imkanlarla birləşdirən unikal platformaya çevrildiyini vurğulayıb.

“PASHA Holding”in baş icraçı direktoru Cəlal Qasımov “INMerge”i Mərkəzi Avrasiya regionunun aparıcı innovasiya forumu adlandıraraq son beş ildə kiçik bir korporativ tədbirdən beynəlxalq əhəmiyyətli platformaya çevrildiyini qeyd edib. Sammit yalnız ilhamlandırmaqla kifayətlənmir, həm də təhsil və bilik mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışı zamanı qeyd edib ki, IT alətlərinin ixracı sahəsində böyük imkanlarımız var. Bu imkanların reallaşdırılmasının əsas şərtlərindən biri də istedadlı mütəxəssislərin yetişdirilməsidir və bu istiqamətdə birgə olaraq ardıcıl iş aparılır.

Birinci günün son paneli biliyin milli inkişafa çevrilməsinə həsr olunub. Paneldə elm və təhsil naziri Emin Əmrullayev, “PASHA Holding”in baş direktorunun müavini Dəyanət Sədullayev və Harvard Biznes Məktəbinin professoru Tarun Xanna təhsilin sahibkarlığı təşviq etməsi, innovasiyaları hərəkətə gətirməsi və davamlı milli inkişafa verdiyi töhfələri müzakirə ediblər.

Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, əsas məsələ yalnız yeni ixtisas yaratmaqla bitmir. Bu istiqamətdə dərin düşünülmüş yanaşmalar, müasir pedaqoji metodlar və praktiki tətbiq imkanları tələb olunur. Nazir əlavə edib ki, texnologiya və innovasiya sahəsində inkişaf üçün təkcə yumşaq bacarıqlar deyil, güclü fundamental bilik bazası və STEAM təhsili vacibdir. Cəmiyyətin texnoloji inkişafında mühəndislər, riyaziyyatçılar və hüquqşünaslar kimi fundamental peşə sahibləri həlledici rol oynayırlar.

Nazir qeyd edib ki, innovasiya və sahibkarlıq yalnız proqramlarla məhdudlaşmamalıdır, bunun mədəniyyət və təhsil sistemi ilə dərin bağlılığı vardır. İlk növbədə, yanlış yanaşmalardan uzaq durmalı, düzgün metodları müəyyən etməliyik. "Təhsil sahəsində innovasiya yalnız məktəblərə deyil, həm də geniş ictimaiyyətə təsir etməlidir" - deyə nazir vurğulayıb.

Sonda Emin Əmrullayev qeyd edib ki, ölkədə innovasiya mühiti yalnız texnologiya və proqramlar ilə qurulmur. Bu, eyni zamanda gələcək nəsillərin yetişdirilməsi və cəmiyyətin ümumi inkişafına töhfə verəcək mədəniyyətin formalaşdırılması ilə bağlıdır.

Tədbirin ikinci günü də panel sessiyalarla davam edib.

Seçilən
6
1
azedu.az

2Mənbələr