AZ

Türkiyə və Azərbaycan süni intellekt sahəsində güclərini birləşdirir

Ajans.az xəbər verir ki, AIPA – Türkiyənin süni intellekt sahəsində ilk qeyri-hökumət təşkilatı – və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən 4SİM, iki ölkə arasında süni intellekt üzrə bilik və təcrübə mübadiləsini genişləndirmək üçün əməkdaşlığa başlayıblar. Protokol, regiondan innovativ sahibkarları bir araya gətirən Bakıda keçirilən “INMerge İnnovasiya Zirvəsi” çərçivəsində imzalanıb. Müqaviləyə AIPA prezidenti Zəfər Küçükşabanoğlu və 4SİM prezidenti Fariz Cəfərov imza atıblar. Tərəflər arasında imzalanan protokolla bağlı açıqlama verən Zəfər Küçükşabanoğlu bildirib ki, AIPA son 5 ildə süni intellekt sahəsində 10-dan çox beynəlxalq səfər təşkil edərək, Türkiyənin bu sahədəki potensialını dünyaya nümayiş etdirməyə çalışıb. “Süni intellekt artıq təkcə texnologiya sahəsi deyil, iqtisadiyyatdan enerjiyə, təhsildən səhiyyəyə qədər həyatın bütün sahələrini dəyişdirən strateji vasitəyə çevrilib. Bu texnologiya artıq bütün dünyanın diqqət mərkəzindədir”, – deyə Küçükşabanoğlu vurğulayıb. Küçükşabanoğlu beynəlxalq əməkdaşlıqların əhəmiyyətinə toxunaraq, belə deyib: “Qardaş ölkəmiz Azərbaycanın rəqəmsal transformasiya sahəsində aparıcı qurumu olan 4SİM ilə əməkdaşlıq protokolu imzalamaqdan məmnunuq. Bu protokol, süni intellekt sahəsində bilik və təcrübə paylaşımını gücləndirmək, ortaq texnologiyalar və müəssisələr qurmaq məqsədi daşıyır. Birlikdə çalışaraq, iqtisadiyyatlarımızı süni intellekt vasitəsilə daha da gücləndirəcək və dünyada formalaşacaq təqribən 15,7 trilyon dollarlıq bazardan pay almağa çalışacağıq.” Tərəflər əməkdaşlıq çərçivəsində ortaq tədqiqat layihələri, startap təşəbbüsləri, kadr hazırlığı proqramları və innovasiya tədbirləri həyata keçirməyi planlaşdırırlar.

 

Seçilən
6
Ajans.az

1Mənbələr