AZ

Ədalətin işığında – Prokurorluq peşə bayramı

Hər bir millətin gücü yalnız ordusunda və sərvətlərində deyil, həm də onun ədalətinə olan inamında ölçülür. Dövlətin ən möhkəm dayağı - qanunun aliliyi, insanın hüquq və azadlıqlarının toxunulmazlığıdır. Bu müqəddəs vəzifənin keşiyində isə prokurorluq orqanları dayanır.

Prokurorluq sadəcə bir qurum deyil - o, xalqın ədalətə olan ümidinin rəmzidir. Prokuror - qanunu qoruyan, haqqın səsini ucaltmaqdan çəkinməyən, vətəndaşın hüququnu öz haqqı qədər müqəddəs bilən bir şəxsdir. Bu peşə yalnız bilik, savad, hüquqi təcrübə deyil, eyni zamanda vicdan, mərdlik və əxlaqi möhkəmlik tələb edir.

Prokurorluq əməkdaşları səs-küysüz, təmtəraqsız, lakin ən ağır yükü daşıyan insanlardır. Ədaləti qorumaq - onların həm peşəsi, həm də həyat fəlsəfəsidir.

Azərbaycanın dövlətçiliyinin formalaşdığı çətin dövrlərdən bu günədək prokurorluq orqanları cinayətkarlığa qarşı mübarizədə, ədalətin bərpasında, qanunun aliliyinin təminində şərəfli bir yol keçmişdir. Onların hər günkü fəaliyyəti - xalqın təhlükəsizliyinə, sabitliyinə, etibarına xidmət edir.
Ədalət günəş kimidir - doğmasa, dünya zülmətə bürünər. O günəşin doğması üçün isə prokurorluq əməkdaşları hər gün öz vicdanlarını rəhbər tutaraq keşiyə dayanırlar.

Prokurorluq mənim üçün sadəcə qanunun keşiyində duran dövlət qurumu deyil. O, həm də insanların qanunun gücünə olan inamının, haqsızlığa qarşı mübarizə gücünün simvoludur. Mən dəfələrlə şahid olmuşam ki, prokurorluq əməkdaşları ən çətin situasiyalarda belə qanunun tərəzisini qorumağa çalışırlar. Bəzən gecəsini gündüzünə qatan, ailəsini görməyə belə vaxt tapmayan prokurorluq işçilərinin zəhməti göz önündə olmur. Amma onların işi sayəsində cəmiyyətimiz daha təhlükəsiz, insanlarımız isə daha etibarlı yaşayır. Çünki qanunun olduğu yerdə ədalət var, ədalətin olduğu yerdə isə əmin-amanlıq və sabahımıza ümid dayanır.
Bu gün prokurorluq işçilərinin peşə bayramını qeyd etməklə biz təkcə bir peşəni deyil, haqqı və ədaləti bayram edirik.

Qanun bir tərəzi, prokuror isə onun ədalətli tərəzisidir. O tərəzinin azacıq əyilməsi bütün cəmiyyətin taleyinə toxuna bilər. Bu gün həmin məsuliyyətli tərəzini qoruyanların bayramıdır.
Bəli, prokurorluq bir məsuliyyətdir. Çünki prokurorluğun hər imzasında, hər qərarında, hər addımında yüzlərlə taleyin, yüzlərlə ümidin yükü var.

Ədalətin işığında yol gedən bütün prokurorluq əməkdaşlarını səmimi qəlbdən təbrik edir, onlara möhkəm iradə və xidmətlərində uğurlar arzulayırıq. Qoy qanunun səsi daim uca, ədalətin nuru daim parlaq olsun!

Gülər Mübariz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
4
olaylar.az

5Mənbələr