Azərbaycanlılar Gürcüstanda sayca ikinci böyük etnik qrup olsa da, siyahılarda onlara qarşı açıq ayrı-seçkilik edildiyi, əvəzində isə erməni namizədlərin qeyri-mütənasib şəkildə çox təmsil olunduğu bildirilir.
Bu vəziyyət, Azərbaycanın Gürcüstana davamlı dəstəyi fonunda, Bakı tərəfindən təəssüflə qarşılanır və münasibətlərə mənfi təsir edə biləcəyi ehtimal olunur.
"Gürcü Arzusu"nun bu addımı düşünülmüş etnik diskriminasiya siyasətidirmi?
Azərbaycanlı əhalinin yaşadığı regionlarda namizəd siyahıları etnik gərginlik yarada bilərmi?
""Gürcü arzusu" əslində Gürcü xalqının arzusu deyil. Bu, Rusiyanın layihəsidir, özü də maskalanmış bir layihədir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, bir tərəfdən Kreml tərəfindən verilən təlimatlar icra olunur, digər tərəfdən isə elə bir görüntü yaradılır ki, guya "Gürcü arzusu" Rusiyayla ziddiyyətlər içərisindədir. Məsələn, Rusiyanın təmsil olunduğu qurumlarda iştirak etməmək və ya münasibətləri soyuq saxlamaq görüntüsü yaradılır. Amma əslində, məsələ göründüyü kimi deyil.
Siyasi şərhçinin sözlərinə görə, "Gürcü arzusu" Qərbpərəst hakimiyyətin dəyişdirilməsi ilə Rusiyanın istəyinə uyğun olaraq hakimiyyətə gəlmiş bir siyasi qurumdur. Son dövrlərdə isə Moskvanın təzyiqi ilə hakim "Gürcü arzusu" partiyası Qərbə inteqrasiya siyasətindən tədricən imtina edir və bunun üçün zəruri addımlar atır. Bu addımlar arasında insan azadlıqlarının məhdudlaşdırılması, Qərblə bağlı siyasi dairələrin fəaliyyətinə nəzarətin gücləndirilməsi kimi məsələlər də var.
Siyasi şərhçi qeyd edib ki, bütün bunlar onu göstərir ki, Gürcüstanda "oyun oynayan" bir hakimiyyət mövcuddur. Bir tərəfdən Azərbaycanla dostluqdan, strateji tərəfdaşlıqdan danışırlar, digər tərəfdən isə ölkədə azərbaycanlılara qarşı təzyiqi artıran addımlar atılır. Böyük ehtimalla, Gürcüstanda azərbaycanlılara qarşı baş verən bu son təzyiqlər də Rusiyanın sifarişi ilə həyata keçirilir. Moskva çalışır ki, Azərbaycana və azərbaycanlılara digər MDB ölkələrində də problemlər yaradılsın, münasibətlər gərginləşsin. Görünən odur ki, burada da eyni proses işə salınıb.
E. Xalidbəyli əlavə edib ki, hətta Azərbaycan hər istiqamətdə Gürcüstanı dəstəkləsə də, Tbilisinin Azərbaycanın maraqlarına uyğun olmayan addımlar atması, məhz Azərbaycan-Rusiya münasibətlərində gərginliyin artdığı dövrə təsadüf edir. Bu isə Gürcüstanın müəyyən mənada Rusiyanı dəstəklədiyini göstərir. Ukrayna məsələsində də rəsmi Tbilisi eyni ritorikaya üstünlük verir.
"Nəticə etibarilə, Gürcüstan Azərbaycana özünü dost kimi göstərən, amma hələ də səmimi dost ola bilməyən bir dövlətdir. Halbuki, Gürcüstanın dövlət büdcəsinin formalaşmasında Azərbaycanın nəqliyyat-kommunikasiya və enerji infrastrukturunun rolu çox böyükdür. Bundan əlavə, Azərbaycan lazım gəldikdə Gürcüstana daim dəstək verir. Bütün bunlara baxmayaraq, görünür ki, Gürcüstanda hakimiyyətdə olan "Gürcü arzusu" partiyası səmimi davranmır və Rusiyanın maraqlarını ifadə edən təlimatları icra etməyi üstün tutur", - deyə ekspert vurğulayıb.
Sevda Dəniz