Dövlətimizin parlaq gələcəyinə hesablanmış müstəqil və qətiyyətli siyasət
Müstəqil və qüdrətli Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik ideyalarının davamçısı, böyük zəfərin müəllifi və uğurlu sabahımızın qarantı cənab İlham Əliyevin rəhbərliyi ilə yazılan yeni tarix ölkəmizdə sabitlik və təhlükəsizlik mühitinin daha da möhkəmlənməsini təmin etmişdir.
Qalib xalqa yaraşan tam suverenliyi ölkəmizə bəxş edən, milli maraqları bütün dəyərlərdən üstün tutan Müzəffər Ali Baş Komandanın möhkəm iradəsi və fenomenal əzmi sayəsində qlobal arenada söz sahibinə çevrilmiş Azərbaycan çağdaş inkişafının yeni mərhələsinə qədəm qoymaqla intibah dövrünün sağlam bünövrəsinin təməlini atmışdır.
Şanlı Zəfərimizin beşilliyi ərəfəsində milli iradəmizi müstəsna vətənpərvərlik ruhu və fitri idarəçilik istedadı ilə dünyaya qəbul etdirən möhtərəm cənab Prezidentin diplomatik şahmat qələbəsi hesab olunan Vaşinqton razılaşması davamlı sülhü və tarixi ədaləti bərqərar etməklə gələcək nəsillər üçün daha sabit, daha firavan Azərbaycanın etibarlı əsasını yaratmışdır.
Şərqlə Qərb arasında etibarlı tərəfdaş kimi qəbul edilən, dialoq və etimad körpüsü rolunda unikal mövqeyi ilə seçilən ölkəmizin Zəngəzur dəhlizinin reallaşması milli, tarixi və iqtisadi maraqlarımız təmin edilməklə türk dünyasının daha sıx birləşməsinə rəvac verəcək, bütövlükdə dünyanın nəqliyyat xəritəsi yenidən formalaşacaqdır.
Qlobal çağırışlara daim mühüm töhfələr verməklə strateji baxış və ortaq maraqları paylaşan dost və qardaş ölkələrlə əməkdaşlığın daha da gücləndirilməsi diqqət mərkəzində saxlanılmaqla cari il ərzində İğdır-Naxçıvan qaz kəmərinin açılışı, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərlə, həmçinin Türkiyə və Pakistanla keçirilmiş Zirvə görüşləri mütəffiqlik münasibətlərinin geostrateji əhəmiyyətini yeni müstəviyə qaldırmışdır.
Genişmiqyaslı və gələcəyə hesablanmış məqsədyönlü hədəflərin uğurla gerçəkləşməsinin nəticəsidir ki, ölkəmiz ötən ilin noyabrında dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a evsahibliyi etmiş, uğurlu siyasi-diplomatik gedişlər orta güc faktoru kimi respublikamızın nüfuzunu daha da artırmış, mövcud münaqişələrin və qarşıdurmaların çözülməsində Azərbaycan vasitəçi rolunda çıxış etmişdir.
Regionumuzun siyasi arxitekturasını dizayn edən, gələcəyə hesablanmış tərəqqi modelinin yaradıcısı dövlət başçısı cənab İlham Əliyevin ən yaxın silahdaşı Mehriban xanım Əliyevanın fəal iştirakı ilə milli hədəflər naminə gerçəkləşdirdiyi islahatlar ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində böyük canlanmaya və xalqımızın rifah halının daha da yaxşılaşmasına zəmin yaratmışdır.
Dövlətçilik fəlsəfəsinin əsas sütunları: Konstitusiya və suverenlik
Tarix boyu azadlıq və müstəqillik uğrunda böyük sınaqlardan və məhrumiyyətlərdən keçmiş xalqımız dövlətçilik və suverenlik kimi milli kimlik və milli mövcudluq ideyalarına daim sadiq qalmış, hürr iradəsini əsrlər boyu qoruyub saxlamışdır.
Bu iradənin nəticəsi olaraq Azərbaycan bu gün özünün ərazi bütövlüyünü təmin etmiş tam müstəqil və suveren dövlət kimi beynəlxalq aləmdə layiqli yerini tutur.
Xüsusi vurğulanmalıdır ki, xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra tarixin bizə bəxş etdiyi ən böyük azərbaycanlı Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, mütərəqqi dəyərlərə söykənən ilk milli konstitusiya suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün təmin edilməsi üçün zəruri olan ilkin şərtləri yaratmışdır.
Görkəmli rəhbərin "Biz elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun" sözləri bir daha göstərdi ki, Heydər Əliyevin dövlətçilik məktəbi bu gün də aktuallığını qoruyub saxlayır və ölkəmizin daha da qüdrətlənməsi işinə öz misilsiz töhfələrini verməkdə davam edir.
Müstəqilliyin qorunub saxlanmasından sonra sosial-iqtisadi inkişafa nail olmaqla yanaşı, dərhal ordu quruculuğuna başlayan qüdrətli lider Heydər Əliyev hələ ilk gündən torpaqlarımızın qan tökülmədən geri qaytarılmasına çalışmış, bölgədə dayanıqlı sülhün təmini üçün konstruktiv addımlar atmışdır.
Ədalətə əsaslanan sülh gündəliyinə sadiq qalan cənab Prezidentin bütün səylərinə baxmayaraq, ölkəmizin 2020-ci ilin sentyabrında Ermənistanın yeni hərbi təxribatına cavab olaraq 44 günlük Vətən müharibəsi, eləcə də antiterror əməliyyatı Azərbaycan Respublikasının Dövlət Suverenliyinin bərpası kimi, onun konstitusiya quruluşunun bərqərar olmasını da təmin etmişdir.
Bu baxımdan hər bir azərbaycanlı üçün tarixi anlam kəsb edən dövlət başçısının sərəncamı ilə elan olunan "Konstitusiya və Suverenlik İli" ölkəmizin möhtəşəm Zəfər yoluna - tam suverenlik zirvəsinə yüksəlməsinə hərtərəfli nəzər salınması, dövlətçiliyinin əsas sütunlarının bir daha təhlil edilməsi və mənimsənilməsi baxımından böyük əhəmiyyət daşımaqdadır.
Müasir inkişaf mərhələsində prokurorluğun yeri və rolu
Bu gün prokurorluq orqanlarının bütün əməkdaşları və veteranlarımız böyük ruh yüksəkliyi ilə milli prokurorluq orqanlarının yaranmasının 107-ci ili və prokurorluq işçilərinin peşə bayramı gününü qeyd edir.
Tarixinin bütün mərhələlərində çətin, eyni zamanda şərəfli bir inkişaf yolu keçən milli prokurorluq orqanları daim millətinə və dövlətçilik ideyalarına sədaqətlə və vicdanla qulluq etmişdir.
Müstəqilliyinin bərpasından sonra fəaliyyətində və inkişafında mürəkkəb dövrlə qarşılaşan Azərbaycan prokurorluğunun qanunun aliliyinin təmin edilməsində və cinayətkarlığa qarşı barışmaz mübarizəsində qətiyyətli mövqeyinin, fəaliyyətinin hərtərəfli təminatı üçün qanunvericilik və maddi-sosial bazanın formalaşdırılması məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl və məqsədyönlü hüquq islahatları nəticəsində mümkün olmuşdur.
Prokurorluq orqanlarına hər zaman xüsusi qayğı və dəstək göstərən Ulu Öndərin "Respublika prokurorluğu və baş prokuroru Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biridir" sözləri qurumun ictimai-siyasi sabitliyin qorunmasında, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətinə ali səviyyədə olan diqqət və önəmin bariz nümunəsi hesab edilmişdir.
Təsadüfi deyil ki, müstəqil dövlətçiliyimizin hüquqi əsaslarını yaradan Konstitusiyada prokurorluğa xüsusi maddə həsr edilmiş, səlahiyyətləri və vəzifələri dövrün tələblərinə uyğunlaşdırılmışdır.
Hüquq-mühafizə orqanlarının, xüsusilə də prokurorluğun məsuliyyətlə və peşəkarcasına fəaliyyət göstərməsinin ölkənin dayanıqlı və davamlı inkişafının təminatında mühüm roluna əhəmiyyət verən böyük öndərin "Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram" sözləri hər bir prokurorluq işçisi tərəfindən bu gün də iftixar hissi ilə yad edilir.
Sevindirici haldır ki, prokurorluq orqanlarının daha da təkmilləşdirilməsi, prokurorluq işçilərinin əməyinin fərqləndirilməsi, yeni informasiya texnologiyalarının tətbiqinə başlanılması, əməkdaşların sosial-maddi vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması Heydər Əliyev irsinə layiqli varislik nümunəsini göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağdaş dövrün tələblərinə uyğun apardığı hüquqi dövlət quruculuğu islahatları nəticəsində davam etdirilmişdir.
Bu baxımdan dövlət başçısının rəhbərliyi ilə innovativ yanaşmanı önə çəkən ardıcıl tədbirlər hüquq sisteminin ən yüksək beynəlxalq standartlara uyğun formalaşdırılmasına və müasir dövrün tələbləri səviyyəsində təkmilləşməsinə zəmin yaradaraq prokurorluq orqanlarının da ardıcıl və müntəzəm inkişafını təmin etmişdir.
Qeyd edilməlidir ki, prokurorluq orqanlarında yeni dövrün tələblərinə uyğun islahatlara təkanın əsasını cənab Prezident İlham Əliyev tərəfindən 2020-ci il mayın 1-də baş prokuror vəzifəsinə təyinatla əlaqədar qəbul zamanı verilən tapşırıq və tövsiyələr təşkil etmişdir.
Dövlət Başçısının "Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq" sözlərinin ruhuna uyğun olaraq bu gün də prokurorluqda işin səmərəliliyinin artırılması və çatışmazlıqların təxirə salınmadan aradan qaldırılması, hesabatlılığın və şəffaflığın təmini, elmi-texniki nailiyyətlərin tətbiqi istiqamətində mütəmadi islahat tədbirləri həyata keçirilməkdədir.
Xüsusi vurğulanmalıdır ki, cənab Prezidentin dəstəyi ilə hüquq sistemində aparıcı rola malik prokurorluğun fəaliyyətində maddi-texniki bazanın və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, xidməti fəaliyyətinin yaxşılaşdırılması istiqamətində cari il ərzində də mühüm addımlar atılmış, Kürdəmir rayon, Bakı şəhərinin Nəsimi və Pirallahı rayon prokurorluqlarının yeni inzibati binalarının, həmçinin Bakı şəhər prokurorluğunun inzibati binasının yeni korpusunun istifadəyə verilməsi ölkə rəhbərliyinin quruma olan növbəti diqqət və qayğısının təcəssümü kimi qəbul edilmişdir.
Yeni dövrün yeni lideri cənab İlham Əliyevin hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarının gələcək inkişaf istiqamətlərini müəyyən edən rəhbər göstərişlərindən və müdrik tövsiyələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi, fəaliyyət istiqamətləri üzrə işin keyfiyyətinin yüksəldilməsi, prokurorluğa ictimai etimadın gücləndirilməsi ilə bağlı tədbirlər daim diqqət mərkəzində saxlanılmaqla bundan sonra da eyni qətiyyətlə davam etdiriləcəkdir.
Qanunun aliliyinin təmini prokurorluq orqanlarının fəaliyyətinin əsasını təşkil edir
Ölkəmizin dinamik inkişafının təməlini təşkil edən möhkəm ictimai-siyasi sabitliyin, milli dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən qorunması, kriminogen durumun nəzarətdə saxlanması, qanunun aliliyinin təmin olunmaqla Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatı dövlətimizin ali məqsədlərindən biri kimi müəyyən edilmişdir.
Bu baxımdan daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, gömrük, vergi, dövlət sərhəd və fövqəladə hallar orqanlarının fəaliyyətində məhkəməyədək aparılan təhqiqat, istintaq və əməliyyat-axtarış fəaliyyətinə Konstitusiya ilə nəzərdə tutulmuş qaydada prosessual rəhbərliyi həyata keçirən prokurorluq orqanları dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinin müdafiə edilməsində əhəmiyyətli rol oynayır.
Ötən peşə bayramından keçən dövr ərzində ibtidai araşdırma mərhələsində qanunların düzgün icra edilməsinə tam və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə daxili işlər orqanları üzrə 22418, vergi orqanları üzrə 1518, ədliyyə orqanları üzrə 441, sərhəd xidməti üzrə 230, gömrük orqanları üzrə 308, dövlət təhlükəsizliyi orqanları üzrə 157, fövqəladə hallar orqanları üzrə 66 cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik həyata keçirilmişdir.
Həmin işlər üzrə cinayət-prosessual qanunvericiliyin tələblərinin yerinə yetirilməsi ilə əlaqədar zəruri hallarda yazılı göstərişlər verilmiş, ibtidai istintaqı tamamlanmış işlərin müvafiq məhkəmələrə göndərilməsi və digər yekun qərarların qəbul olunması təmin edilmişdir.
Peşəkar və keyfiyyətli istintaq əsas vəzifələrdəndir
Prokurorluq orqanları tərəfindən cinayət işləri üzrə tez bir zamanda obyektiv həqiqətin müəyyən edilməsi, təqsirli şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi, dövlətə və vətəndaşlara dəymiş ziyanın ödənilməsi mühüm əhəmiyyət kəsb edir. Ötən peşə bayramından keçən müddət ərzində daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq-mühafizə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə qeyri-aşkar şəraitdə törədilmiş 25 qəsdən adam öldürmə cinayətinin isti izlərlə, habelə əvvəlki illərdən bağlı qalmış 3 qəsdən adam öldürmə cinayətinin açılması təmin edilmişdir.
Cari il ərzində prokurorluq orqanlarında aparılmış istintaq tədbirləri ilə istintaqı tamamlanmış cinayət işləri və bəraətverici əsaslar olmadan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş materiallar üzrə vurulmuş maddi ziyandan 22 milyon 860 min manat, həmçinin qanunvericiliyin tələblərinə əsasən cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 4 milyon 411 min manat vəsaitin ödənilməsinə nail olunmuş, eləcə də 44 milyon 384 min manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmuşdur.
Ötən ilin sonlarında ictimaiyyəti dərindən üzən Rusiya Federasiyasının hava məkanında kənar müdaxiləyə məruz qalması nəticəsində "Azərbaycan Hava Yolları" QSC-yə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən kompleks istintaq-əməliyyat hərəkətləri aparılmaqla təqsirli şəxslərin müəyyən edilməsi istiqamətində ayrı-ayrı xarici ölkələrlə birlikdə zəruri tədbirlər davam etdirilir.
Korrupsiyaya qarşı kəsərli mübarizə ardıcıl xarakter kəsb edir
Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi dövlət siyasətinə və strateji inkişaf konsepsiyasına, o cümlədən "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq korrupsiyaya qarşı mübarizəyə xüsusi diqqət yetirilməsi prokurorluqda prioritet fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilmişdir.
Bu sahədə dövlət siyasətinin formalaşmasında iştirak edən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiyası tərəfindən dövlət idarəçiliyində səmərəliliyin artırılması və şəffaflığın gücləndirilməsi ilə əlaqədar davamlı tədbirlər həyata keçirilmişdir.
Korrupsiya ilə mübarizədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində bu müddətdə vətəndaşların 2676, o cümlədən 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş 5982 müraciətinə baxılaraq, prokuror təsir tədbiri aktlarından istifadə edilməklə aidiyyəti qurumlarla əlaqəli şəkildə qabaqlayıcı tədbirlərin görülməsi, həmçinin cinayət işlərinin başlanması təmin edilmişdir.
Baş İdarənin əməliyyat qurumları tərəfindən həyata keçirilən 16 əməliyyat tədbiri nəticəsində 11 şəxs cinayət başında yaxalanmış, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 86 cinayət işi başlanmışdır.
Qeyd edilən dövrdə cinayət işləri üzrə vurulmuş maddi ziyandan 3 milyon 435 min manatın ödənilməsi, həmçinin 14 milyon 916 min manat məbləğində əmlak üzərinə həbs qoyulmaqla ümumilikdə 18 milyon 351 min manat məbləğində ziyanın bərpası təmin olunmuşdur.
Bundan başqa, icraatına xitam verilmiş işlər üzrə 4 milyon 307 min manat məbləğində maddi ziyan ödənilməklə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 2 milyon 189 min manat məbləğində pul vəsaiti ödənilmişdir.
Ədalət mühakiməsinin həyata keçirilməsində dövlət ittihamının rolu
Sosial ədalətin bərpası, məhkumun islah olunması və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi daşıyan cəza-hüquq siyasətinə uyğun olaraq prokurorluq orqanlarının işinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsi prosesi sistemli olaraq davam etdirilir.
Bu baxımdan birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində ədalət mühakiməsi zamanı yalnız prokurorluq orqanları tərəfindən həyata keçirilən dövlət ittihamının müdafiəsi funksiyası qurumun əsas fəaliyyət istiqamətlərindən olmaqla insan hüquq və azadlıqlarının təminatının mühüm vasitəsidir.
Qanunçuluq, ədalət və əmələ görə məsuliyyət prinsiplərinə əsaslanan cinayətkarlığa qarşı mübarizəyə dair siyasətin həyata keçirilməsində yaxından iştirak edən dövlət ittihamçılarının iştirakı ilə cari il ərzində məhkəmələrdə 16096 şəxs barəsində 14583 cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilmiş, ümumilikdə 941 qərardan protest verilmişdir.
Ötən müddətdə Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırım, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaq yekunlaşdırılmaqla baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmişdir.
Hazırda məhkəmə baxışı mərhələsində olan cinayət işləri üzrə 16 erməniəsilli şəxs barəsində dövlət ittihamının müdafiəsi davam etdirilməklə toplanmış sübutlar əsasında təqsirli şəxslərə layiqli cəzanın tələb olunması təmin ediləcəkdir.
Ekoloji mühitin qorunmasında prokurorluğun iştirakı
Ölkəmizin daxil olduğu yeni tarixi mərhələnin reallıqları fonunda sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri kimi müəyyən edilmiş "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" hədəfinə uyğun olaraq prokurorluq orqanları tərəfindən ekoloji tarazlığın qorunması sahəsində hüquqpozmaların qarşısının alınması, aşkarlanması və araşdırılması istiqamətində aidiyyəti səlahiyyətli qurumlarla birgə fəaliyyət davam etdirilir.
Bu baxımdan ölkəmizin bəşəriyyəti narahat edən ən vacib məsələlərdən biri olan qlobal iqlim siyasətində yeni dönüş nöqtəsini hədəfləyən COP sammitinə evsahibliyi etməsi, o cümlədən həmin tədbirlər çərçivəsində Baş Prokurorluq və Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən beynəlxalq təşkilatların, eləcə də xarici ölkələrin prokurorluq orqanlarının rəhbər vəzifəli şəxslərinin, o cümlədən ölkəmizin aidiyyəti dövlət orqanları, aparıcı ali təhsil, elm ocaqları və geniş hüquq ictimaiyyətinin iştirakı ilə "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi" mövzusunda təşkil etdiyi yüksəksəviyyəli sessiya mühüm önəmə malik olmuşdur.
Qeyd etməliyəm ki, maarifləndirmə və hüquq-mühafizə tədbirləri yolu ilə ətraf mühitin mühafizəsi sahəsində mütəxəssislərin əlaqələndirilməsi, bu sahədə pozuntuların qarşısının alınması istiqamətində Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Qarabağ Universiteti tərəfindən "Yaşıl dünya naminə həmrəylik ili"ndə təsis edilməklə birgə həyata keçirilən ECOLEAD platforması da uğurla işini davam etdirir.
Bu layihə çərçivəsində Bakı şəhərində və bölgələrdə ekoloji cinayətlər və inzibati xətalar nəticəsində kəsilmiş ağacların və ya yararsız vəziyyətə salınmış ərazilərin bərpası məqsədilə təsis edilmiş "Eko Park" adlı yaşıllaşdırılmış ərazilərdə 2200-dən çox ağac əkilmişdir.
Ümumilikdə 2020-ci ildən ətraf mühitin mühafizəsi qaydalarının pozulması faktları ilə əlaqədar 237 inzibati xəta haqqında is üzrə icraat və 644 cinayət işi başlanmaqla təqsirli şəxslər barəsində zəruri məsuliyyət tədbirləri görülmüş, həmçinin 7 milyon 277 min manat məbləğində ziyanın ödənilməsi təmin edilmişdir.
Ətraf mühitin mühafizəsini təmin etmək, təbiəti qorumaq, onun keşiyində durmaq, Prezident cənab İlham Əliyevin "Azərbaycan vətəndaşları təmiz ekoloji şəraitdə yaşayacaqlar" şüarının reallaşdırılması hər bir prokurorluq əməkdaşının həm vəzifə, həm də gələcək nəsillər naminə vətəndaşlıq borcudur və əminəm ki, hər bir prokurorluq əməkdaşı bu istiqamətdə üzərlərinə düşən vəzifələri layiqincə icra edəcəkdir.
Hərbi prokurorluq orqanlarının fəaliyyəti
Müzəffər Sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin döyüş imkanlarının artırılması, hərbi infrastrukturun müasirləşdirilməsi, ordunun peşəkarlığının artırılması ölkəmizin müdafiə qüdrətinin daha da güclənməsini təmin etmişdir.
Bu baxımdan Silahlı Qüvvələrdə nizam-intizamın, qanunçuluq və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətində əldə olunan müsbət nəticələrdə Hərbi prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər dövlət orqanları arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin böyük əhəmiyyəti olmuşdur.
