BAKI, TurkicWorld
"Rəqəmsal transformasiya və media" mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumu çərçivəsində Bakıya səfər edən Özbəkistanın Məktəbəqədər və Məktəb Təlimi Nazirliyinin İnformasiya Xidmətinin rəhbəri Dilfuza Sobirova ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində (MÜTDA) görüş keçirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə MÜTDA-nın direktor müavini Vəfa Yaqublu, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev və agentliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı iştirak ediblər.
Müzakirələr əsasən ictimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində əməkdaşlıq imkanlarına həsr olunub. Tərəflər təhsil sahəsində kommunikasiya fəaliyyətinin təşkilində qarşılıqlı təcrübə mübadiləsi, hədəf auditoriyasının düzgün məlumatlandırılması, yeni layihələrin reallaşdırılması və rəqəmsal transformasiya fonunda effektiv kommunikasiya mexanizmlərinin tətbiqi barədə fikir mübadiləsi aparıblar.
Azərbaycan təhsil sistemində həyata keçirilən yeniliklərlə tanış olan Dilfuza Sobirova öz növbəsində Özbəkistanın bu istiqamətdəki təcrübəsini bölüşüb və gələcək əməkdaşlıq üçün yeni imkanların olduğunu qeyd edib.
Səfər çərçivəsində qonaq Bakı Avropa Liseyində də olub, təhsil müəssisəsində yaradılmış müasir tədris mühiti ilə tanış olub.