Oktyabrın 1-dən etibarən bəzi marşut avtobuslarında və metroda gediş haqqı 60 qəpik olub.Metbuat.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasına istinadən xəbər verir ki, ictimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-30-cu illər üçün Dövlət Proqramı"nda qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edilib və yeni tariflər təsdiqlənib. Qərara görə, metro nəqliyyatında, həmçinin müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik müəyyən edilib.Yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gediş haqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil ediləcək.Bu dəyişiklik ilkin mərhələdə paytaxtın sözügedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edəcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacaq.Eyni zamanda, tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək.