AZ

“Ay fazaları ilə qadın menstruasiyası arasındakı sinxronluq zəifləyib” - Alman alimləri

Alman tədqiqatçıların apardığı yeni araşdırma göstərib ki, qadınların menstrual dövrləri ilə Ayın fazaları arasındakı tarixi uyğunluq son illərdə zəifləyib.

News365.az xəbər verir ki, “Science Advances” jurnalında dərc olunan tədqiqatda 176 qadının 2 ildən 37 ilə qədər dəyişən menstruasiya qeydləri analiz edilib. Araşdırmaya qatılan qadınların orta yaşı 25,9 olub və onlar nə hormon tərkibli doğum nəzarəti vasitələrindən istifadə ediblər, nə də həyat tərzində kəskin dəyişikliklər olub.

Məlumatlar həm kağız gündəliklər, həm də mobil tətbiqlər vasitəsilə toplanıb.

Nəticələr göstərib ki, 2010-cu ilə qədər menstruasiya dövrləri tez-tez yeni ay və ya dolunayla üst-üstə düşürdü. Bu sinxronluq xüsusilə gənc qadınlarda daha aydın müşahidə olunurdu, lakin yaş artdıqca, xüsusilə 35 yaşdan sonra, dövrlərin uzunluğu dəyişdiyi üçün uyğunluq zəifləyirdi. Araşdırmaya görə, 2010-cu ildən sonra bu əlaqə daha da azalıb. Bununla belə, yanvar ayında Ay və Günəşin cazibə qüvvəsinin güclənməsi müəyyən qədər ritmin hələ də hiss olunmasına səbəb olur.

Alimlər hesab edirlər ki, bu dəyişiklikdə texnologiyanın rolu böyükdür. Xüsusilə gecə saatlarında smartfon və digər ekranlara baxmaq bioloji saatı pozur, yuxu-oyanıqlıq ritmini dəyişdirir və nəticədə menstruasiya dövrlərinə də təsir edə bilir.

Tədqiqatçılar vurğulayıblar ki, qadın orqanizminin təbii ritmləri yalnız Ay işığı ilə deyil, həm də cazibə qüvvəsi ilə əlaqəlidir. Lakin müasir texnologiyanın yaratdığı işıq kirliliyi bu mexanizmləri zəiflədə bilər.

Alimlər həmçinin qeyd edirlər ki, menstruasiya ilə Ay fazaları arasındakı əlaqənin dəqiq mexanizmləri hələ tam öyrənilməyib və bu dəyişikliklərin qadın sağlamlığına uzunmüddətli təsiri barədə əlavə araşdırmalar tələb olunur.

News365.az

Seçilən
19
news365.az

1Mənbələr