Qeyd edilməlidir ki, cari il ərzində Hərbi Prokurorluqda aparılmış kadr və struktur islahatları ilə qurumun fəaliyyəti daha da optimallaşdırılmış, səmərəliliyin artırılması və maddi-texniki təminatın yaxşılaşdırılması üçün məqsədyönlü addımlar atılmışdır. Həyata keçirilən tədbirlərin davamı kimi operativliyin təmin edilməsi və vətəndaşların məmnunluq səviyyəsinin yüksəldilməsi, hərbi qulluqçular və onların ailə üzvləri ilə Hərbi Prokurorluq arasındakı etimadın möhkəmləndirilməsi, eləcə də müraciət imkanının asanlaşdırılması istiqamətində ödənişsiz "962" Etimad xətti yaradılmışdır.
Süni intellekt və rəqəmsal texnologiyalar: səmərəli və çevik fəaliyyətin əsası kimi
Çağdaş Azərbaycan Prokurorluğunun fəaliyyətində qarşıda duran vacib istiqamətlərdən biri də dövrün tələblərinə uyğun olaraq cinayət mühakimə icraatında rəqəmsallaşma prosesinin həyata keçirilməsidir ki, bu sahədə son dövrlər nəzərəçarpan irəliləyişlər əldə edilmişdir.
Bu baxımdan dövlət başçısının 7 may 2021-ci il tarixli fərmanı ilə yaradılmış "Elektron Prokurorluq" İnformasiya Sisteminin tam şəkildə bütün prokurorluq orqanlarında fəaliyyətə başlaması, sənədlərin elektron formada tərtibi, digər qurumlarla yazışmaların və sənəd mübadiləsinin rəqəmsal inteqrasiya platforması üzərindən aparılması işin operativliyinə olduqca müsbət təsirini göstərmişdir.
Qeyd etməliyəm ki, hazırda prokurorluq orqanlarında icraatda olan bütün cinayət işlərinin və cinayət xarakterli məlumatların araşdırılmasına dair materiallar "Elektron Prokurorluq" İnformasiya Sistemi vasitəsilə "kağızsız" qaydada aparılmaqdadır.
Eyni zamanda "Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında" 1 avqust 2023-cü il tarixli fərmanla yaradılmış Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminə ilk qoşulan qurumlardan biri olan Azərbaycan Prokurorluğu tərəfindən cinayət prosesinin rəqəmsallaşdırılması ilə bağlı cinayət-prosessual və digər qanunvericiliklərə dəyişikliklərin edilməsini nəzərdə tutan qanun layihələri hazırlanmaqla razılaşdırılması üçün aidiyyəti qurumların müzakirəsinə təqdim edilmişdir.
Bununla yanaşı, son dövrlər süni intellekt, rəqəmsal və kibermühitlə bağlı texnoloji inkişafa adekvat olaraq törədilən hüquqpozmaların çevik aşkar edilməsi, zəruri qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Baş Prokurorluqda Kibertəhlükəsizlik şöbəsi yaradılmaqla fəaliyyətə başlamışdır.
Kadr potensialının artırılması başlıca vəzifələrdəndir
Prokurorluq orqanları tərəfindən ölkəmizin parlaq gələcəyinə hesablanmış gənclər siyasətinə uyğun olaraq prokurorluq orqanlarında işə qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi kadr tərkibinin şəffaf prosedurlar əsasında hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmışdır.
Cari il ərzində də mövcud vakant ştat vahidləri nəzərə alınmaqla yüksək nəzəri biliklərə, geniş dünyagörüşünə, xarici dil biliklərinə və sağlam mənəviyyata malik 56 gənc hüquqşünas bu ilin yanvar ayında sayca 26-cı müsabiqənin nəticələri üzrə qulluğa qəbul edilmişlər.
Xüsusi qeyd edilməlidir ki, 2020-ci ildən bəri keçirilən müsabiqələr üzrə uğur qazanmış namizədlərdən 23-ü Vətən müharibəsinin iştirakçısı olmaqla prokurorluq orqanlarında şərəfli xidmətlərini davam etdirirlər.
Ötən müddət ərzində prokurorluq orqanlarının kadr potensialının inkişafı istiqamətində əməkdaşların peşə səviyyələrinin artırılması, tədrisin uğurlu praktikalar əsasında müasirləşdirilməsini təmin etmək məqsədilə aparıcı elm və təhsil müəssisələri, hüquq-mühafizə orqanlarının akademiyaları ilə işgüzar əlaqələr daha da inkişaf etdirilmişdir.
