AZ

Ehtiyatdakı hərbçilərin təlimə çağırılma müddəti niyə dəyişdirilir?

Ekspert: "Ordunun daim hazırlıqlı vəziyyətdə olması üçün belə qərar verilib"

Ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışlarına çağırılması müddətləri dəyişdirilir. Bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişiklik təklif edilir. Qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirə edilib. Layihəyə görə, birinci dərəcəli ehtiyatda olan hərbi vəzifəlilərin hər dəfə 1 ayadək müddətə on dəfəyədək hərbi təlim toplanışlarına çağırılması nəzərdə tutulur. Bununla yanaşı, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin hər dəfə 2 ayadək müddətə beş dəfəyədək hərbi təlim toplanışlarına çağırılması təklif edilir.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, birinci dərəcəli ehtiyatda olanlar - hər dəfə 2 ayadək müddətə beş dəfəyədək, müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər isə hər dəfə 2 ayadək müddətə on dəfəyədək hərbi təlim toplanışlarına çağırıla bilərlər.

Azərbaycanda gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş həddi artırılır. Sənədə əsasən, gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş hədlərinin ayrıca sətirdə müəyyən edilməsi, birinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün ehtiyatda olmanın yaş həddinin 35 yaş, ikinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün 45 yaş və üçüncü dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün isə 55 yaş olması təklif edilir. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini, habelə xarici ölkələrin analoji orta ixtisas təhsili müəssisələrini bitirmiş gizir və miçmanların dinc dövrdə həqiqi hərbi xidmətdə olma müddətinin 10 il müəyyən edilməsi təklif edilir. Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, üçüncü dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün yaş həddi 50 idi.

Hərbi ekspert Telman Qasımov mövzunu "Yeni Müsavat"a şərh edib. Onun sözlərinə görə, regionumuz elə bir pozisiyadadır ki, Azərbaycan Silahlı Qüvvələri daim ayıq-sayıq olmalı, bilik və bacarıqları daim nəzarət altında inkişaf etdirilməlidir: "Bir aylıq təlim də az müddət hesab olunmur. Birinci dərəcəli zabitlər olsa, bir ay o qədər də böyük müddət deyil. Qonşu dövlətlərlə münasibətlər arzuolunan səviyyədə olmadığı üçün regiondakı vəziyyət aydındır. Görünür, buna görə də ordunun daim hazırlıqlı vəziyyətdə olması üçün belə bir qərar verilib. Ali zabit heyəti ilə yanaşı, gizir və MAXE-lər müvafiq icra hakimiyyəti orqanlarının nəzarətində olan qüvvələrdir. Hesab edirəm ki, sözügedən dəyişikliklərin parlamentdə qəbul olunması məqsədəuyğun olar. Ali dərəcəli zabitlər yox, orta və aşağı təbəqədən olan hərbçilərin bacarıqlarının daha da inkişaf etdirilməsi üçün bu çox yaxşı olar. Fikrimcə, təlimlər NATO qaydalarına uyğun keçiriləcək. Postsovet dövründən qalan qanunlar getdikcə funksionallığını itirir. Daha da təkmilləşmiş, yeni beynəlxalq standartlara uyğun gələn qaydalarla təlimlər keçiriləcək. Görünür, digər sahələrdə olduğu kimi, təlimlərlə bağlı da ciddi addımlar atılır. Əslində Azərbaycan Silahlı Qüvvələri il ərzində həm respublika daxilində, həm də respublika sərhədlərindən kənarda 10-15 dəfə böyükmiqyaslı təlimlərdə iştirak edir. Görünən odur ki, dəyişikliklərə ehtiyac var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
15
olaylar.az

10Mənbələr