AZ

Bakıda Beynəlxalq Kitab Sərgisi: Yollar, endirimlər və ümidlər...

ain.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Bu gündən Bakı Ekspo Mərkəzdə XI Beynəlxalq Kitab Sərgisinə start verilib.

Xəbəri öyrənən kimi mən də yola düzəlib, sərgidən yararlanmaq, eyni zamanda “Yeni Sabah” üçün reportaj yazmaq qərarına gəldim. 

Sərgi üçün Elmlər Akademiyası metrostansiyası, 28 May metrostansiyası və Koroğlu metrostansiyasından avtobuslar təyin olunduğu deyilsə də, avtobus tapa bilmədim. Daha doğrusu ətrafda soruşduğum polislər və vətəndaşlar təyinatın olmadığını bildirdilər. Hətta yaşlı taksi sürücüsü Mədəniyyət Nazirliyinin zəng edərək, avtobusların olmayacağını bildirdiklərini də söylədi. Özümü inanmış kimi göstərib, bir az da gözləmək qərarına gəldim. Nə fayda, nə avtobus var, nə də ki, gördüm deyən.  pizza hut

Çox vaxt itirməməkçün taksi ilə getmək qərarına gəldim. Sərginin keçirildiyi məkana daxil olanda ətrafdakı boşluq diqqətimdən yayınmadı. Qarşıma ilk çıxan yazıçı Kəramət Böyükçöl oldu. O, satışın az olduğundan gileylənsə də, vəziyyətə şükür etməyi də unutmadı. Eyni zamanda bildirdi ki, bizim insanların əsas maraq sahəsi dava-dalaş, şillə-təpik kimi mövzularadır. Maariflənmə məsələləri çox da maraq dairəmizdə deyil.

Yazıçıdan uzaqlaşaraq, sərginin gəzməyə başladım. Ümumi yazarların da sayı az idi. Rüstəm Behrudinin başına toplaşan hər kəs onunla fikir mübadiləsi aparırdı. Sərgidə demək olar ki, bütün nəşriyyatlar iştirak edirdi. Əsas diqqətimi çəkən məqam isə uşaq ədəbiyyatının çoxluğu oldu. Demək olar ki, hər nəşriyyatın stendlərində uşaqlara aid kitablara yer verilmişdi. Lakin uşaqlara aid kitabları demək olar ki, alan yox idi. Nəşriyyatların təmsilçiləri ilə söhbət zamanı məlum oldu ki, qiymətlər münasib olsa da, alıcı sayı yoxdur. Səbəb olaraq isə həftə sonunun olmaması ehtimalı irəli sürüldü. 

Diqqətim çəkən əsas məqamlardan biri də hər stendə təklif olunan xüsusi endirimlər idi. Endirimlər 15 faizdən 70 faizə qədər tətbiq olunurdu. Təxminən 10 manata olan kitabın qiyməti hardasa 1.50, 2 manat aralığında təklif olunurdu. 

Gəzdikcə gözümə Türk dünyası dövlətləri, dünya ölkələri və Azərbaycan universitetlərinin ayrı-ayrı stendləri dəyirdi. Hər bir ölkə nümayəndələri öz vətəninə aid olan mədəniyyət nümunələrinin təqdimatını edirdi. Onların yanında xüsusi tərcüməçilər də əyləşmişdi və bu da sərgiyə gələnlərlə təmsilçilər arasında ünsiyyətin formalaşmasına dəstək göstərirdi. Hətta həmyerlimizdən biri Venesuela vətəndaşlarına atasının orada olduğu zaman bəyəndiyi qadının adını öz pişiyinə verməsindən danışırdı. 

Hər stendin təmsilçisi yaxınlaşan vətəndaşlara satılan məhsullar haqqında məlumatlar verirdi. Adı Beynəlxalq Kitab Sərgisi olsa da, burada tək kitab deyil, müxtəlif aksesuarlar, suvenerlər, oyuncaqlar və milli mədəniyyət nümunələri vətəndaşlara təqdim edilirdi. 

Sərgidə Azərbaycan Milli Xalçaçılıq Mərkəzinə aid əl işləri də nümayiş olunurdu. 

Əsas diqqətimi çəkən məqam isə ərəblər idi. Hara baxsan qarşında ərəb görə bilərdin.

"İZƏ" Nəşriyyatı öz stendində xüsusi hədiyyə çarxı da yerləşdirmişdi. Çarxı çevirərək, fürsətlərdən yararlanmaq mümkün idi. 

Əsas diqqətimi çəkən isə "Park" nəşriyyatının stenti oldu. Gənc yazarlarımızın və şairlərimizin  demək olar ki, hamısı burada toplanmışdı. Şəhriyar del Gerani, Aqşin Yenisey, Orxan Saffari, Ömər Xəyyam, Vüqar Van və digərləri.

Müəlliflərin isə hər biri oxucu azlığından şikayətlənirdi. İnsanları oxumağa cəlb etmək üçün edilən bütün təkliflərin mənasız olmasından gileylənirdilər. Yenə də əsas ümidləri həftə sonuna idi. Oturmağa yer olmadığı üçün ayaq üstə qalmasından şikayətlənənlər də az deyildi. Stendlərin çoxunda isə demək olar ki, adam yox idi. 

Evə qayıdanda taksi sifariş etməyi düşünsəm də, avtobusların fəaliyyət göstərdiyini gördüm. Deyilənlərə görə hər saatın tamamında hərəkətə başlayırlar.

Bəyəndiyim əsas məqam endirimlərlə bağlı idi. Düşünürəm ki, kitablar münasib qiymətə oxuculara təqdim edilirdi. Ən yaxşı məqamlardan biri də qeyd etdiyim kimi uşaq ədəbiyyatının çoxluğu idi. Ətrafda bir az səliqəsizlik olsa da, digər illərə nisbətən təşkilatçılıq yaxşı idi. Ümumilikdə isə satıcılar üçün vəziyyət o qədər də qənaətbəxş deyildi. Ümid edək, düzələr...

Aydan Hacıbalazadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
yenisabah.az

2Mənbələr