Belə ki, cari ilin mart ayında Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Milli Aviasiya Akademiyası arasında 2020-ci ildə imzalanmış Sazişlə əldə olunan müsbət nəticələr nəzərə alınaraq əlaqələrin daha da genişləndirilməsi məqsədilə əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumu imzalanmışdır.
Bununla yanaşı, Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə Qazaxıstan Respublikası Ali Məhkəmə Şurası yanında Ədalət Akademiyası arasında tədris və elmi-tədqiqat sahəsində əməkdaşlığı nəzərdə tutan memorandum da imzalanmışdır ki, bu da dost və qardaş türk dövlətlərinin müvafiq qurumları ilə əməkdaşlığın genişlənməsinə xidmət edəcəkdir.
Qanunvericiliyin təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun təmini də diqqət mərkəzindədir
Prokurorluq orqanlarında norma yaratma və hüquq tətbiqetmə fəaliyyətinin həyata keçirilməsi üzrə də cari il ərzində səmərəli işlər görülmüş, Baş Prokurorluq tərəfindən Konstitusiya Məhkəməsinə 5 sorğunun hazırlanaraq göndərilməsi, habelə Konstitusiya Məhkəməsində baxılan işlər üzrə 2 yazılı rəyin verilməsi təmin edilməklə konstitusiya icraatında iştirak edilmişdir.
Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Bas Prokurorluqda, eləcə də 22 rayon və şəhərdə ümumilikdə 765 vətəndaş tərəfimdən qəbul edilməklə müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun həlli barədə Bas Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe prokurorlara müvafiq göstərişlər verilmişdir.
Beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsi
Ötən müddətdə cinayətkarlığın yeni formalarının dövlətlərin birgə səyi nəticəsində qarşısının alınması istiqamətində beynəlxalq tərəfdaşlarla əlaqələrin inkişafına mühüm əhəmiyyət verilmiş, ekstradisiya, hüquqi yardım və digər sahələr üzrə əməkdaşlıq diqqətdə saxlanılmışdır.
Qeyd etməliyəm ki, qarşılıqlı münasibətlərin qurulması və inkişafı prokurorluğun insan hüquqlarının müdafiəsi və müstəqil dövlətimizin hüquqi əlaqələrinin möhkəmlənməsinə xidmət edən fəaliyyətinin əsasını təşkil etmişdir.
Həyata keçirilmiş tədbirlərin və prokurorluq orqanlarının beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinin nəticəsidir ki, ötən il Bakı şəhərində dünya prokurorlarının yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağı keçirilmişdir.
Müxtəlif ölkələrin baş prokurorları və digər yüksəkvəzifəli şəxsləri də daxil olmaqla, 95 ölkə və 10 beynəlxalq təşkilatdan ümumilikdə 500-dən artıq şəxsin iştirakı ilə baş tutmuş tədbir Azərbaycan Prokurorluğunun inkişaf tarixində ən əlamətdar hadisələrdən biri kimi yadda qalmışdır.
Beynəlxalq tədbirlərin davamı olaraq cari il ərzində də çoxsaylı görüş keçirilmiş, o cümlədən "Konstitusiya və Suverenlik İli" çərçivəsində, həmçinin Azərbaycan Prokurorluğunun peşə bayramı və 107 illik yubileyi ərəfəsində Uqanda, Laos, Tanzaniya, Keniya baş prokurorları və Türkiyə Baş Prokurorluğunun nümayəndələrinin iştirakı ilə "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" mövzusunda konfrans keçirilmişdir.
Bu müddətdə rəhbərlik etdiyim nümayəndə heyətlərinin Avstriya, Türkiyə, Qətər, Özbəkistan, Vyetnam, Sinqapur, Keniyada işgüzar səfərləri ikitərəfli əlaqələrin yeni müstəvidə davam etdirilməsinə rəvac vermişdir.
Milli prokurorluq orqanları tərəfindən əldə olunan müsbət təcrübələr beynəlxalq təşkilatlarda da qurumun əməkdaşlarının mütəxəssis qismində cəlb olunmasına şərait yaratmış, belə ki, cari ildə Baş Prokurorluğun idarə rəisi Albaniya tərəfindən BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının tətbiqinin qiymətləndirilməsində dəyərləndirici ekspert kimi iştirak etmişdir.
