İlon Mask: “Marsda yaşayıb ölə bilərəm – bu da Amerikadır”
Ajans.az xəbər verir ki,sahibkar X (əvvəlki Twitter) sosial media platformasında etdiyi paylaşımda ABŞ və Mars arasında simvolik bağlantı yaradıb. “Mənim indi və həmişəlik bir pasportum var: ABŞ. Mən burada yaşayıb öləcəyəm. Ya da Marsda (Amerikanın bir hissəsi),” – deyə Mask yazıb. Maskın bu paylaşımı onun Marsın hüquqi statusuna dair fikirlərini tam açıqlamasa da, planetin gələcəkdə ABŞ-ın təsir dairəsinə düşə biləcəyi ehtimalına işarə kimi qiymətləndirilir. Hal-hazırda beynəlxalq hüquqa görə Mars heç bir dövlətə məxsus deyil və planetlərin istifadəsi ilə bağlı BMT-nin 1967-ci il tarixli "Kosmos Müqaviləsi" buna açıq şəkildə qadağa qoyur. Mask uzun illərdir Marsa insan göndərməyi və orada daimi məskunlaşmanı özünün və SpaceX-in əsas məqsədlərindən biri kimi göstərir. Onun fikrincə, bəşəriyyətin uzunmüddətli gələcəyi üçün Yer kürəsindən kənarda həyatın qurulması vacibdir. Bu arada kosmik texnologiyalar sahəsində digər tərəflər də irəliləyiş nümayiş etdirirlər. Sentyabr ayında Rusiyanın dövlətə məxsus Keldış Tədqiqat Mərkəzi KM-50M və İD-750 adlı yüksək güclü plazma mühərriklərinin hazırlanmasını uğurla başa çatdırdığını elan edib. Bu mühərriklər Ay, Mars və Günəş Sistemindəki daha uzaq obyektlərə göndəriləcək missiyalarda istifadə oluna biləcək müasir nəqliyyat və enerji sistemlərinin əsas komponenti ola bilər. Hazırda həm ABŞ, həm də digər ölkələr kosmosda strateji üstünlük uğrunda mübarizəni gücləndirir. İlon Maskın Marsla bağlı iddialı vizyonu isə bu yarışın simvollarından birinə çevrilməkdədir.