AZ

Türkiyədə Azərbaycana qarşı yeni dezinformasiya dalğası: Moskva, Tehran və erməni izi

Türkiyədə son günlər Azərbaycana qarşı yeni bir dezinformasiya kampaniyasının başladığı müşahidə olunur. Bu dəfə yayılan məlumatlarda, İsrailin Baş naziri Benyamin Netanyahunun BMT-dəki çıxışında azərbaycanlı rəsmilərin iştirak etdiyi iddia edilən saxta şəkil ictimaiyyətə təqdim edilib.

Ekspertlərin açıqlamasına görə, yayılan foto ötən ilin sentyabrında Netanyahunun mavi qalstukla etdiyi çıxış zamanı çəkilib və onun real hadisə ilə heç bir əlaqəsi yoxdur. Foto asanlıqla saxta olduğu müəyyən edilə bilər və bu, məqsədli şəkildə yanlış təəssürat yaratmaq üçün istifadə olunub.

Bu arada, İspaniyada yaşayan və Azərbaycan əleyhinə bu cür saxta xəbərlər yayan Tuğberk adlı şəxs Türkiyədə hava limanında saxlanılıb.
O, ifadəsini verdikdən sonra İspaniyaya qayıdıb.

Analitiklər bildirirlər ki, belə dezinformasiya kampaniyaları yalnız ictimai rəyi çaşdırmaqla kifayətlənmir, həm də Azərbaycanın beynəlxalq imicinə təsir göstərməyə yönəlib.

Əslində Azərbaycana qarşı bu kampaniyalar kimlər tərəfindən və hansı məqsədlə həyata keçirilir?

Azər

Siyasi şərhçi Azər Həsrət mövzu ilə bağlı Musavat.com-a danışıb. Siyasi şərhçi təəssüflə qeyd edib ki, belə informasiyalar qardaş Türkiyədə zaman-zaman tirajlanır və bununla da Türkiyənin daxilində anti-Azərbaycan ovqatı körüklənir:

"Bir təəssüfimi də əlavə etmək istəyirəm ki, qardaş Türkiyə dövləti bəzən bu məsələlərə reaksiya verməkdə gec qalır. Halbuki elə ilk andan saxta olduğu bilinən belə informasiyalara qarşı dövlətin müvafiq orqanları dərhal tədbir həyata keçirməlidir. Türkiyə dövlət başqanlığında belə dezinformasiyaya qarşı mübarizə aparan qurum var və həmin qurum dərhal reaksiya verə bilərdi. Eyni zamanda Türkiyənin televiziya kanallarında, xüsusilə TRT-1-də bununla bağlı məlumat yayıla bilərdi. Amma bunu etmədilər; etmədiklərinə görə də informasiya saniyələrlə dünyanın hər yerinə yayılaraq çoxalır, bilən də, bilməyən də ona inanmağa başlayır. Belə bir şəraitdə dövlətin çevikliyi vacibdir".

Siyasi şərhçinin fikrincə, bu fürsət əldən qaçırılıbsa belə, mübarizə aparmaq üçün hələ gec deyil:

"Əlbəttə, Azərbaycanın əlində yetərincə imkanlar var, sadəcə “kimlər və niyə bunu edir?” sualına cavab olaraq deyə bilərəm ki, qardaş Türkiyədə bu cür kampaniyaları təşkil edənlər birbaşa Moskva, Tehran və Ermənistanla bağlı mərkəzlərdir. Onlar, durduqları yerdə, özlərindən nəsə uydurub tirajlayırlar. Təəssüflər olsun ki, Türkiyədə insanların böyük əksəriyyəti siyasi cəhətdən hazırlıqsız və savadsızdır, onlar hər dezinformasiyaya inanırlar. Ona görə də həmin kampaniyaların alətinə çevrilirlər və saxta informasiyaları tirajlayırlar.

Təəssüf ki, hətta uzun illərdir milliyyətçi kimi tanıdığımız adamların bir qismi də anti-Azərbaycan kampaniyalarına qoşulur. Adamlara izah edirik ki, niyə bu cür kampaniyalara qoşulursunuz, cavab verirlər ki, “Azərbaycan Netanyahunun, İsrailin yanında durur, niyə Fələstinə dəstək olmur və s.”. Adamların xəbəri yoxdur ki, hazırda Qəzzada baş verənlərə Fələstin muxtariyyətinin rəhbəri Məhmud Abbasın özü səbrlə və təmkinlə yanaşır. Yəni, Fələstinə aid torpaqda müharibə gedir, Fələstin dövlətinin rəhbəri belə təmkinli davranarkən Türkiyədə bir qrup adam bizdən tələb edir ki, Azərbaycan İsraillə qarşı-qarşıya dayansın. Bu yanaşma məntiqlə ziddiyyət təşkil edir.

Şəxsən mən, siyasi şərhçi Azər Həsrət olaraq, Fələstin adından dərdim olmayıb, yoxdur və olmayacaq da. Qardaş Türkiyədəki bəzi cahillər buni başa düşməlidir. Əgər onlar Fələstin üçün bu qədər narahatdırlarsa, əllərinə silah alıb İsrailə qarşı vuruşa bilərlər. Yoxsa kompüter arxasında oturub ağla gələn hər şeyi tirajlamaqla məsələ həll olunmur".

Azər Həsrət vurğulayıb ki, Azərbaycan və Türkiyə dövlət qurumları əməkdaşlıq edərək bu cür dezinformasiyıların qarşısını birlikdə almalıdırlar:

"Birlikdə bunu təməl qoymalıyıq. Necə ki Azərbaycandan kimsə Türkiyəyə bir söz deyəndə bizim insanlar dərhal reaksiya göstərir və dünyanın necə olduğunu izah edirlər, eləcə də Türkiyədə bizim tərəfdarlarımız sinə gərib anti-Azərbaycan qüvvələrə qarşı durmalıdırlar. Yoxsa Moskvanın, Tehranın və Ermənistanın əlinə alət olmağa davam edəcəklər. Həmin ünsürlər həm də Türkiyəni öz hədəfləri üçün istifadə edirlər. Türkiyə dövlətinin buna təmkinli yanaşmaması lazımdır".

Xalidə Gəray
Musavat.com

Seçilən
3
1
musavat.com

2Mənbələr