AZ

Polşalı parlamentarilər Fəxri xiyabanda, Şəhidlər xiyabanında və Milli Məclisdə - FOTOLAR

Azərbaycan Respublikasında səfərdə olan Polşa parlamentinin Polşa-Azərbaycan parlamentlərarası əlaqələr qrupunun sədri Pşemışlav Vitekin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 30-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, tər çiçəklər düzüb.

Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir. Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən şəhəri seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Polşa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevinc Fətəliyeva və digər rəsmi şəxslər müşayiət ediblər.

Daha sonra Polşa parlament nümayəndə heyəti ilə Milli Məclisdə görüş keçirilib.

Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevinc Fətəliyeva Polşa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Sevinc Fətəliyeva qeyd edib ki, dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətləri həm dövlət başçıları, həm də parlamentlər səviyyəsində dinamik şəkildə inkişaf edir. Bildirilib ki, mədəni, siyasi, diplomatik və humanitar sahələrdə yüksək səviyyəli münasibətlər mövcuddur. Bu əlaqələrin möhkəmləndirilməsi xalqlarımız arasında dostluğun və qarşılıqlı etimadın daha da dərinləşməsinə xidmət edəcək.

Öz növbəsində qonaq, Polşa Milli Assambleyasının Polşa-Azərbaycan parlamentlərarası əlaqələr qrupunun sədri Pşemışlav Vitek göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, vurğulayıb ki, parlamentlərarası əməkdaşlıq münasibətlərimizin inkişafında əhəmiyyətli rola malikdir. Biznes və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi, işgüzar dairələr arasında birbaşa əlaqələrin təşviqi ölkələrimiz arasındakı strateji tərəfdaşlığı daha da gücləndirəcək və qarşılıqlı iqtisadi maraqların təmin olunmasına mühüm töhfə verəcəkdir.

Müzakirələrdə Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Asim Mollazadə, Sevil Mikayılova,Polşa-Azərbaycan parlamentlərarası əlaqələr qrupunun üzvləri Tomaş Qlovski, Rişard Vilk, Qjeqoj Matuşak çıxış edərək dövlətlərimiz arasındakı münasibətlərin tarixindən və parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivlərindən bəhs ediblər.

Görüş qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi ilə davam edib.

Musavat.com

Seçilən
13
1
musavat.com

10Mənbələr