Bununla yanaşı, Baş Prokurorluğun idarə rəisi korrupsiyaya qarşı mübarizə sahəsində nəzəriyyə və praktikada mövcud çatışmazlıqların aradan qaldırılmasına, ixtisasların artırılmasına, təcrübə mübadiləsinə və elmi araşdırmaların aparılmasına istiqamətlənmiş nadir institutlardan olan Beynəlxalq Anti-Korrupsiya Akademiyasının rəhbər qurumu olan İdarəetmə Şurasında fəaliyyətə başlamışdır.
Korrupsiya ilə mübarizədə qarşılıqlı beynəlxalq təcrübənin önəmi
Dövrümüzün sosial bəlası hesab edilən korrupsiyaya qarşı mübarizədə beynəlxalq təşkilatların tövsiyələrinin, müvafiq konvensiyaların müddəalarının yerinə yetirilməsi, digər ölkələrin uğurlu təcrübələrinin və əldə olunmuş nailiyyətlərinin öyrənilməsi, ikitərəfli və çoxtərəfli tədbirlərin keçirilməsi, habelə anti-korrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və ümumilikdə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi prokurorluğun fəaliyyətində daim diqqət mərkəzində olan istiqamətlərdən olmuşdur.
Ölkəmizin korrupsiyaya qarşı mübarizə üzrə təşəbbüslərinə beynəlxalq etimadın növbəti təzahürü olaraq cari ilin may ayında Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi - GlobE Network çərçivəsində 92 ölkəni təmsil edən 120 dövlət qurumunun 300-dən artıq nümayəndəsinin iştirakı ilə Altıncı Plenar İclasın keçirilməsi bu baxımdan müstəsna əhəmiyyət daşımışdır.
Beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübə mübadiləsi və effektiv yanaşmaların formalaşdırılması baxımından əhəmiyyətli antikorrupsiya platforması hesab olunan GlobE Network-ün iclasında yeni texnologiyaların hüquq-mühafizə orqanlarına təsiri, ekoloji cinayətlərin qarşısının alınması və oğurlanmış aktivlərin bərpası kimi aktual mövzular üzərində müzakirələr aparılmışdır.
Bundan başqa, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin sonuncu plenar iclasında şəbəkənin İstanbul Antikorrupsiya Fəaliyyət Planının V monitorinq mərhələsi çərçivəsində ölkəmiz üzrə daha öncə təqdim edilmiş tövsiyələrin icrası ilə əlaqədar tərəqqi hesabatı müzakirə edilərək qəbul edilmişdir.
Xüsusilə qeyd edilməlidir ki, ölkəmizdə həyata keçirilən korrupsiyaya qarşı mübarizə üzrə dövlət siyasəti ekspertlər tərəfindən olduqca yüksək qiymətləndirilmiş və müvafiq sahədə əldə etdiyi nəticələrə görə Azərbaycan region ölkələri arasında ilk yerlərdən birini tutmuşdur.
"Korrupsiyaya qarşı mübarizədə yeni texnologiyalar və süni intellektin tətbiqi imkanları" mövzusunda keçirilən Plenar İclas çərçivəsində Azərbaycan Respublikası Prokurorluğunun təşəbbüsü ilə "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar, habelə ölkəmizin COP29 sədrliyi ilə bağlı ekoloji hüquqpozmalara qarşı mübarizə ilə bağlı xüsusi sessiya və paralel tədbirlər də keçirilmişdir.
Qeyd etməliyəm ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq diqqət mərkəzində saxlanmaqla ölkəmiz 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) Üzv Dövlətlərin Korrupsiyaya qarşı Mübarizə aparan Hüquq-mühafizə Orqanlarının Yüksəksəviyyəli Görüşünə evsahibliyi edəcəkdir.
Sonda dövlət başçısını və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bu gün yaranmasının 107-ci ilini qeyd etdiyimiz Azərbaycan Prokurorluğu və onun kollektivi "Konstitusiya və Suverenlik İli" çərçivəsində məsuliyyətini dərindən dərk edərək ölkəmizin yeni inkişafı mərhələsində dövlətçiliyin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi naminə üzərlərinə düşən vəzifələri layiqincə icra edəcəklər.
Kamran ƏLİYEV,
Azərbaycan Respublikasının baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri, Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti, hüquq elmləri üzrə fəlsəfə doktoru